Kür ətrafı rayonlarda yaşayan əhalinin içməli sudan korluq çəkdiyi hər kəsə məlumdur. Səbəb Kür çayının suyunun həddindən artıq lilli olmasıdır. Buna görə də əhali içməli suyu ya su daşı vasitəsilə təmizləyir, ya da artezian quyularından gələn sudan istifadə edir.
Milli.Az El TV-yə istinadən xəbər verir ki, həkim-uroloq Oqtay Xəlilov deyir ki, suyun tərkibinin çirkli olması böyrəkdə daşın əmələ gəlməsinin əsas səbəblərindəndir: “Yevlax şəhərində Kürün suyu təmizlənməmiş verilir. Əslində bu təmizlənib verilməlidir. Ona görə də Kürün suyu ya qaynadılmalıdır, ya da daşdan keçirilməlidir”.
Həkim-uroloq onu da bildirir ki, artezian suyu hətta böyrəkdə xırda daşların təmizlənməsinə yardımçı olur. Yevlax şəhər Su Kanal İdarəsinin müdiri Sabir Həsənov isə deyir ki, su təmizləyici qurğular vasitəsilə su qismən təmizlənmiş halda əhaliyə verilir. Yaxın gələcəkdə isə əhalini ekoloji cəhətdən tam təmiz su ilə təmin etmək mümkün olacaq: "Dövlətimiz tərəfindən artıq layihə hazırlanıb. Əhalini saf su ilə təmin edə biləcəyik".
Mənbə: Milli.Az