Qadin.NET / WhatsApp-la bağlı sirr açıldı

WhatsApp-la bağlı sirr açıldı

Milli.Az ICTnews-a istinadən bildirir ki, Qeyts "Rolling Stone" jurnalına geniş müsahibə verib. Əgər texnologiya sahəsini əsas götürsək, Qeyts deyib ki, son zamanlar Facebook xeyli sayda satınalma həyata keçirib. Onun fikrincə, Facebook-un WhatsApp messenceri üçün ödədiyi məbləğ həddindən artıq çoxdur. Microsoftun həmtəsisçisi deyib ki, Mark Zukerberqin yerinə qərar versəydi, o zaman bu satınalma üçün 19 milyard ödəməzdi.
Eyni zamanda Bill Qeyts düşünür ki, Facebook-un belə böyük məbləğ ödəməsinə  səbəb istifadəçilərdir. Son 1 il yarımda Facebook-da istifadəçilərin artım tempi, demək olar ki, sıfıra bərabərdir: sosial şəbəkənin auditoriyası 1,1-1,2 milyard təşkil edir. Hərçənd ki 2012-ci ildə Zukerberq sosial şəbəkənin auditoriyasının 2 milyardı ötəcəyini demişdi. Aydındır ki, Microsoft üçün ən qiymətli resurs Windows, Google üçün internetdə axtarış sistemi, Facebook üçün isə onun istifadəçiləridir.
"Bu satınalma ondan xəbər verir ki, Facebook üçün istifadəçi bazası xüsusi əhəmiyyət kəsb edir və şirkət onun artması üçün əlindən gələn hər şeyi edəcək. Microsoft, həmçinin WhatsAppı satın almaq istəyirdi. Sonuncu çox qiymətli resursdur, lakin əmin deyiləm ki, biz ona 19 milyard dollar ödəyərdik", – Qeyts deyib.
Qeyts indiki Google-u 90-cı illərdəki Microsoftla müqayisə edib. Onun sözlərinə görə, Google hazırda həyata keçirilməsi uzun illər çəkəcək uzunmüddətli layihələr üçün böyük vəsait xərcləyir. "Vəsaitiniz çox olduğu halda bu, sizə sonu olmayan layihələrlə işləməyə imkan verir. Microsoft 90-cı illərdə bu vəziyyəti yaşayıb. Bizim böyük interaktiv televiziyamız, rəqəmli pul cüzdanı üzərində işləmiş heyətimiz var idi. Bütün bunlar öz zamanını qabaqlamışdı və o an çox tələbat yox idi. Lakin vəsaitimiz çox olduğundan, biz bunlara yol verirdik" – o deyib.
Mənbə: Milli.Az
15 mart 2014
GO BACK