"Urban plan", "Master plan", "Comprehensive plan", "City plan"... Bu kəlmələr şəhərin baş və ya əsas planıdır ki, həmin sənəd əsasında ərazilərdə şəhərsalma, tikinti, planlaşdırma və s. işlər aparılır.Bakının da regional inkişaf və ya baş planı var. Paytaxtın sakin gurluğu, izdiham, yollardakı tıxaclar və qeyri problemləri də mövcuddur.
Belədirsə, nə etməli, şəhəri və özümüzü belə problemlərdən necə qurtarmalı?
Çətin, amma maraqlı sualdır. Cavabları isə arayıb tapmağa çalışacağıq.
Geriyə qayıdaq
Bakının ilk Baş Planı 1898-ci ildə həmin dövrün ən məşhur memarlarından biri olan N.A.fon Der Nonne tərəfindən hazırlanmışdı. Der Nonnenin məqsədi Bakının genişləndirilməsi idi və məhz onun layihəsi əsasında şəhərin Dağüstü hissəsində tikintilər aparılırdı. Der Nonnenin planı 1900-cı ildə tam başa çatdırıldı.
Amma əvvəlcə Birinci Dünya Müharibəsi başlandı, sonra bolşevik inqilabı oldu. Plan unuduldu - axı camaatın bir hissəsi ölkədən gedir, başqa hissəsi gedənləri tutur, bir qismi varlıları yoxsullaşdırır, bir qismi də yoxsulların varlandırılmasının yollarını düşünürdü.
"Kimin nəyinə gərəkdi bu kağız parçası" - bolşevik Bünyad Sərdarov özü kimi bolşevik Çingiz İldırıma Bakının planı ilə bağlı belə demişdi.
İllər keçdi, 1932-ci ildə Bakının ikinci Baş Planı işləndi, 32 il sonra da Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqlədi.
Proses bitməmişdi. 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olundu. Həmin sənəd 2005-ci ilədək olan dövrü əhatə edirdi.
Sonrası bəlli: SSRİ dağıldı, Azərbaycan müstəqillik qazandı və yalnız 1993-cü ildə yada düşdü ki, Bakının Baş Planı var, şəhərin problemlərini həll etmək gərəkdir.
Fərqli planlar...
Şəhərsalma prinsiplərinə görə, Bakının inkişafı bundan sonra müxtəlif layihə prinsipləri üzrə ola bilər.
Dünya təcrübəsində seçim imkanları az deyil.
Məsələn, Çindəki Pekin və ya Kioto, ABŞ-dakı Çikaqonun baş planı "şahmat planlaşdırması" formasındadır.
Rotterdam, Neapol, San-Fransisko və ya Milan isə zolaqvari, yaxud xətti; Moskva və ya Nyu-York radial-həlqəvari; Paris və ya Rio de Janeyro - çoxşüalı, ulduzvari; Stokholm və ya Kiyev - çoxnüvəli, ləçəkvari; İstanbul və ya Tokio isə qeyri-nizami struktur formasında baş plana malikdir.
Mərkəz dəyişmədi, adamlar dəyişdi
Bakının Baş Planı və ya daha dəqiq olsaq, "Böyük Bakının Regional İnkişaf Planı" adlı sənədlə şəhərin problemlərinin hamısını həll etmək olarmı?
Çətin, amma mümkün məsələdir.
1900-cu ildə olduğu kimi, Bakının bir mərkəzi var. İllər keçib, nəsillər dəyişib, dünya fərqli hal alıb - amma o mərkəz prinsipi qalıb.
Bakıda yaşayanların sayı 700-800 min nəfər olanda şəhərin mərkəzinin ümumi sahəsi 1000 hektardan artıq deyildi. Sonralar sakinlərin sayı artdı, artdı, indi təqribən 3 milyon nəfərə çatdı - fəqət mərkəzin sahəsi böyümədi.
Problemin həlli Bakımıza layiq, çağdaş şəhərsalma və memarlıq səviyyəsinə uyğun əlavə mərkəzlərin yaradılmasıdır.
İkinci məqam şəhərdə aparılan tikintilərə nəzarət daha da gücləndirilməli, ərazilərdən istifadə mütləq şəkildə layihələndirilmiş, müfəssəl planlar əsasında olmalıdır.
O planlar da əsas plana uyğun hazırlanmalıdır.
Tələbələr çox, yer az
Bakının "nəfəs alması"nın təmin edilməsi yolları arasında şəhərdəki ali təhsil müəsssiələrinin kənara çıxarılması da həlli vacib problemlərdən biridir.
Azərbaycanda 54 ali təhsil müəssisəsi var. Onların 44-ü Böyük Bakı ərazisindədirsə, 81,5 faizi "Məxsusi Bakı" adlanan yerlərdədir.
Universitetlərin bir arada cəmləşməsi normaldır? Düşünmürük.
Ali təhsil müəssisələrinin sıxlıq probleminin həlli həm də tələbə axınının nizamlanması olardı.
Bakıda nələr ola bilər?
