Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində yerləşən müasir attraksion-panoram (karusel) martın 12-si saat 11:00-dan etibarən paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək. Bu barədə Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müaviniNazim Məcidov bildirib.
O, attraksion-panoramdan istifadə üçün biletlərin qiymətlərini də açıqlayib: "Artıq sabah saat 11:00-dan etibarən karusel vətəndaşların istifadəsinə veriləcək. Kassa tam gücü ilə işləyəcək. Biletlər 6 yaşınadək uşaqlar üçün pulsuz, 6 yaşından 12 yaşınadək olan uşaqlar üçün 3 manat, 12 yaşından böyük uşaqlar və böyüklər üçün 5 manat olacaq".
Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Niderlandın "Dutch Wheels" şirkəti ilə bağlanmış müqaviləyə əsasən 2013-cü ilin sentyabrında başlanılıb.
Diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Çarxın bir dövrəsinin vaxtı 30-40 dəqiqə təşkil edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 10-da attraksion-panoramın açılışında iştirak ediblər.
Mənbə: Milli.Az