Qadin.NET / Övladlarını təkbaşına böyüdən analar və ya...

Övladlarını təkbaşına böyüdən analar və ya...

Hamının dünəni özünə məlumdur. Lakin sabah başımıza nələr gələcək heç birimiz bilmirik. Xəyal edib, planlarını qurduğu gələcək hər kəsə nəsib olmur. Bu gün böyük ümidlərlə birlikdə yola çıxdığımız insanları itirə bilərik. Bir anda, həyatın tam ortasında tamamilə tək-tənha olduğumuzu görə bilərik. Qismətə uyğun olaraq hərəmiz bir fərqli həyat yaşayırıq. Məsələn, ailədə tərəflərin biri gənc yaşda qəfil vəfat edir. Həm sevdiyini, həm də ömür-gün yoldaşını, həyatdakı dayağını itirən insan bundan sonrakı yoluna tək başına davam etməli olur. Artıq hər işin öhdəsindən özü gəlməli, uşaqlarını tək başına tərbiyə etməlidir. Qohumlar, dostlar nə qədər dəstək olsa da, yenə ən ağır iş insanın öz üzərinə düşür - tənha keçən bir ömür. 

“Onunla yaşadığımız xoşbəxt günlərə dəyərdi”
Həyat yoldaşını itirən insanlar onun kədərini yaşamaqla yanaşı, sonrakı taleyi ilə bağlı daha çox sarsıntı keçirirlər. Qarşılarında iki yol olur: ya sonrakı həyatlarını istədikləri kimi quracaqlar, ya da fədakarlıq edib, həyatlarını övladlarına həsr edəcəklər. Adının çəkilməsini istəməyən müsahibim fədakarlıq edərək, ikinci həyat yolunu seçənlərdəndir. Gəlin onu şərti olaraq Arzu Əhmədova adlandıraq. Həyat yoldaşı vəfat etdikdən sonra Arzu xanımla qalan iki azyaşlı körpəsi, bir də keçməkeşli həyatla mübarizə aparmaq olub.
“Həyat yoldaşım vəfat etdikdən sonra mənim üçün çox çətin idi. İki azyaşlı körpəm var idi və yoldaşımın ailəsi tərəfindən qəbul olunmayan bir gəlin idim. Mən şəhərdə böyümüşdüm. Kənd həyatına uyğunlaşa bilmərəm deyə, istəmirdilər biz ailə quraq. Ona görə də, yoldaşımın vəfatından sonra hər kəs o evdən gedəcəyimi düşünürdü. Lakin mən getmədim. Düşündüm ki, bura onların ata yurdudur, iki övladımı da elə bu kənddə böyütməliyəm. Oxumalıdırlar ki, gələcəkləri olsun. Çətin idi, çox çətin. Doğrudur, qohumlar çox dəstək oldular, həm maddi, həm də mənəvi. Lakin kənardan nə qədər kömək olunsa da, heç kəs övladına ata, sənə ömür yoldaşı ola bilməz. İndi uşaqlarım böyüyüblər. Lakin mənim ixtiyarım özümdə deyil. Bacı-qardaşımdan uzaqda yaşayıram. İstədiyim vaxt onların yanına gedə bilmirəm. Ancaq ailənin böyükləri icazə verdikdən sonra gedə bilirəm. O da, əgər icazə verərlərsə”, deyən Arzu xanım bu həyatı yaşadığı üçün heç vaxt peşman olmadığını bildirdi: “Həmin vaxtlar cavan idim ailə həyatı qura bilərdim. Ancaq bunu eləmədim. Oğlumu fikirləşdim. Dedim, o böyüyəndə başı aşağı olmasın. İstəmədim insanlar onun arxasınca “anası ərə getdi” desinlər. Düzdür, burda qəbahət heç nə yoxdur. Bir qadının ikinci dəfə ailə qurması ayıb deyil. Ancaq mən bu addımı atmadım. Həm də həyat yoldaşımı çox sevirdim. Onun vəfatından sonra çox çətin günlər yaşasam da, heç vaxt peşman olmadım. Onunla yaşadığımız xoşbəxt günlərə dəyərdi”. 
“Yenidən ailə qurmaq xoşagəlməz şayiələrdən sığortalayır”
