Türkiyə Superliqasının XXIV turunun “Avni Aker” stadionunda keçirilən “Trabzonspor” - “Fənərbağça” qarşılaşması yerli azarkeşlər tərəfindən meydançaya yad əşyalar atıldığı üçün yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, baş hakim Bülənt Yıldırım matçı dayandırmaq qərarı verdikdən sonra da olaylar başa çatmayıb.
Belə ki, meydançadan çıxarılan yerli azarkeşlər stadionun kənarında “Fənərbağça”nın avtobusunu gözləyiblər. Məhz buna görə də tərəfdarlarla polis qüvvələri arasında ciddi qarşıdurma olub.
TOMA və “Əqrəb” adlı texnikalarla və eləcə də gözyaşardıcı qazlar vasitəsilə yerli kütlənin qarşısını almağa çalışan asayiş keşikçiləri qarşılığında daş və məşəl atışları ilə üzləşib. Bu hadisədə 6-sı polis olmaqla, çoxlu sayda adam yaralanıb.
İndi hamı Futbol Qaydalarının “Təhlükəsizlik səbəbi ilə oyunların tamamlanmaması” maddəsinin 19-cu bəndinə əsasən qərarın verilməsini gözləyir. Bu bəndə görə, komandalardan biri və ya hər ikisinə texniki məğlubiyyət verilə bilər. Əgər yerli federasiyanın İdarə Heyəti görüşün dayandırılmasının əsassız olduğunu düşünərsə, matçın təkrarlanmasına və ya qaldığı yerdən davam etdirilməsinə qərar verə bilər.
Ancaq hadisənin “Trabzonspor” tərəfdarı tərəfindən çıxarıldığını nəzərə alsaq, “bordo-bəyazlılar”a 0:3 texniki məğlubiyyət veriləcək. Hakimlərin hesabatları dinlənildikdən sonra “Trabzonspor”u İntizam Komitəsinin qərarına əsasən, 6 ilə 8 matç arasında azarkeşsiz oynamaq cəzası gözləyə bilər. Belə olduqda Qara dəniz təmsilçisi cari mövsümün “Kasımpaşa”, “Gənclərbirliyi”, “Qaziantepspor” və “Qalatasaray”la ev matçlarında kişi azarkeşlərindən məhrum olacaq.
Bu arada Twitter-də də bu matç çox sayda müzakirələrə səbəb olub. Əksəriyyət tərəfindən yerli azarkeşlərin bu hərəkəti pislənilir. Fikirlərə görə, bu hərəkət “Trabzonspor”un xal qazanmaqdan məhrum etmiş olub.
Qeyd edək ki, “Fənərbağça” 23-cü dəqiqədə hesabda önə çıxdıqdan sonra azarkeşlər meydana yandırıcı maddələr atıblar. Referi oyuna 10 dəqiqə ara verdikdən sonra matç davam etdirilib. Amma ilk yarıya əlavə edilən vaxtda azarkeşlər yenidən yad əşyalar atıblar. Belədə Yıldırım matçı bir daha dayandıraraq soyunma otağına gedib. Bir qədər sonra matçın yarımçıq dayandırıldığı elan edilib.
Mənbə: Milli.Az