Qadin.NET / Orqanlarınızın ehtiyacı olanlara bağışlanmasını vəsiyyət edərdinizmi?

Orqanlarınızın ehtiyacı olanlara bağışlanmasını vəsiyyət edərdinizmi?

 

Bir müddət öncə millət vəkili Qənirə Paşayeva orqanlarının bağışlanması ilə bağlı vəsiyyətnamə yazmışdı. Deputat bildirmişdi ki, bu addımı atmaqla biz həyata yenidən dönə bilmədiyimiz zaman başqa birinin yaşamağa davam etməsinə kömək etmiş olarıq: “Məsələn, həyatı dializ aparatına bağlı olaraq yaşayan bir böyrək xəstəsinin heç bir ölüyə qəbirdə lazım olmayacaq böyrəklərlə həyata dönməsinə kömək edə bilərik”.Deputat artıq bununla bağlı yazdığı vəsiyyətnaməsini təsdiqlədiyini də bildirmişdi: “Bu gün vəsiyyətnamə yazdım və bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olaraq köçürüləcək insanlara. Bu, mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq”. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıya görə, Azərbaycanda ürək, ağciyər, ürək-ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya edilə bilər.

 

 “İstifadə etməyə icazə versələr, donorun tapılması problemi həll olunar”
 Respublika Diaqnostika Mərkəzinin baş oftalmoloqu Xəlil Hüseynov isə bu günlərdə Azərbaycanda gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılmasının zəruriliyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda buynuz qişasının transplantasiyasının aparılmasına icazə verilsə də, Göz Bankı yoxdur. X. Hüseynovun dediyinə görə, Azərbaycanda dünyasını dəyişən insanlardan orqan götürülməsi təcrübəsi olmasa da, İslam Respublikası olan İranda bu tərcübə artıq çoxdan tətbiq edilir. Baş oftalmoloq hesab edir ki, Azərbaycanda da dünyasını dəyişən insanların yaxınları ölmüş şəxsin orqanlarından tranplantalogiya məqsədilə istifadə etməyə icazə versələr, donorun tapılması problemi həll olunar: “Əvvəllər bütün buynuz qişası digər insana köçürüldüyü halda, artıq indi bir buynuz qişa 2 nəfər üçün istifadə edilə bilər: “Əgər biz hər buynuz qişanı 2 nəfərin arasında bölüşdürə bilsək, bu, çox önəmli məsələ olar. Çünki buynuz qışanı tapmaq asan deyil”.
Cəmiyyətimizdə bu barədə nə düşünürlər?
 Bəs cəmiyyətimizdə bu məsələyə münasibət necədir? İnsanlar bu barədə nə düşünürlər? Mövzu ilə bağlı müxtəlif şəxslərə müraciət etdik.Sualımız belə oldu; vəfat etdikdən sonra orqanlarının ehtiyacı olanlara bağışlanmasını vəsiyyət edənlərə münasibətiniz necədir? Yəni siz vəfat etdikdən sonra öz orqanlarınızın ehtiyacı olanlara bağışlanmasına razı olardınızmı?Tarix müəllimi Muxtar Əlizadə: “Azərbaycanda bu məsləyə münasibət birmənalı deyil. Nəinki orqan vermək, hətta qəza və ya öldürülmə zamanı, ölü sahibləri imkan vermir ki, ekspertlər cəsədi yarsın və araşdırma aparsınlar. Ölünün yarılmaması üçün bütün vasitələrdən istifadə edilir. Bunun əsas səbəbi odur ki, insanlar bunu təhqir kimi anlayır və heç kim ölüsünün “incidilməsini” istəmir. Hətta bir insan ölümündən qabaq bu barədə vəsiyyət etsə belə, onun varisləri bununla razılaşmırlar. Çünki orqanın bağışlanılması məsələsi cəmiyyət üçün yenidir və bunun adiləşməsi üçün vaxta ehtiyac var. Məsələyə bu cür yanaşma tədricən aradan qalxacaq və donorların sayı artacaq. Bu sahədə insanların maarifləndirilməsinə ehtiyac var. Müqəddəs kitabımız olan Quranın “Bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək deməkdir, bir insana həyat vermək bütün bəşəriyyətə həyat vermək deməkdir” ayəsini əsas götürsək, dinimizin bu məsələyə münasibətini müəyyənləşdirmək o qədər də çətin deyil. İldən-ilə donorların sayının artması üçün insanların maarifləndirilməsinə ehtiyac var. Mən də öləndən sonra orqanlarımın ehtiyacı olanlara verilməsinə razıyam”.Aktyor Rza Rzayev: “Orqanlarımı ancaq əzizlərimə və hörmət etdiyim insanlara bağışlayaram - kimlərin ki, ürəyimdə yeri var. Başqalarının həyatını zəhər edənlərə orqan bağışlamaram. Başqa düşüncə ilə, onların həyat tərzi ilə orqanlarım “işləməz”. Ləyaqətli insanın ürəyi ləyaqətsiz adamın ürəyinin yerinə necə döyünə bilər ki?!!”