Bulvar İdarəsinin sədr müavini Nazim Məcidov isə Milli Park ərazisində təşkil olunacaq bayram şənlikləri barəsində məlumat verib. O bildirib ki, bulvar ərazisi bayrama uyğun olaraq bəzədiləcək və bu işləri müvafiq dövlət strukturları həyata keçirəcək. N.Məcidov bayram günlərində park ərazisində olan attraksionların pulsuz olacağı barədə yayılan xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bayram günlərində Milli Park ərazisində olan attraksionlar pulsuz olmayacaq.
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov isə Novruz tətili zamanı məktəblilər üçün nəzərdə tutulan sirk proqramları barəsində məlumat verib.
O, açıqlamasında deyib ki, Novruz bayramında şənliklər ilə yanaşı, böyük sirk kollektivləri də şəhərimizə dəvət edilib. O bildirb ki, bayram günləri üçün Rusiya və Ukraynadan Bakıya böyük və möhtəşəm sirk proqramı gətirilib: “Artıq proqram tam heyətlə Bakıya gəlib çatıb. Proqrama hazırlıq məşqləri başlayıb. Proqram “Baharın 117 anı” adlanır”.
Onun sözlərinə görə, proqramda heyvanlarla bağlı çox rəngarəng çıxışlar var: “O cümlədən paroqramda şirlərin və pələnglərin böyük bir proqramı var. Atlarla maraqlı cigidlər qrupu var. Proqramda lama və oxlu kirpi və meymunlar ümumilikdə 111 adda heyvan və quşların iştirak etdiyi böyük attraksionlar olacaq. Hava nömrələri göstəriləcək. Klounlar qrupu dəvət edilib".
M.Hümbətov yaz tətili günlərində sirkin tamaşalarının fasiləsiz olaraq davam edəcəyini söyləyib: “Mart ayının 14-dən ayın sonundək proqramın nümayişi davam edəcək. Proqram iki saaat çəkəcək. Mətbuat katibi biletlərin qiyməti məsələsinə də aydınlıq gətirib: “Qiymətlər həmişə olduğu kimi olacaq. Belə ki, ən bahalı biletlərin qiyməti 10 manata, arxa sıralara doğru getdikcə qiymət 8 manata düşür. Tamaşaçılarımız biletləri əldə etmək üçün bizə əvvəlcədən müraciət etməlidirlər. Kassalarımız artıq fasiləsiz olaraq işləyir”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində də Novruz bayramı günlərində məktəb şagirləri üçün tamaşalar nümayiş olunacaq.
Teartdan verilən məlumata görə, bayram tamaşaları martın 17-dən etibarən start götürəcək və martın 24-də yekunlaşacaq. Yaz tətili günlərində, teatrın səhnəsində, Novruz tamaşası Y.Şvartsın “Qırmızı papaq” əsəri nümayiş olunacaq.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrında da yaz tətili ilə bağlı tamaşalar nümayiş ediləcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, yaz tətili tamaşalarına mart ayının 17-dən etibarən start veriləcək. Tamaşalar martın sonuna qədər nümayiş olunacaq.
Milli Azərbaycan Tarixi Muzeyində isə bayram günlərində “açıq qapı” kampaniyası keçiriləcək. Keçiriləcək kampaniya 10 günlük davam edəcək. Yaz tətili müddətində bu kampaniyadan məktəblilər, tələbələr, bütün Bakı sakinləri və qonaqlar faydalana bilərlər.
“Açıq qapı” günləri Tarix Muzeyində martın 15-dən 30-dək, 20-21-22-23 mart istisna olmaqla keçiriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində yaz tətili günlərinin müddətini açıqlayıb. Orta məktəblərdə yaz tətili martın 17-də başlayacaq. 6 günlük iş həftəsi ilə işləyən orta məktəblərdə dərslər martın 26-si, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə dərslər martın 27-si başlayacaq.
Mənbə: Milli.Az