Qadin.NET / Zəriflərimizin zəif cəhəti...

Zəriflərimizin zəif cəhəti...

Hər qadının arzusu gözəl olmaqdır. Son illərdə ölkəmizdə də gözəl qadın olmağın stereotipləri müəyyənləşdirilib. Ümumi fikir ondan ibarətdir ki, müasir qadın gözəl, təravətli, enerjili, tərzli olmalıdır. Bunların çoxuna o, özü nail ola bilər. Lakin bəzən profesionallara müraciət etmək zərurəti də ortaya çıxır. Salona getməyən qadınları isə baxımsız adlandırmaq olmaz. Hər kəs öz zövqünə və qabiliyyətinə görə qərarını verir, seçimini edir. 

Stilist-vizajist Elnur Əsədov bizimlə söhbətində dedi ki, qadınların, adətən, gözəllik salonlarına getmələrinin birinci səbəbi görünüşlərinə enerji qatmaq istəmələridir: “Fransızlar hesab edirlər ki, hər bir qadın şarma və stilə sahib olmalıdır. Bunun üçün gözəllik mərkəzlərinə müraciət edənlər də az deyil. Bəzi xanımlar fərqli görünmək, daxili dünyalarını motivasiya etmək, gündəlik baxım və dincəlmək, tədbirlərdə iştiraka hazırlaşmaq üçün gözəllik salonlarına müraciət edirlər”.
“Gənclik dövründə qadınlar özlərindən daha çox əmin olurlar”
“Gənclik özü gözəllikdir. Gənclik dövründə qadınlar özlərindən daha çox əmin olur, təbii gözəlliyə daha çox üstünlük verirlər. Təbii saç rəngləri, uzun saçlar gənclərin əksəriyyətinin seçimidir. Buna baxmayaraq, gözəllik mərkəzlərinə bütün yaşda xanımlar müraciət edirlər”,-deyə qeyd edən stilist-vizajist müştərilərinin 50%-nin gənclər olduğunu söylədi.
“İş həyatında gözəl görünmək savadlı olmaq qədər vacibdir”, deyir müsahibimiz. Onun sözlərinə görə, saçın boyanması, formasının dəyişdirilməsi ilə bağlı gözəllik salonlarına 20-40 yaş arasında xanımlar, tələbələr, işgüzar xanımlar, incəsənət nümayəndələri daha tez-tez müraciət edirlər.
Yaşı 50-dən yuxarı olan qadınların gözəllik salonlarına çox getməmələrinin səbəbini açıqlayan müsahibimiz: “Bu yaş dövrünün xanımları bir ayda bir dəfə və ya iki ayda bir dəfə müraciət edirlər. Onlar üçün vizaj o qədər əhəmiyyətli deyil. Saç kəsimi, manikur, pedikür ilə kifayətlənirlər”.
Depressiyada olarkən saçınızı kəsdirməyin!
Stilist-vizajist E. Əsədov qadınların daha çox depressiyada olarkən gözəllik mərkəzlərinə müraciət etdiklərini dedi: “Bir çox qadınlar çıxılmaz vəziyyətdə olanda, hirslənəndə, özlərini pis hiss edəndə, narahatlıq keçirəndə, özlərini bədbəxt hiss edəndə, qərar vermək lazım gələndə saçlarını kəsdirirlər. Lakin bu addımlarının nəticəsindən hər zaman razı qalmırlar. Qadınların əksəriyyəti bunu etdikdən sonra peşman olurlar. Qadınların yalnız 20-30%-i görünüşündə dəyişiklik edəndə rahatlıq tapırlar”.
Son vaxtlar gözəllik salonlarının sayı ölkəmizin demək olar hər bölgəsində artır. Bu isə ondan xəbər verir ki, bu sahəyə gəlirli sahə kimi baxanlar az deyil. Lakin E. Əsədov bu fikirlə o qədər də razı deyil. Onun fikrincə, hər kəs bu sahədə kifayət qədər pul qazanır düşüncəsində olmaq doğru deyil. Belə ki, professionallıq və ustanın tanınması gəlirin həcmini müəyyənləşdirir.
Elə xanımlar da var ki, ya maddi vəziyyətin qənaətbəxş olmaması səbəbindən, ya da vaxt azlığından gözəllik salonlarına gedə bilmirlər. Belə xanımlara məsləhət verən stilist, saçları evdə də peşəkarcasına rəngləməyin, formaya salmağın mümkün olduğunu söylədi: “Müasir texniki vasitələr buna imkan verir”.
Bəs maddi vəziyyəti qənaətbəxş olan xanımlar gözəllik salonlarında nə qədər pul xərcləyirlər? Müsahibimizin sözlərinə görə, ziyafət, toy, xüsusi günlərdə qiymətlər 70-100 manat, sadə baxım qiymətləri isə nisbətən az - 40-50 manat arasında dəyişir.
Etiraf edək ki, cəmiyyətimizdə kişilərin bu işlə məşğul olmalarına münasibət birmənalı deyil. Lakin biz razılaşsaq da, razılaşmasaq da bu bir reallıqdır ki, kişi vizajistlərin sayı günbəgün artır. Hətta deyərdik ki, onların bir çoxunun müştərisi xanım həmkarlarından daha çoxdur. Bəlkə də xanımlar həmsöhbətimizin cavabı ilə razılaşmayacaqlar, amma bununla bağlı sualımıza Elnur Əsədovun cavabı belə oldu: “Mənim fikrimcə, bir çox xanımlar bu sahədə sadəcə “təki iş olsun” prinsipi ilə işləyirlər. Kişilər isə öz fantaziyalarını ortaya qoyurlar. Beyinlərinin məhsulunu tətbiq edir, yenilik axtarışında olmaqla yanaşı, qadınların gözəl görünməsi üçün səylərini əsirgəmirlər”.
Kosmetoloqu seçərkən seçici olun!
Gözəllik salonlarında kosmetoloji fəaliyyət göstərən kosmetoloqların da sayı artıb. Bir çoxları bu işə bir qədər adi yanaşır. Amma kosmetoloq xidməti çox ciddi bir işdir. Ən azı ona görə ki, kiçik bir diqqətsizlik dərinin zədələnməsi ilə nəticələnə bilər. Bəs kosmetoloqların professionallığını necə müəyyənləşdirmək olar? Stilist-vizajist: “Mən vətəndaşlara həkim kosmetoloqlara müraciət etməyi məsləhət görürəm. Diplomları ilə, peşə fəaliyyəti ilə dəqiq tanışlıqdan sonra onlara etibar etsinlər. Professionalları seçməyin hər zaman vacib olduğunu bilmək lazımdır. Çünki edilən hər hansı xəta üzdə, dəridə qalıcı zədələr yarada bilər və müalicəsi illərlə vaxt aparan xəstəliklərə yoluxma ola bilər. Odur ki, bu məsələdə maksimum diqqətli olmağı məsləhət görərdim. Hər yoldan keçənə etibar etmək olmaz.
Mənbə: Milli.Az
15 mart 2014
GO BACK