“Cihan” Xəbər Agentliyinin əməkdaşı İlkin Əmirov: “Təbii ki, hansısa bir insan əgər mənim orqanımla yaşayarsa, ruhum şad olar. Ən azından bilərəm ki, öləndən sonra mənim arxamca heç olmasa, bir nəfər dua oxuyar, ailəsi dua edər. Amma bilinməsini istəmərəm, yəni reklam olunmasın”.Bakı şəhəri, Nəsimi bələdiyyəsinin üzvü Mayis Musayev: “Transplantologiya təcrübəsi dünyanın bütün ölkələrində mövcuddur. Sevindici haldır ki, bu gün ölkəmizin bir çox aparıcı səhiyyə müəssisələrində bu əməliyyatların həyata keçirilməsi mümkündür. Təbii ki, bu əməliyyatların icrası ilk növbədə, uyğun donorun tapılmasını zəruri edir. Ölüm ayağında olan bir xəstənin həyata qaytarılmasına vasitəçi olmaq, fikrimcə, həm dünya həyatı üçün, həm də axirət həyatı üçün əhəmiyyətlidir. Bu canı bizə Allah əmanət olaraq verib, bizi bu dünyaya göndərib. Əmanəti həyatımızın sonuna qədər qorumaq, ona sahib çıxmaq bizim borcumuzdur. Öldükdən sonra bizim üçün artıq heç bir həyati əhəmiyyət daşımayacaq orqanlarımız, kimin və ya kimlərinsə özünə həyat, ailəsinə sevinc səbəbi olacaqsa, həmin şəxsin cəmiyyətə yararlı bir fərd, dövlətimizə yararlı bir vətəndaş kimi həyatını davam etdirməsinə rəvac verəcəksə, mənim bütün orqanlarım ehtiyacı olan həmin insanlara qurban olsun!”“Xəzər” nəşriyyatının əməkdaşı Sadiq Umarov: “Gözəl mövzudur. Türklər bir film çəkiblər, bəlkə də, baxmısınız - “Nəfəs”. Həmin filmdə əsgərlərə könüllü olaraq ərizə yazdırırlar ki, öləndən sonra orqanlarımızı bağışlayırıq. Hələ o filmə baxanda ağlımda belə bir fikir yarandı; görəsən, mən də orqanlarımı bağışlaya bilərəmmi? Bir az araşdırdım. Dinimiz də bu məsələni caiz görür. Ona görə də, qərara gəldim ki, yaxınlarıma vəsiyyət edim ki, mən öləndə orqanlarımı ehtiyacı olanlara nəql etsinlər. Fikrimi yoldaşımla da paylaşdım. O da dedi ki, əgər mən səndən əvvəl ölsəm, onda sən də mənim orqanlarımı bağışlayarsan. Öz aramızda razılaşdıq. Nə vaxtsa, dövlət tərəfindən belə bir şey qanuni şəkildə edilsə, bağışlanmasına razı olaram”.Jurnalist İsrail Əliyev: “Çox gözəl qarşılayıram və başda Qənirə xanım olmaqla səbəbkarları alqışlayıram. Orqanlarımın ehtiyacı olan adama veriləcəyindən əmin olsam, təbii ki, razı olaram. İndiki dövrdə pulsuz verdiyimiz qan sahibinə pulla satılır. Onun üçün tam güvənəcəyimiz sistem mexanizmasının olması lazımdır”.“Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva: “Təbii ki, mən də bunun tərəfindəyəm ki, ölən insanın orqanlarından istifadə olunsun. Tam səmimi - mən də istəyərəm ki, öldükdən sonra orqanlarım torpaqda çürüməkdənsə, bir işə yarasın. Təsəvvür edin ki, insan ölür, amma onun hansısa bir orqanı başqa insanın yaşamasına şans verir. Öləndən sonra sənin orqanının kiməsə həyat verəcəyini düşünməkdən gözəl nə ola bilər? Məncə, çox adam könüllü şəkildə orqanının öldükdən sonra götürülməsinə razılıq verər. Elə bir mərkəz yaradılsa, mənə də deyin”.“Ayna-Zerkalo” qəzetinin parlament müxbiri Xaqani Səfəroğlu: “Bu suala heç bir cavabım yoxdur. İnanclı insanlar üçün cisim Allahın onlara müvəqqəti verdiyi əmanətdir. Odur ki, belə təkliflə bağlı nəsə demək mənə çətindir”.Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas: “Bu, çox qəribə sualdır. Amma məntiqəuyğun və xeyirxah işdə belə addım atmaq üçün geniş düşüncəli bir insan olmaq lazımdır. Əgər mənim orqanlarım yaşayan bir insanla yaşayacaqsa, niyə də verməyim ki?! Gözüm başqa birinin vasitəsilə həyata baxacaqsa, niyə də olmasın?! Üstəlik, bu iş xeyirxahlıq məqsədi daşıyır. Mən ölümümdən sonra orqanlarımın başqa insanlarda yaşaması üçün şad olaram”.Karatenin VKC növü üzrə dünya və Avropa çempionu Nərmin Camalzadə: “Bir insanın bu orqanlara ehtiyacı varsa, niyə də verməyim?!”
Mənbə: Milli.Az
14 mart 2014
GO BACK