Gözlə gördüyümüz və ya görmədiyimiz çox şeyin tərifi var. Hətta ağılın da tərifi var. Mən elə bilirdim ki, ağlın sadə, qısa bir tərifi olar. “Azərbaycan dilinin izahlı lüğəti”ndən başladım. Orada ağlın iki mənası ilə tanış oluruq: “1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka. Şüur, idrak. 2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir”. Başqa mənbələrə müraciət etdim. “Ağıl - doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidir.
“Bir hüquq termini kimi yaxşını pisdən, xeyir (gəlir, mənfəət) və zərəri (ziyan) bir-birindən ayırd etməyə yarayan zehni qüvvələr baxımından kafi olan şəxsləri bildirən məfhum, aqil və yaxud əql sahibi məfhumlarıdır".
Ağlın tərifini bilsək də, bilməsək də o, həmişə insanlığın tacı hesab olunmuş və olunur da. “Adamı paltarına görə qarşılarlar, ağlına görə yola salarlar”, “Adamı - yaşdan, ağacı - başdan”, “Ağıllı kamal axtarar, axmaq var-dövlət” kimi köhnəlməz deyimlərin tarixini kim bilir?
Sözümüzə qüvvət olaraq, “Şahnamə”də ağılın gözəl tərifinə diqqət yetirək:
...Bizə hər nə bəxş eyləmişsə xuda,
Ağıldan əzizi nədir dünyada?
Ağıl nur saçar qəlbə, zinət verər,
Çətin gündə iqbala yol göstərər.
Ağıl ağladandır, ağıl güldürən,
Ağıl qaldırandır, ağıl endirən,
Ağıldan bəhər görməsə bir kişi,
Keçər ahü fəryad ilə hər işi...
(Əbülqasim Firdovsi “Şahnamə”, Bakı, Yazıçı 1987 səh. 16)
“Ağıl Allahın insana bəxş etdiyi saysız-hesabsız nemətlərdən ən qiymətlisidir”, - desək, yanılmarıq. Ağlın, ağıllı olmanın bir xeyli təzahürləri mövcuddur. Həzrəti Mövlana əbəs yerə deməmişdir ki, “Ağıl diyarında neçə aləmlər vardır! Bu ağıl dənizi nə qədər əngindir! İnsan ağılla (adam) olur; saçı, saqqalı ağartmaqla deyil!”
Ağıllı adam gördüyü işin sonunu qabaqcadan açıq-aydın təsəvvür edə bilməlidir. Uca Kitabımızda deyilir: “(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər” (21/23 - Ənbiya Surəsi). Başına müsibət gəlməzdən əvvəl Yaradanın nəsihətinə əməl etməyin məsuliyyəti bu qədər ağırdır.
Ağıllı adam az danışar, çox dinləyər, axmaqdan belə öyrənməyi bacarar, təmkini dağları, təvazökarlğı da bənövşəni heyran qoyar. “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. (25/63 - Furqan Surəsi)
Kamil ağıl sahibi həm Yaradanın nemətlərinə, həm də insanlardan gördüyü münasibətlərə qarşı qədirşünas olur, yaxşılığı itirməkdən, könül qırmaqdan qorxur. Allahın rizası, dinc, yanaşı yaşama onun həyatının mənasıdır. “Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (28/77 - Qasas Surəsi) Bu gün əksər insanlar arasında geniş yayılmış şit zarafat, bir-birilərinə rişxənd etmək bəzən onlar arasında böyük incikliyə səbəb olur, hətta ölüm halları ilə də nəticələnə bilir. Qurani-Kərim bu haqda çox ciddi xəbərdarılq edir: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birilərinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) (49/11 - Hucurat Surəsi)
Ağıl məsuliyyət doğurur, yəni ağlı olan o ağlı ona verən qarşısında müəyyən vəzifələri yerinə yetirməli, o ağılın haqqını verməlidir. Qurani-Kərimdə cinlərin və insanların yaradılış qayəsinin Allahı tanımaq, Ona itaət və ibadət etmək olduğu bildirilir. Ağıl və iradə insanın şəxsiyyəti formalaşdırır. Buluğ, yəni yetkinlik yaşına qədər insandan ibadət tələb olunmur, demək məhz o yaşdan sonra insanın yetkinlik mərhələsi başlayır. Təbii ki, insanı yaradan Allah ona kredit olaraq bir miqdar ağıl verib, ancaq o ağıl sonradan Allahın istədiyi, tələb elədiyi ağılla dəstəklənməsə, insanı yarı yolda qoyar. Quran - Allah-Təalanın insan oğluna verdiyi ikinci ağıl qaynağıdır. Yəni ağlını Qurandan alan, Quranın istədiyi kimi düşünən, yaşayan insan mütləq əbədi səadətə qovuşar. Ağıl dediyin də əslində insanı səadətə çıxaran ən dəyərli iksirdir. Quranda insan oğluna təklif olunan nəzəri ağlın ən gözəl praktikası sünnətdir, yəni sevimli Peyğəmbərimizin (s.ə.s.) həyatı. Xanımı, Aişə anamız (r.a.): “Onun əxlaqı Quran əxlaqıdır”, - söyləyərkən bir növ Rəsulullahın həyatının Qurandan çıxdığını söyləyirmiş kimi olur. Qurani-Kərimin “Allahın ipinə sarılın!”, “Allahın rənginə boyanın!” kimi istəkləri də əslində insanları öz xeyrini Quran əxlaqı ətrafında birləşməkdə axtarmağa sövq edir. Allah-Təala (c.c.) buyurur ki, kim ağlı ilə hərəkət etməzsə, onun başına müsibətləri yağmur kimi yağdırar. Başqa bir yerdə isə bizə yetişən uğurları Allahdan, müsibətləri isə özümüzdən bilmək əmr olunur. Bunun açması nədir, bilirsinizmi? - Yəni Allah yolu da göstərib, o yolun sizi hansı mənzilə çatdıracağını da. Sizin doğru yoldan keçib səadət ünvanına çatmağınız Allahın əmrlərinə əməl etməklə mümkündür. Allahın əmrindən çıxanların isə uçuruma yuvarlanırmış kimi daşdan-daşa dəyməyi ən adi və təbii haldır.
