Qadin.NET / Azərbaycanda Göz Bankı yaradıla bilər

Azərbaycanda Göz Bankı yaradıla bilər

 

Respublika Diaqnostika Mərkəzinin baş oftalmoloqu Xəlil Hüseynov Trend-ə bildirib ki, hazırda Azərbaycanda qarşıya qoyulan əsas hədəflərdən biri gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsidir.

Gözün buynuz qışasının transplantasiyası sahəsində boşluq olduğunu hesab edən baş oftalmoloq qeyd edib ki, 2003-cü ildən 2011-ci ilə qədər ölkədə bu əməliyyatlar keçirilib. Ancaq 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədi ilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilmədi: "Azərbaycanda buynuz qışasının transplantasiyasının aparılmasına icazə verilsə də, Göz Bankı yoxdur. Ona görə də biz Azərbaycanda Göz Bankının açılacağını gözləyirik. Bu, spesipik bir bankdır. Orada göz xüsusi olaraq, transplantologiya üçün hazırlanır".
X.Hüseynovun sözlərinə görə, Azərbaycanda dünyasını dəyişən insanlardan orqan götürülməsi təcrübəsi olmasa da, İslam Respublikası olan İranda bu tərcübə artıq çoxdan tətbiq edilir. Baş oftalmoloq hesab edir ki, Azərbaycanda da dünyasını dəyişən insanların yaxınları ölmüş şəxsin orqanlarından transplantalogiya məqsədilə istifadə etməyə icazə versələr, donorun tapılması problemi həll olunar.
X.Hüseynov bildirib ki, əvvəllər bütün buynuz qişası digər insana köçürüldüyü halda, artıq indi bir buynuz qişa 2 nəfər üçün istifadə edilə bilər: "Əgər biz hər buynuz qişanı 2 nəfərin arasında bölüşdürə bilsək, bu, çox önəmli məsələ olar. Çünki buynuz qışanı tapmaq asan deyil".
Gözün buynuz qışasının transplantasiyasının hazırkı dövrdə Azərbaycan üçün çox əhəmiyyətli olduğunu deyən həkim deyib ki, azərbaycanlı xəstələrin çoxu bu əməliyyatın aparılması üçün ya İrana, ya da Türkiyəyə gedirlər. Lakin həmin xəstələr Azərbaycana qayıtdıqdan sonra onların müəyyən problemləri yarandıqda həmin həkimlərin nəzarəti altında ola bilmirlər.
Azərbaycanda gözdən şikayət edən xəstələr arasında daha çox "qara su" və "mirvari suyu" xəstəliklərinə, uşaqlar arasında isə çəpgözlük hallarına rast gəlindiyini açıqlayan X.Hüseynov qeyd edib ki, insanlar uzun müddət kitab oxuduqda, televizora, telefona baxdıqda gözlərdə qırpmalar azalır, buxarlanma zəifləyir və nəticədə gözdə quruluq yaranır. Bu isə gözün sağlamlıq durumunun pisləşməsinə gətirib çıxarır: "Göz xəstəliklərindən azad olmaq istəyən insanlar vaxtaşarı olaraq gözlərini müayinə etdirməlidirlər. Ehtiyac duyulan əməliyyat da vaxtında aparılmalıdır, çünki əks halda, fəsadlar daha da ciddiləşir. Bunları nəzərə alaraq, xəstələr üçün xüsusi kampaniya keçiririk. Biz eynəkdən azad olmaq istəyən insanlar üçün əməliyyatları martın sonuna kimi 50 faiz endirimlə edəcəyik".

Mənbə: Milli.Az

 

10 mart 2014
GO BACK