Qadin.NET / Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO

Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO

 

Martın 10-da Bakıda Azərbaycan vikipediyaçılarının “Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər” mövzusunda birinci milli forumu işə başlayıb.AzərTAc xəbər verir ki, forumda vikipediya idarəçiləri, sosial media mütəxəssisləri, alimlər və ictimaiyyət nümayəndələri Azərbaycan vikipediyasının mövcud vəziyyətini, problemləri və onların həlli yollarını müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq milli vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının və təkliflər paketinin hazırlanması nəzərdə tutulub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Vikipediya hazırda məlumat mənbəyi olmaqla yanaşı, siyasi mübarizə müstəvisidir. 
Onun sözlərinə görə, hazırda bir gündə Azərbaycan dilində orta hesabla 20 məqalə hazırlanır ki, bu da il ərzində 6 min məqalə deməkdir. “Bu azdır. Biz Vikipediya hərəkatını cəmiyyətin daxilinə yeridə bilməmişik. Çox yaxşı olardı ki, Vikipediyaya elm və təhsil müəssisələri qoşulsunlar, universitetlərdə vikipediya qrupları yaradılsın. Mətbuat da Vikipediya ilə bağlı məlumatlara yer ayırmalıdır. Bu bir ziyalı fəaliyyətidir”, - deyə o bildirib.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı öz növbəsində qeyd edib ki, elm aləmində Vikipediyanın rolu ondan ibarətdir ki, bu resurs yol göstərir, ilkin məlumat verir.
Azərbaycanda Vikipediya hərəkatının gec başladığını deyən Hamlet İsaxanlının sözlərinə görə, Azərbaycan Vikipediyaya qoşulduğu ilk vaxtlarda müsəlman ölkələri arasında 5-ci yerdə idi. “Amma getdikcə bu proses zəiflədi. Bu işi canlandırmaq üçün kütləvilik lazımdır. Bunun vacibliyi məsələsini tələbələr arasında geniş yaymaq lazımdır”, - deyə o qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İradə Ələkbərova çıxışında vikicəmiyyət haqqında danışıb. O bildirib ki, hazırda Azərbaycandan Vikipediyada 70 min insan qeydiyyatdan keçmişdir, amma buna baxmayaraq, məqalələrin sayı çox azdır:
“Materialların sayını artırmaq üçün vikicəmiyyəti fəallaşdırmaq lazımdır. Alimlər və tələbələr birlikdə fəaliyyət göstərməlidirlər. Vikicəmiyyətin formalaşması üçün seminarlar, simpoziumlar vasitəsilə diqqət cəlb etmək lazımdır. Azərbaycanda vikimaniya konfransı keçirməklə bütün dünyanın vikipediyaçılarını Bakıya toplamaq olar”.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun digər əməkdaşı Rasim Mahmudov da Azərbaycanda Vikipediya fəaliyyətinin zəif olduğunu qeyd edərək gəncləri bu işə fəal qoşulmağa dəvət edib.
Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənib. Azərbaycandilli vikipediyada isə məqalələrin sayı 98 minə çatır.
Mənbə: Milli.Az


 

10 mart 2014
GO BACK