Ad insan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Cəmiyyətimizdə yaxşı, mənasız və hətta pis adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan, öyünüb qürrələnən və ya xəcalət hissi keçirən adamlar var. İnsanın bəzən gündə yüz dəfə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz. Təsadüfi deyil ki, bu gün Amerika və Avropanın aparıcı tədqiqat mərkəzləri uşağa ad seçiminin əhəmiyyətinin valideynlərin təsəvvür etdiyindən dəfələrlə böyük olduğunu söyləyirlər.
Körpəsi doğulan ailələrdə mühüm məsələlərdən biri ona ad qoymaqdır. BMT-nin Uşaq Haqları Konvensiyasının 7-ci maddəsində uşağın doğulduqdan dərhal sonra ad almaq hüququna malik olduğu bildirilirsə, hələ 14 əsr öncə dinimizdə onun yalnız ad deyil, üstəlik yaxşı ad almaq haqqı qeyd olunmuşdu. Belə ki, Məhəmməd peyğəmbər (s) və İmam Əli yaxşı ada sahib olmağı övladın ayrılmaz hüququ saymışlar. (2)
Uşağa nə zaman ad qoyaq?
İslamda uşağa hələ ana bətnində olarkən ad qoyulması tövsiyə olunur. İmam Əli bunun səbəbi kimi qiyamətdə hərənin öz adı ilə
çağırılacağını qeyd edir. (3) Bu baxımdan, bətndəki körpənin də adı olmalıdır ki, hər hansı səbəbdən uğurlu doğuşla nəticələnməsə belə, adsız olmasın. Həmin müddətdə müvəqqəti olsa da, müqəddəs şəxslərin adlarından istifadə etmək məsləhət görülür. Lakin uşaq dünyaya gələndən sonra yeddi gün ərzində adını dəqiqləşdirmək lazımdır. (4)
Ad seçiminin əhəmiyyəti
İnsanın şəxsiyyətinin formalaşmasında onun adının böyük rolu var. Uşaq böyüyəndən sonra öz adı haqda düşünməyə başlayır, valideynlərinin nə üçün məhz bu adı seçdikləri onda maraq doğurur. Ad yaxşı olarsa, uşaqda onun mənasına və ya sahibinə simpatiyanın yaranma ehtimalı yüksək olar. Adı Abdullah – yəni Allahın qulu olan insana uşaqlıqdan, yeniyetməlik çağından bu böyük həqiqəti dərk etmək, özünü Uca Yaradana qul sayıb Onun sonsuz qüdrətinə sığınmaq imkanı yaranır. Adı Məhəmməd, Əli, Mehdi olan oğlan, Fatimə və ya Zeynəb olan qız uşaqları adlarının sahiblərinin kim olduğunu araşdırırlar, ürəklərində onlara sevgi yaranır və həyatda onlara oxşamağa çalışırlar.
Bu deyilənləri nəzərə alsaq, uşaqlara tarixdə amansızlıqları ilə yadda qalmış zülmkar sərkərdələrin, padşahların, yaxud dinimizə, milli-mənəvi dəyərlərimizə qarşı vuruşmuş adamların, hətta nə qədər təəccüblü olsa da, bəzi xırda məişət əşyalarının adlarının qoyulmasını mənasız və ziyanlı saymaq olar.
Cəmiyyətdə, məktəbdə - hər bir yerdə insanın özündən və əməllərindən qabaq adı onun barəsində müəyyən fikir formalaşdırır, hörmət və ya istehza doğurur, müsbət və ya mənfi baxış yaradır. Adın yaxşı olması güclü özünəinam hissinə və bunun ardınca uğurlu perspektivə səbəb ola bilər.
Bu arada müasir yapon alimi Masaru Emotonun su kristalları üzərində apardığı tədqiqat yada düşür. Alim özünün "Suyun gizli mesajları" kitabında yazır ki, sözlərin şifahi və ya yazılı ifadəsi suyun molekullarına təsir edib kristalların gözəl və ya xoşagəlməz şəklə düşməsinə səbəb olur, sevgi, dua və təşəkkür sözlərinin səsləndiyi yerdə su kristalları xüsusi estetik gözəlliyi ilə seçilir. (5) Digər tərəfdən, insan bədəninin üçdə ikisinin sudan ibarət olduğunu nəzərə alıb uşağa ad qoyarkən xüsusi diqqət göstərmək, xoş, ürəkaçan və pozitiv yüklü adlardan istifadə etmək lazımdır.