Az öncə Bakının bir mərkəzinin olmasından bəhs etdik. Problemin həlli mərkəzlərinin sayının artırılması, yəni yeni mərkəzlərin yaradılmasıdır.
Azərbaycan paytaxtı üzü dənizə baxan amfiteatr şəklində olduğundan Sumqayıt və Ələt - yeni sənaye və urbanizasiya mərkəzləri olmalı, Xırdalan və Sabunçu alt mərkəzlərə çevrilməlidir. İndi qəsəbə statusunda olan Lökbatan, Zığ, Sanqaçal, Müşfiqabad, Novxanı, Maştağa, Şüvəlan, Türkan və Hövsan isə yeni mərkəzlərə çevrilməlidir.
"Böyük Bakının Regional İnkişaf Planı"da da bəhs etdiyimiz məsələlər xüsusilə vurğulanıb.
Üstəlik, “Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi, boşalan ərazilərin yenidən məskunlaşdırılması da nəzərdə tutulub.
19-cu əsrin sonlarından bəri xaotik, necə gəldi tikinti işlərinin aparıldığı və bəzən küçələrin darısqallığından evinə televizor alan adamın bu əşyanı damlarla ötürüb evə çatdırdığı yerlərin də sökülməsi şərtdir.
Şəhərimizin abad olmasını istəyiriksə, bunlar qaçılmazdır.
"Xutor"da 88 hektar, "20-ci sahədə" 800 hektar, "Kubinka" adlanan yerdə 46 hektar, Bakının mərkəzindəki "Beşmərtəbə" adlanan yerdə 85 hektar ərazidə olan evlər "başıpozuq" planda olduqlarından, onların sökülməsi və yerində çağdaş şəhərsalma standartlarına cavab verən yaşayış komplekslərinin tikilməsi, parkların salınması labüd məsələdir.
Layihələrin xeyri olacaqmı?
Bəzi müəssisələrin artıq şəhərdən kənara çıxarılması təcrübəsinə rast gəlmək münkündür. Misal üçün, paytaxtın əsas yollarından biri olan Heydər Əliyev prospekti boyunca yerləşən müəssisələrin bir qədər kənara daşınması prosesi artıq başlayıb. Orada zavod və fabrikləri yaşayış binaları əvəz etməkdədir.Universitetlərin şəhərdən kənara çıxarılacağı, universitet şəhərciklərinin yaradılacağı deyilir. Eyni zamanda, Bakı Dövlət Universiteti üçün Mətbuat prospektində yeni yataqxana binaları tikilir. Belə olan halda, BDU-nun yaxın gələcəkdə kənara köçürüləcəyi inandırıcı görünmür.Nəqliyyat probleminin həlli üçün yüksək sürətli qatarların işə düşəcəyi barədə də proqnozlar var. Böyük Bakının Regional İnkişaf Planı layihəsinə görə, 2030-cu ildə Abşeron yarımadası ərasizində sürət dəmiryol xəttinin çəkilişinin nəzərdə tutulduğu deyilir. Uzunluğu 90 kilometr təşkil edəcəyi deyilən xətlə hərəkət edəcək qatarlar paytaxtın 11 rayonunu, o cümlədən Xırdalan və Sumqayıt şəhərlərini də əhatə edəcə. Nəzərdə tutulan planların həyata keçiriləcəyi təqdirdə paytaxtın bugünkü problemlərinin həll oluna biləcəyi mümkündür. Ancaq inkişafın da dayanmadığını nəzərə almaq lazımdır. Bu gün üçün nəzərdə tutulan layihə 5 ilə başa çatarsa, həmin vaxtın tələbləri də fərqli olacaq.
"Ağıllı şəhər" istəyi
Hələ sovetlər dönəmində inşa olunmuş təhsil və səhiyyə müəssisələri, o cümlədən dövlət qurumlarının binaları hələ də mərkəz hissədə fəaliyyətini davam etdirir. Şəhərin 1950-70-ci illərində salınmış küçələri artıq köhnə müəssisələrlə yanaşı, yeni tikilən biznes mərkəzləri və digər qurumların yükünə tab gətirə bilmir. Son 10 ilə yaxın müddətdə inşa olunan yol ötürücüləri və qovşaqlar da artıq bu yükün qarşısında aciz qalırlar. İnşası davam edən digər yolların və metro xətləri tikintisi ucbatından bağlanan küçələrin də nəqliyyat sıxlığına təsiri az deyil.
Bakının da dünya memarlığınıda "ağıllı şəhər" adlandırılan plan üzrə dəyişikliklərə uğraması 1993-cü ildən bəri davam edir. İşlər sürətlə gedir, bir zamanlar "Şərqin ulduzu" adlandırılan paytaxtımızın ən son urbanistik, eyni zamanda sakinini düşünən şəhərə çevrilməsi üçün konkret, bəlli addımlar atılır.
"Ağıllı şəhər" tikintiyə nəzərət etməklə yanaşı nəzarətin yeni formasının inşasını ehtivasıdır.
Biz belə şəhərdə yaşayacağıq. Plana uyğun...
Mənbə: Milli.Az