Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 212 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Mənbə: Milli.Az