Heyvanların, bitkilərin ağlı olmadığı üçün məsuliyyətləri də yoxdur, onlar hər şeyi Allah-Təalanın proqramlaşdırdığı bir dairə içində yaşayarlar. İnsan isə iradə və ağıl sahibidir, təklif olunan variantlardan birini seçmək imkanı var.
Ağılla zəka əslində fərqli məfhumlardır. Belə ki, ağıl həyatın bütün sahələrini əhatə edir, zəka isə bir sahənin, məsələn riyazi təfəkkürün və ya hansısa qabiliyyətin birtərəfli inkişafıdır.
Ağlın son dayanacağı imandır, yəni insan ağlı bütün həqiqətləri idrak etməyə yetməz və ağlın yetmədiyi yerdə Allaha təslimiyyətdir. İman da elə insanın ağlı və iradəsi ilə Allaha təslim olması deməkdir. Bu təslimiyyət qurtuluşdur, nicat qapısını aralamaqdır.
Ədalətli olmaq, başqalarının fikirlərinə hörmətlə yanaşmaq, onların sözünü kəsməmək, insanlarda daha çox müsbət cəhətləri görməyə çalışmaq çox zaman zəif nöqtələrimizi ortaya qoyan, lakin ağıllı olmanın əsas xüsusiyyətlərindəndir. Ağıllı olmanın əlamətlərini sadalamaqla bitməz. Bir acı həqiqəti də dilə gətirmək istərdim. Peyğəmbərlərdən bəri ağıl sahibləri heç də həmişə gülər üzlə qarşılanmamışlar. Sarı Aşıqdan yadigar bayatıların birində deyilir:
Mən aşığam gül əllər,
Ağ biləklər, gül əllər,
Dəryaca ağlın ola,
Yoxsul olsan, güləllər.
Şah İsmayıl Xətai ağlı axtarmaq istəyənlərə, görün, necə məsləhət verir:
Aqil, gəl bəri, gəl bəri,
Gir könülə nəzər eylə.
Görür göz, eşidir qulaq,
Söylər dilə nəzər eylə...
Bəzən ətrafdakılar ağıllı insanların səviyyəsinə yüksələ bilmədikləri üçün onları müxtəlif adlarla, iftiralarla hörmətdən, nüfuzdan salmağa, onları özlərinə bərabər göstərməyə və görməyə çalışmışlar. Elə Peyğəmbər Əfəndimizə, haşa, “şair”, “sehirbaz”, “məcnun” belə deməkdən çəkinməmişlər. Şeyx Nizami də öz dövründə haqsız təzyiqlərə, münasibətlərə məruz qaldığını, bu zaman necə hərəkət etməyin gözəl nümunəsini bizlərə belə çatdırmışdır:
Haqsızlıqdan alışıb yanan olub ürəyim,
Alçaqları unudub, danan olub ürəyim.
Namərdlərin əlindən çox gəlmişəm cana mən,
Susmağımla çatmışam bu şöhrətə, şana mən.
Bir inciylə qulağa çatar səsi mücrünün,
Dolu olsa inciylə batar səsi mücrünün...
Aşıb-daşsa biliyin, dinməməyə çalış sən,
Danışmağa çalışma, dinləməyə çalış sən.
(Nizami Gəncəvi “Sirlər xəzinəsi” Bakı - 1981”Yazıçı Nəşriyyatı səh.151)
Lakin zaman ağıllı insanları həmişə qızıl kimi öz dəyərində saxlaya bilmiş və saxlamaqdadır. Bu münasibətlə rəhmətlik S. Vurğunun ruhunu şad etməyin yeridir:
Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var. (Səməd Vurğun “Vaqif” dramı)
Bəzən ehtiyatsızlıq edib, ağlımızı itiririk. Özümüz başda olmasaq da, ağlımız həmişə başımızda olsun. Nə itirsək də, ağlımızı itirməyək. Ağlımız kəssin, sözümüz ağıllara batsın. Allah ağlımızı bizdən, bizi də ağlımızdan ayırmasın! Amin!
Mənbə: Zaman Azərbycan