Adqoymada başqa bir mühüm amil təlqinin insana təsiridir. Bu, psixoloji amil olsa da, təsirləri psixika ilə məhdudlaşmır. İnsan təlqin nəticəsində ağır xəstəliklər tapa, həmçinin ağır xəstəliklərini müalicə edə bilər. Bu baxımdan, uşağa elə ad qoymaq lazımdır ki, adı ona dürüstlük, mərdlik, xeyirxahlıq və digər müsbət keyfiyyətlər aşılasın. Oğlana qız, qıza oğlan adı qoymaq, zəiflik, acizlik, ümidsizlik hisslərini yada salan adlardan istifadə etmək uşağın şüurunda və təhtəlşüurunda mənfi izlər buraxır.
Bəyənilən, bəyənilməyən və yasaq olan adlar
Yuxarıda deyilənlərə əsasən, yaxşı ad seçmək elə də çətin olmaz. Önəmli olan bu seçimin övladınızın taleyinə nə qədər təsirli olduğunu bilmək və adların mənasını öyrənməkdir. Allaha bəndəliyi xatırladan Abdullah, Əbdürrəhman kimi adlar, həmçinin ilahi mesajların daşıyıcıları olan müqəddəs peyğəmbərlərin adları yaxşıdır. İmam Baqir bu haqda buyurur: "Ən düzgün adlar Allaha bəndəliyi ehtiva edən və ən dəyərli adlar peyğəmbərlərin adlarıdır". (6) Onların arasında Məhəmməd peyğəmbərin (s) adını qoymaq xüsusi tövsiyə olunur. Bunlardan əlavə, Peyğəmbərin Əhli-beytinin və fədakar səhabələrinin adlarından istifadə etmək münasibdir; məsələn, Əli, Həsən, Hüseyn, Həmzə, Salman və s. Əhli-beyt sevgisinin Quranda vacib buyurulduğunu (7) da nəzərə alsaq, uşaqlara uyğun adların verilməsinin necə əhəmiyyətli olması şübhə doğurmaz.
Qız uşaqları üçün Fatimə, Xədicə, Zeynəb, Məryəm, Nərgiz kimi adlar çox münasibdir. Bəzi hədislərdə Peyğəmbər və onun Əhli-beytinin adlarından istifadə etmək yuxarıdakı faydalardan əlavə, ilahi nemət və bərəkətlərə səbəb kimi də vurğulanır. (8) Həmçinin belə adlar qoyandan sonra uşaqları vurmamaq, söyməmək, onlarla kobud davranmamaq və onlara hörmət etmək xüsusi şəkildə tövsiyə olunur. (9)
Dünyadan köçmüş böyük insanların xatirəsini yaşatmaq üçün onların adlarını uşaqlara qoymaq da yaxşı haldır. Lakin bu zaman həmin adların cəmiyyət tərəfindən necə qarşılandığına diqqət yetirmək lazımdır. Dini və müqəddəs adlardan fərqli olaraq belə adların daha tez köhnəlmə ehtimalı var. Həm də imkan daxilində dilimizdə gözəl səslənən və səlis tələffüz olunan adlardan istifadə etmək yaxşı olar.
Uşağa ad qoyarkən Allaha xas adlardan birbaşa istifadə etmək olmaz. Şəriət mütəxəssisləri belə adlardan hansıların qadağan olunduğuna dair qəti fikir söyləməsələr də, bizdə geniş yayılmış İlahə və Rəhman kimi adları qoymamaq məsləhət görülür. Bundan əlavə, şeytan və büt adlarını, günahı və günahkarları xatırladan, həmçinin uşağa təhqir sayılan adları qoymaq olmaz.
Mədinə şəhərinə hicrətdən sonra Məhəmməd peyğəmbərin (s) islahatlarından biri də pis mənalı insan və yer adlarının dəyişdirilməsi idi. (10) O, xoşagəlməz mənası olan Yəsrib adını dəyişib Teybə, Əbdülüzza (Üzza bütünün qulu), Əbdüşəms (Günəşin qulu) və digər bu tip adları Abdullah, Əbdülşər adını Əbdülxeyr, Qafil adını Aqil qoymuş (11), hətta cahiliyyət dövrünü xatırladan bəzi dag və kənd adlarında da dəyişiklik aparmışdı.
Uşağa adı kim qoymalıdır?
İslam nöqteyi-nəzərindən ailənin başçısı kimi, uşağa ad qoymaq vəzifəsi də atanın üzərinə düşür, pis ad qoyulduğu təqdirdə məsuliyyəti məhz o daşıyır. Lakin uşağın dünyaya gəlməsində əsas çətinlikləri ananın çəkdiyinə görə, təbii ki, onunla məsləhətləşmək və ortaq həyatın bütün sahələri kimi razılığa gəlmək lazımdır. Təəssüf ki, bəzi ailələrdə uşağın adı haqda qərar verəcək son adamlar valideynlər, xüsusən də ana olur. Əslində isə bu haqq uşağın valideynlərinə məxsusdur. Digərləri bu barədə məsləhət verməklə kifayətlənməli, müdaxilə etməməlidirlər.
Mənbə: Milli.Az