Qadin.NET / Monoton həyat sizi də bezdirib?

Monoton həyat sizi də bezdirib?

Monotonluq - insanları sıxan əsas amillərdən biri də budur. Əlbəttə ki, bəlli bir iş rejiminin olması, səhər çıxıb axşam evə dönmək bizim üçün monoton həyat mənzərəsi yaradır. Bu səbəbdən həyatdan kifayət qədər zövq ala bilmirik. Günümüzü nizamlaya, şənbə və bazar günləri isə hara gedəcəyimizi belə müəyyənləşdirə bilmirik. Bacardığımız qədər daha çox evdə vaxt keçirtmək istəyirik. Günümüzü planlaşdıra bilmədiyimiz, hər gün sistemli olaraq eyni plan üzrə hərəkət etdiyimiz sarsıntılar, gərginliklər, müəyyən psixoloji problemlər ailə və iş həyatımızda daima bizi izləyir. Psixoloq Elnur Rüstəmov Milli.Az-a deyir ki, monotonluqdan yaxa qurtarmaq, səhəri daha xoş əhval-ruhiyyə ilə açmaq insanın öz əlindədir. Məsələn, xoş əhval-ruhiyyə ilə yuxudan ayılıb gözəl bir ifa da dinləyə bilərik: “İnsan çalışmalıdır ki, səhərini yüksək əhval-ruhiyyə ilə açsın. Hər bir insanın həyatında problemlər ola bilər. Bacardığımız qədər problemlərdən yaxa qurtarmağa çalışmalıyıq. Bizi daha çox əyləndirən işlərlə məşğul olmalı, gözəl bir musiqi dinləməliyik. Günə necə başladıqsa o cür də davam edəcək”.
Bir çox hallarda insanların gördüyü işlərdən bezdiyini deyən psixoloq E.Rüstəmov bunun əsas səbəbini izah edir. O deyir ki, insanlar sevmədiyi işlə məşğul olduqda həyat onlara cansıxıcı görünür: “Bu prosesdə ən böyük problem yaradan faktorlardan biri bəzi insanların sevmədiyi işlə məşğul olaraq müəyyən sıxıntılar yaşamasıdı. İxtisaslarına uyğun iş tapa bilməməsi, yaxud sevmədiyi ixtisas üzrə təhsil alıb iş qurması bu tip şəxslərdə müəyyən psixoloji sarsıntılar da yaradır. Belə hallarda onlar işə getmək istəmir, bacardıqları qədər daha çox işdən yayınmağa çalışırlar. Nəticədə xroniki yorğunluq, baş ağrıları, depressiya ilə yanaşı, bir çox psixoloji problemlər yaranır. Ona görə, insan çalışmalıdır ki, sevdiyi işlə məşğul olsun, işini sevsin, ona dəyər versin”.
Sevmədiyi işlə məşğul olan insanların daha çox sıxıntı, gərginlik içində olduğunu vurğulayan psixoloq belə şəxslərin işə gedərkən geyim-keçimlərinə, saç düzümlərinə, səliqə-sahmanlarına belə, fikir vermədiyini söyləyir: “Həyatın monotonlaşmasında insanın gördüyü işin də rolu əhəmiyyətlidi. Əgər bu, onun sevmədiyi bir işdisə, yaxud işdən gözlədiyi nəticələri ala bilmirsə, bu zaman heç özünə də fikir vermir. Necə gəldi geyinib-keçinib işə gedir, səliqə-sahmanına belə fikir vermir”.
Psixoloq evdar xanımlara hər gününü öncəkindən daha maraqlı keçirtməyi məsləhət görür: “Evdar xanımlar da müəyyən yollarla həyatlarına rəng qata, onun axarını dəyişə bilərlər. Məsələn, ailəsinə həmişəkindən də fərqli münasibət göstərmək, övladları ilə əylənməklə günlərini daha da rəngarəng edə bilərlər”.
E.Rüstəmov qeyd edir ki, maddi imkandan asılı olmayaraq insanların böyük qismi sıxıntı içindədi. E.Rüstəmov bunun səbəblərindən birini ailədəki münasibətlərdən qaynaqlandığını deyir: “İnsan özü-özünü istiqamətləndirməlidir ki, əhvalı yaxşı olsun. Məsələn, o, ən çox sevdiyi, zövq aldığı bir işi görməklə də həyatına rəng qata bilər. Ola bilər ki, xanımlar üçün alış-veriş daha maraqlı əyləncə olsun. Bu gün psixoloji problemlərin yaranmasında ən mühüm faktorlardan biri də insanların özünü yaxşı hiss etməməsi, gördükləri işdən zövq almamasıdı. Baxırsan ki, insanın yeməyi də var, hər şeyə maddi imkanı da çatır. Lakin özünü yaxşı hiss etmir. Əlbəttə ki, ailədəki münasibətdən tutmuş iş seçiminədək hər bir amilin bu məsələdə rolu var”.
Ekspert həyatdan zövq almaq üçün ilk növbədə, ailə üzvləri ilə münasibətə diqqət yetirməyin vacibliyini vurğulayır: “Əhval-ruhiyyənizin qaydasında olması üçün ilk növbədə, ailədəki münasibətlərə nəzər yetirməlisiniz. Bacardığınız qədər ailə üzvləri ilə xoş rəftar etməli, daha təmkinli davranmalısınız. Ailədə xoş münasibət görməyən, evdəkilərlə ünsiyyəti yaxşı olmayan şəxs işdən çıxdıqdan sonra dost-tanışları ilə kafelərə əylənməyə gedir. Bunun da kökündə ailədəki münasibətlərin yaxşı olmaması dayanır. Bu, o deməkdir ki, mən evə getmək istəmirəm. Ailədəki münasibət yaxşı olarsa, bütün problemlər də həllini tapacaq. İnsan ilk olaraq qaldığı yerdə, yaşadığı mühitdə xoş əhval-ruhiyyə, münasibət görmək istəyir”.
Belə bir deyim var, xoşbəxt o insandır ki, evdən işə, işdən də evə həvəslə qayıdır. Çalışaq ki, sevdiyimiz işlə məşğul olaq, ailə üzvləri ilə münasibətlərimizi nizamlayaq, onlara dəyər verək. Bu zaman bütün problemlər öz həllini tapacaq.

Mənbə: Milli.Az

13 mart 2014
GO BACK