Yer kürəsi bir-biri ilə vəhdət təkil edən atmosfer (hava təbəqəsi), hidrosfer (su təbəqəsi), biosfer (canlı həyatın yayıldığı sahə) və litosferin (yerin üst bərk qatı) konsentrik örtüyündən ibarətdir. Bu gün litosferin ayrılmaz tərkib hissəsi olan torpaqdan və onun çirklənməsindən danışacağıq.
Son vaxtlar “heç nəyin dadı, ətri qalmayıb”, “nənəmin təndirə yapdığı çörəyin ətri yeddi ev uzaqdan gələrdi”, “plovun ətrindən doymaq olmurdu” kimi şikayətlərə tez-tez rast gəlirik. Bunun əsas səbəbi torpaqda təbii qanunauyğunluğun, bununla bərabər də ekoloji tarazlığın pozulmasıdır. Dünyanın 70%-nin su ilə əhatə olunduğunu nəzərə alsaq, geri qalan 30% hissə isə dağların, hala düşmüş səhraların, buzlaq ərazilərin, şəhərlər və çirklənmiş torpaqların, meşə və otlaq sahələrinin payına düşür. Bunu hamının anlayacağı bir misalla izah edək: əgər dünyanı bir alma kimi təsəvvür etsək, bu almanın təxminən üç dilimindən biri istifadə edilə bilən hissə olur. Vəziyyət bu qədər ciddidir. Yaxın keçmişdə meşələri qıraraq əkin sahələri salmışlar və zaman keçdikcə torpaqların yarasız hala düsməsi ilə ekoloji tarazlığın pozulmasna şərait yaratmışlar. Günümüzdə torpağı çirkləndirən və yararsız hala salan səbəblər asağıdakılardır: mədənçilik, meşələrin qırılması, məişət tulantıların artması, urbanizasiya (şəhər əhalisinin sürətlə artması), kənd təsərrüfatında kimyəvi maddələrdən istifadənin genişlənməsi, neft çıxarılan ərazilərin tullantılarla çirklənməsi, zavod və fabriklərin tullantıları, kənd təsər- rüfatına yararlı torpaqların həddindən artıq istismarı, onların düzgün suvarılmaması, kimyəvi gübrələrdən istifadə qaydalarına riayət edilməməsi və s.
Əkin ərazisi kimi istifadə olmayan, ancaq potensialı böyük olan otlaqlardan düzgün istifadə edilməməsi, həddən artıq istismar səhralaşmaya səbəb olur. Bundan başqa su elektrik stansiyaları üçün qurulan böyük su anbarları da əkin sahələrini yararsız hala salan və ümumiyyətlə, torpaqları ölkənin torpaq balansından çıxaran səbəblər arasındadır. Məsələn, Mingəçevir SES, Şəmkir SES və Yenikənd bu qəbildən olan qurğulardır.
Qeyd etdiyimiz kimi şəhər ərazisinin genişlənməsi nəinki əkinə yararlı sahələrin azalmasına, ümumiyyətlə, bitki örtüyünün məhvinə səbəb olur. Bu nümunəni artıq nəinki Bakı və Bakıətrafı ərazilərdə, hətta günümüzdə yeni tikililərlə turistləri özünə cəlb etməyə çalışan rayon və şəhərlər üzərində göstərmək olar. Bunun qarşısını almaq üçün paytaxtda və ətraf rayonlarda tarixi köhnə tikililəri saxlamaq və bərpa etməklə mədəni turizmi, Bakı ətrafındakı çimərliklərdə yarasız hala düşmüş ərazilərdə milyardlarla gəlir gətirən çimərlik turizmini, idman turuzmini, səhiyyə turizmini inkişaf etdirmək lazımdır. Bundan başqa ölkədə kənd təsərrüfatı institutlarının və dövlətin dəstəyi ilə regionlarda kənd təsərrüfatının müxtəlif qolları üzrə turizm sahələri yaratmaq mümkündür. İnsanların öyrənməsi və tanış olması üçün kənd təsərrüfatının yüksək inkişaf etdiyi İtaliyaya, arçılıqla bağlı qardaş Türkiyənin Artvin və Ardahan rayonlarında yaradılmış turizm mərkəzlərinə səfərlərə təşviq etmək olar. Elm adamlarını, arıçıları yerli təcrübəni öyrənmək üçün adı çəkilən bölgələrə ezam etmək olar.
Bayıra atdığımız tullantılar bir gün dolayı yolla da olsa, süfrəmizə qayıdır
Ölkəmizin böyüməsi və şəhər əhalisinin artımı ilə məişət tullantılarının həcminin nəzərə çarpacaq dərəcədə artdığı danılmazdır. Bu isə kənd təsərrüfatına yararlı torpaqların çirklənməsinə, ekoloji tarazlığın pozulmasına öz təsirini göstərir. Bu gün bu tullantıların yenidən emal edilməsi ilə məşğul olan Təmiz Şəhər MMC bu çətin səraitdə xeyli iş görmüşdür, lakin hələ də yüksək keyfiyyətli təmizlik təmin edilməmişdir. Bunu bir neçə mərhələdə təmin etmək mümkündür. Məişət tullantıları siniflərinə görə qruplaşdırılmalıdır. Buna Bakının bir sıra rayonlarında başlansa da, təəssüf ki, bəzən əhali bu vacib prinsipə riayət etmir. Bunun üçün maariflənmə işi gücləndirilməlidir. Bundan başqa, zibilliklər bağlı olmalıdır ki, bu da gigiyenik baxımdan çox vacibdir. Açıq zibilliklərdən quş və heyvanlar vasitəsilə müxtəlif yoluxucu xəstəlik virusları ətrafa yayılır.
