
Elm və texnologiyanın sürətli inkişafı hər bir sahəyə olduğu kimi, təhsilə də öz təsirini göstərir. Dərs vəsaitləri, proqramları günün tələblərinə cavab verməsi üçün daha da təkmilləşdirilir. 10 il bundan əvvəllə müqayisədə müasir məktəblilərin dərs yükü daha da ağırlaşıb. Bəzi valideynlər övladlarının dərslərdən geri qalmaması üçün həddindən artıq tələbkarlıq nümayiş etdirirlər. Bu isə xeyirdən çox, zərərə səbəb olur. Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, məktəbə hazırlıq dövrü, ibtidai sinifdə oxuyan uşaqlar valideynləri rəhbər deyil, öz dostu olaraq görməlidirlər: “Həll edə bildiyi tapşırıqlara görə uşaqların mükafatlandırılması onda özünəinam hissini artırır. Bu, kiçik rəsmlər, alqış, gülümsəmə və s. ola bilər”. Psixoloq qeyd etdi ki, uşaqların təhsilli və savadlı olmağını istəyən valideynlərin əksəriyyəti övladlarını başqaları ilə müqayisə edirlər. Bu da uşağın psixologiyasına mənfi təsir edir. G. Məmmədova, başqa bir həmyaşıdı ilə müqayisə edilməyin uşaqda özünəinam hissini zəiflətdiyini bildirdi.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev valideynlərin evdə müəllimlik etmələrinə ehtiyac olmadığını bildirdi: “Valideyn evdə müəllim rolunu oynamamalıdır. Valideyn, sadəcə, övladının gündəlik məşğələ, istirahət, yemək rejiminə nəzarət etməlidir”. Ə. Ağayev mövcud dərslik kitablarının çox çətin və mürəkkəb hazırlandığını qeyd etdi: “Dərsliklər yenidən hazırlanmalıdır. Elə hazırlanmalıdır ki, müəllim dərsi məktəbdə keçib, bitirə bilsin. Evə dərs qalmasın”.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin müşaviri Nazim Əkbərov uşaqlara müəllimlər tərəfindən verilən ev tapşırıqlarının həllində valideynin də iştirakının vacib olduğunu bildirdi. Onun sözlərinə görə, bəzi valideynlər bu məsələyə laqeyd yanaşırlar: “Valideyn şagirdlərə dərslərində kömək etməlidirlər dedikdə, ev tapşırıqlarını həll etməlidir demək deyil. Kömək göstərmək dedikdə, ona şərait yaratmaq, istiqamət göstərmək başa düşülməlidir”. N. Əkbərov uşaqların gün ərzində asudə vaxtlarının düzgün dəyərləndirilməsinin əhəmiyyətini bildirdi: “Valideyn bu məsələdə uşağa kömək etməlidir. Dərsdən gələn kimi kitabın arxasına oturdulması uşaqda dərslərə, məktəbə, müəllimə nifrət hissi oyadır”.
“Başqaları ilə müqayisə edilmək uşaqda özünəinam hissini zəiflədir”
Müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı şagirdlərin dərsə hazırlığında müsbət təsirləri olduğu kimi mənfi cəhətləri ilə də diqqət cəlb edir. Mobil telefonların, kompyuterlərin və yeni texnologiya bazarını ağuşuna alan planşet, kompyuter oyunları uşaqların diqqətini özünə daha çox cəlb edir. Dərs hazırlığı saatlarında belə bu texniki qurğular öz funksiyasını yerinə yetirir. Bundan başqa uşaqların diqqət dağınıqlığı dərs keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Evdə dərs hazırlığı üçün münbit şəraitin olmaması da bu prosesə öz mənfi təsirlərini göstərir. Səmərəli dərs hazırlamağa necə nail olmalı? Uşağın dərsə diqqətini artırmaq üçün valideynlər nələrə diqqət etməlidirlər?
“Uşaqlar valideynləri rəhbər deyil, öz dostu olaraq görməlidirlər”Mütəxəssilərin rəyinə görə, bu problemin həllini tapmaq və bu mövzuda övladınıza kömək etmək üçün bu sahədə fəaliyyət göstərən pedaqoq, nevroloq və psixoloqlarla əlaqə saxlamaqla mümkündür. Uşağın problem yaşadığı sahələri bilməklə ona daha çox kömək etmək olar. Psixoloq Gülər Məmmədova valideynləri övladlarına qarşı diqqətli olmağı tövsiyə etdi: “Valideynlər uşaqlara qarşı səbirli, təmkinli davranaraq, ev tapşırıqlarını hazırlamaqda yardım etməklə onların dərs qavrama sürətini artıra bilərlər. Uşaqların öyrənmə texnikası, xasiyyəti, düşünmə qabiliyyəti və zehni fəaliyyəti müxtəlifdir. Hər uşağa onun bu xüsusiyyətlərini nəzərə alaraq yanaşmaq lazımdır. Verilən tapşırıqların yerinə yetirilməsi kiçik yaşlardan başlanır”. G. Məmmədovanın sözlərinə görə, məktəbə hazırlıq dövrü, ibtidai sinifdə oxuyan uşaqlar valideynləri rəhbər deyil, öz dostu olaraq görməlidirlər: “Həll edə bildiyi tapşırıqlara görə, uşaqların mükafatlandırılması onda özünəinam hissini artırır. Təhsil qanununda da yer alan interaktiv tədris metodu uşaqların tapşırıqları yerinə yetirməsində sınanılmış bir metoddur və düşünürəm ki, valideynlər də evdə dərsləri hazırlayan zaman övladlarına eyni metodla yanaşmalı, uşaqları hazırladıqları dərsə görə mükafatlandırmalıdırlar. Bu kiçik rəsmlər, alqış, gülümsəmə və s. ola bilər. Yuxarı siniflərə qalxdıqca şagirdlər müstəqil dərs hazırlamaq qabiliyyəti formalaşmış olur və yalnız bu, o demək deyil ki, uşaqları nəzarətsiz buraxmaq olar”. Psixoloq onu da qeyd etdi ki, uşaqların təhsilli və savadlı olmağını istəyən valideynlərin əksəriyyəti çox vaxt başqaları ilə müqayisə aparırlar. Bunun da uşağın psixologiyasına mənfi təsir etdiyini deyən G. Məmmədova, başqa bir həmyaşıdı ilə müqayisə edilməyin uşaqda özünəinam hissini zəiflətdiyini bildirdi.