Həyat yoldaşı vəfat etdikdən sonra ailə yükünü tək başına çəkmək, həm kişi, həm də qadına aid olan işləri bir növ öz çiyinlərinə alan qadınlar üçün həyat ikiqat çətinləşir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ikinci dəfə ailə qurulmasının dinimizə görə də uyğun olduğunu bildirdi: “Ailə həyatının qurulması dinimizdə də uyğun görülən bir haldır. Bu istər ilk evlilik olsun, istərsə də ikincisi, İslama görə məqbul sayılır. Şübhəsiz ki, müəyyən şərtlər daxilində. Çünki ailə qurulmadığı təqdirdə ailə yükünü daşımaq həyat yoldaşını itirmiş şəxs üçün çətinləşir. İnsan düşüncələrini, dərdini və hisslərini paylaşa biləcəyi bir insana ehtiyac hiss edir. Əks təqdirdə cəmiyyətdə xoşagəlməyən hallar yaşanır. Bəzən həyat yoldaşı vəfat edən xanım və ya bəylər haqqında doğru olmayan fikirlər səsləndirilir, şayiələr yayılır. Düşünürəm ki, bu cür hallardan sığortalanmaq üçün hüzurlu bir ailənin qurulması yaxşı olardı”. Elnur Rüstəmov onu da qeyd etdi ki, evlilik həyatına addım atan xanımların ilk qarşılaşdıqları problem uşaqların reaksiyası olur: “İkinci dəfə ailə həyatı qurmaq istəyən qadınlar ən çox uşaqlarının sərt reaksiyası ilə qarşılaşırlar. Uşaqların yeni ataya uyğunlaşa bilməməsi və ya atanın ailəyə uyğunlaşmaqda problem yaşaması halları baş verir. Bu zaman ailə bu sahə üzrə mütəxəssislərdən yardım ala bilər. Həm ilahiyyatçı, həm sosioloq, həm də psixoloq dəstəyi ilə yaranan problemləri aradan qaldırmaq mümkündür”. 
“Cəmiyyətin ikinci dəfə evlənən xanımlara münasibətində də dəyişiklik var”
Təxminən 10 il bundan əvvəl nişanlı olub ayrılan xanımlarla az hallarda ailə həyatı qurulduğunu deyən psixoloq E. Rüstəmov hazırda cəmiyyətin bu mövzuya baxışının dəyişdiyini dedi: “Əvvəllər cəmiyyət ikinci dəfə ailə quran xanımlara xoş baxmırdı. Lakin indi bu bariyer müəyyən qədər aşılıb. Əvvəllər nişanlı olub ayrılmış qızla ailə həyatı qurulmurdu. Amma artıq ikinci dəfə evliliyə də normal baxılır. Hazırda cəmiyyətin də bu yöndə münasibətinin müəyyən qədər yumşaldığını müşahidə etmək mümkündür”.
“Bizim cəmiyyətdə etno (milli) psixologiyadan qaynaqlanan məqamlar var. Belə ki, xanımın əri vəfat etdikdən sonra onun qardaşı və ya xanımın qardaşı, atası həmin ailənin maddi ehtiyaclarını qarşılamaq üçün dəstək olurlar. Həmin xanım üçün ailə dəyərləri önəmlidirsə, ona bu düşüncə aşılanıbsa, bu zaman o ikinci dəfə ailə həyatı qurmaqdan imtina edir və bundan sonrakı həyatını övladlarının tərbiyəsinə və onları böyütməyə həsr edir. Lakin bu gün elə ailələr var ki, həyat yoldaşı vəfat etdikdən sonra mərhumun qardaşları, atası onun ailəsindən imtina edir. Onlara heç bir maddi və ya mənəvi dəstək olunmur. Hətta, bəzən mülk tələb edənlər də olur”. Elnur Rüstəmov belə hallarda xanımın sağlam düşüncəli bir insanla ailə qurub, həyatını davam etdirməsini məqsədəuyğun hesab etdi.
Bəli, talelər fərqli olduğu kimi düşüncələr də fərqlidir. Həyat da sizindir, yol da sizin, qərar da sizin!
Mənbə: Milli.Az
18 mart 2014
GO BACK