Sintetik materiallardan hazırlanmış, gündəlik həyatımızda, demək olar ki, hər gün istifadə etdiyimiz torbaların torpağa düşməsi ilə yaranan təhlükəyə də diqqət çəkmək lazımdır. Sintetik torbaların torpağa tam qarışması üçün 400-1000 il arası vaxt tələb olunur. Bu torbalar yağış suyu ilə torpağa hoparaq orada olan canlı aləmi məhv edir. Sonra buxarlanaraq məişətdə istifadə etdiyimiz suyun tərkibinə yağış suyu ilə yenidən qayıdır.
Bu gün səhlənkarlıq və israfçılıqla bayıra atdığımız tullantılar bir gün dolayı yolla da olsa, süfrəmizə qayıdır. İstər qida məhsullarının, istərsə də suyun tərkibində. Bu səbəbdən müxtəlif xəstəliklər yaranır.
Yayda təbiət qoynuna istirahətə gedəndə zibilləri torbalara yığıb, özümüzlə götürməliyik, əks halda ətrafa atdığınız və ya yerə basdırdığınız torbalar bir gün yuxarıda göstərdiyimiz fəsadları törədəcək.
Bütün sadaladığımız problemlərlə yanaşı, günün altında qalan torbalar istixana effekti yaradaraq meşə yanğınına səbəb olduğunu da unutmamalıyıq. Belə bir sual meydana gəlir: Bəs torpaqda tez bir zamanda çürüyən və torpaqdakı mikro orqanizmlərə zərər vurmayan torbalardan istifadə etmək effektli ola bilərmi? Bəli, artıq bu torbalar dövriyyəyə buraxılıb və Azərbaycanda da bəzi şirkətlər bunlardan istifadə etməyə başlayıblar. Bu torbalar digər torbalardan qiymətdə çox fərlənmirlər, amma onlar asanlıqla torpaqda olan mikro orqanizmlər tərəfindən parçalanaraq torpağa tam qarışır və heç bir təhlükə törətmir.
Torpağa kimyəvi gübrələr verərək, mikroorqanizmləri öldürürük
Əkin sahələrini yararsız hala salan şoranlaşma da ekoloji problem yaradan amillərdəndir. Çünki şoranlaşmış ərazi gələcəyin potensial səhrasıdır. Şoranlaşmaya daha çox Aran zonalarında rast gəlmək mümkündür. Bunları aradan qaldırmaq üçün ilk əvvəl drenajlar qurulmalı, torpağın üst qatına çıxan duzlar yuyulmalıdır. Sonra isə torpağı əraziyə düşən yağıntı miqdarına, əkinin xarakterinə görə, müasir suvarma üsulu olan damcı və ya çiləmə üsulu ilə suvarmaq lazımdır.
Abşeron ərazisinin qlobal müşkülü olan neftdən çirklənmiş torpaqlar hələ də problem olaraq qalmaqdadır. Belə əraziləri təmizləmək çox zəhmət, uzun müddət və böyük vəsait tələb edir. Bu məsələdə ən yaxşı çıxış yolu ən müasir qurğulardan istifadə edərək, ətrafa neftin dağılmasını önləməkdir. Torpaq çirklənməsinə səbəb olan amillərdən biri də zavod və fabriklərin tullantılarıdır. Bu tullantılar torpağa iki formada - maye və bərk halda atılır. Torpağın çirklənməsinin qarşısını almaq üçün maye halında olan tullantılar filtirlərdən keçrilməlidir. Bərk halda olan tullantıların isə miqdarı maksimum azaldılmalı, bu mümkün olmadıqda onlar yenidən emala göndərilməlidir. Gəncə ətrafında alüminium zavodunun ətrafındakı ərazini buna misal göstərmək olar.
Torpaq üzərində olan hər bir mikroorqanizmin öz funksiyası var. Biz isdi torpağa kimyəvi gübrələr verərək, bu mikroorqanizmləri öldürür, bunla da torpağı yararsız hala salırıq. Təkcə kimyəvi gübrə yox, təbii gübrələr də həddində verilməlidir. Təbii gübrələr kimi müxtəlif heyvan peyinlərindən və ya bio-humusdan istifadə etmək daha məqsədəuyğundur. Bio-humus Kaliforniya soxulcanlarının məhsuludur. Bu məhsul artıq ölkəmizdə də emal edilir. Bundan başqa ölkədə olan quşçuluq broylerindən, iri buynuzlu mal-qara fermalarından çıxan peyinlərdən sənaye üsulu yüksək keyfiyyətli gübrələr əldə etmək mümükündür. Bu isə öz növbəsində əhali üçün yeni iş yeri, həm də gəlir deməkdir.
Ölkə ərazisindən keçən neft kəmərlərinin ətrafında isə yaşıl zolaqlar və canlı bitki örtüyü salmaqla ekoloji tarazlığı qismən də olsa bərpə etmək olar. Məlum olduğu kimi, heyvanların uzun müddət eyni ərazidə otarılması bitki örtüyünü məhv edir və səhralaşmaya səbəb ola bilir. Bunu önləmək üçün bələdiyyələr və fermerlər qarşılıqlı layihələr həyata keçirməlidir. Otlaq yerlərini dincə buraxmaq və ya növbəli əkinə keçməklə ərazinin yararlılığını bərpa etmək lazımdır.
SES-lərin su anbarlarının altında qalan hektarlarla əkin sahələrinin qarşısını almaq üçün ekoloji cəhətdən təmiz olan günəş və külək enerjisindən istifadənin həcmi artırılmalıdır. Bu dünya həm bizimdir, həm də bizim deyil. Bizdən əvvəl də var idi, bizdən sonrada olmalıdır. Heç kimin onu məhv etməyə ixtiyarı yoxdur.
Mənbə: Zaman Azərbaycan