Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, polis serjantları sadəcə protokolu tərtib etmək hüququna malikdirlər, qərar isə polis idarələrinin rəhbərləri tərəfindən verilir: "Yəni polis serjantı vətəndaşın nə vaxt hansı yerdə hansı qanunun hansı maddəsini pozduğunu sənədləşdirir. İnzibati xəta ilə bağlı cərimənin tətbiqi barədə qərar isə qanuna uyğun olaraq, həmin polis serjantının yazdığı protokol əsasında ərazi üzrə polis idarəsində rəhbərlik tərəfindən qəbul olunur".
Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə bildirilir ki, vətəndaşların yeraltı keçiddən keçməməyə görə polis serjantları tərəfindən cərimələnməsi qanunvericiliyə zidd formada həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2-ci maddəsinə istinad edilərək bildirilir ki, polis serjantının İXM-in 153.1-1-ci maddəsi ilə işlərə baxmaq səlahiyyəti yoxdur. Buna görə də cərimələnən şəxslər protokolu alandan sonra 10 gün müddətində inzibati-iqtisadi məhkəməyə ərizə ilə müraciət edib onun ləğvini tələb edə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda 2-ci maddəyə əsasən İXM-in 153.1-1-ci maddəsi ilə işlərə daxili işlər naziri, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, eləcə də Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavini, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxmaq səlahiyyətinə malikdirlər.
Mənbə: Milli.Az