Uşaqların fikrini dağıdan faktorlar
Uşaqların fikri, adətən, dağınıq olur. Oyundan birbaşa təlimə keçidlə əlaqədar olaraq onlarda bu vərdiş biraz gec formalaşır. Bu problemlə əlaqədar olaraq Gülər Məmmədova bunları dedi: “Bunun üçün gündəlik dərslə məşğul olmaq üçün uyğun dərs cədvəlinin olması vacibdir. Müəyyən fasilələrlə hazırlanan dərs daha keyfiyyətli olur. Fasilələr zamanı kompyuter oyunlarına deyil, intellektual oyunlara, fiziki oyunlara daha çox zaman ayrılmalıdır. Dərsləri yadda saxlamaq üçün əzbərçilik meyllərinin gücləndirilməsinə xüsusi əhəmiyyət vermək lazımdır. Əzbərçilik vərdişlərinin gücləndirilməsinə olan təlabat təhsil sahəsindəki metodik vasitələrdə də qeyd olunur. 3-8 yaş arası uşaqlarda yaddaşın formalaşma dövrüdür. Elmə sensetiv yaş dövrü kimi daxil olan bu dövrdə uşaqların əzbərləmək qabiliyyətini formalaşdırmaq lazımdır. Məktəbdə edilən tapşırıqlar-imla, ifadə, yarımçıq hekayələr və s. evdə də valideynlər tərəfindən davam etdirilməlidir”.
Araşdırmalar onu göstərir ki, dərslərin yazaraq hazırlanması unutmağı azaldır. Nəzəri bilikləri uzun müddətli yadda saxlamaq üçün istifadə edilən bu qayda səmərəliliyi artırır. Mütəxəssislərin fikrinə görə, dərs hazırlayarkən nə qədər duyğu orqanı işə qarışsa, bir o qədər səmərə əldə olunar. Yəni dərs hazırlanarkən yazılı, şifahi, şəkilli, audio və video çarxlardan istifadə olunmağı məsləhətdir. Yeni texnika və texnologiyaların inkişafı bunun üçün zəmin yaradır.
“Evdə dərs hazırlanması üçün uyğun şəraitin yaradılması vacibdir”
Mütəxəssislərin fikrinə görə, dərs hazırladıqdan sonra izlənən televizor uşağa öyrəndiklərini unutdurur. Diqqət dağınıqlığını yaradan əsas səbəblərdən biri də yuxu saatına qədər izlənən televizordur. Yatmazdan əvvəl nə edilirsə, yuxudan oyananda o xatırlanır. Psixoloq texnologiya vasitələrinin istifadəsində uşaqlara nəzarət etməyin vacibliyini vurğuladı: “Müasir dövrdə uşaqları texnika və texnologiyadan uzaqda saxlamaq çətindir. Valideyn nəzarəti ilə istifadə edildikdə daha az təhlükəlidir. Uşaqların diqqət və hafizəsinin qorunması üçün kompyuter oyunlarına deyil, fiziki idman oyunlarına maraq aşılanmalı, müvəffəqiyyət qazana biləcəyi bir idman növü ilə məşğul olmağı məsləhətdir. Bu onun özünə olan inamını artıracaq həmçinin dərslərdə də müvəffəqiyyət qazanmasında kömək edəcək”.
G. Məmmədova, dərs hazırlayarkən valideynlərə evdə uyğun şəraitin yaradılması ilə bağlı tövsiyələr verdi: “Dərs hazırlamaq üçün uyğun şərait seçilməlidir. Belə ki, dərs hazırlanan yer evin ən sakit hissəsində olmalıdır. Dərs stolu seçərkən yumşaq mebellərdən istifadə edilməməlidir. Stol pəncərədən uzaq olmalı, diqqəti yayındıran mənzərəyə şahid olunmamalıdır. Bəzi ailələrdə maddi vəziyyətin yaratdığı çətinliklərdə uyğun şəraitin yaradılması bir az çətinləşir. Belə olduğu hallarda uşaqlara maksimum dərəcədə uyğun bir şərait yaradılmalıdır. Potensialını ortaya çıxara biləcək həvəs oyadılmalıdır”.
Mənbə: Milli.Az