Qadin.NET / Ötəri saydığımız xəstəliyin dəhşətli fəsadı

Ötəri saydığımız xəstəliyin dəhşətli fəsadı

Son zamanlar məktəb və uşaq bağçalarında suçiçəyi xəstəliyi yayılıb. Suçiçəyi "varisella zoster" adı verilən bir virus tərəfindən meydana gələn qızdırmalı infeksiya xəstəliyidir. Varisella zoster virusu havada 1-2 saat canlı qalan və çox sürətli çoxalan virusdur. Virusun yoluxuculuğu çox yüksəkdir. Adamdan-adama daha çox asqırma, öskürmə ilə havaya dağılan virus tənəffüs yolu və ya göz təması nəticəsində bulaşır. Xəstəlik dəridəki suçiçəyi səpkilərinə təmas etdikdə də bulaşır. Virus orqanizmə düşdükdə 14-16 gün içində özünü büruzə verir, yayılır.Yüksək dərəcəli yoluxuculuğa malik olan bu xəstəlik uşaqlıq dövründə çox yüngül, dəridə qaşıntılı, kiçik, yumru suluqlarla müşahidə edilir. Böyüklərdə isə xəstəlik bir qədər ağır keçir. Həkim-pediatr İlhamə Qurbanovanın sözlərinə görə, xəstə ilə təmas zamanı virus bulaşdığı təqdirdə 4 gün içində üst tənəffüs yolu, limfa vəzlərinə yayılır. 7-ci gündə qaraciyər, dalaq və başqa orqanlara yayılaraq çoxalmağa başlayır. 14-cü gündə adamda yüksək hərarət, başağrısı, qarın ağrısı, halsızlıq kimi simptomlar müşahidə edilir. Daha sonra üz, saçların dibi, çiyinlər, kürək, qol və qıçlarda içi maye dolu suluqlar yaranır. "Səpkilər əvvəlcə qızartı şəklində yaranır. Yüngül keçirilən suçiçəyi infeksiyasında suluqların sayı 10-20-yə, ağır keçən xəstəlikdə isə 300-500-ə çatır. Suluqlar zamanla qabıqlanır və təxminən iki həftə içində tökülür. Suluqlar qaşıntılı və fərqli boyda olur. İçində olan maye 5-6 gün müddətində quruyur və yoluxuculuğu itir. Xəstəlik zamanı gözlərdə və ağız içində də səpkilər ortaya çıxa bilər".Suçiçəyi xəstəliyi 2-3 həftə davam edir və xəstəliyi keçirən insana ömürlük immunitet qazandırır. Yəni ikinci dəfə suçiçəyi xəstəliyinə yoluxmaq nadir halda ola bilər.
Müsahibimizin bildirdiyinə görə, son dərəcə yoluxucu olan suçiçəyinin uşaqdan evdəki ailə üzvlərinə yoluxdurma ehtimalı 90 faizdir. Ümumiyyətlə, uşaqların olduğu mühitlərdə bağça, körpələr evi və məktəblərdə bulaşma çox sürətlidir. Xəstəlik əlamətlərini göründüyü gündən 2 gün əvvəl və 5 gün sonrasına qədər yoluxucu mövqedə olur.
Mütəxəssislərin fikrincə, suçiçəyindən qorunmaq üçün suçiçəyi peyvəndi etdirmək çox faydalıdır. Xəstəlik daha çox mövsüm etibarilə yanvar-mart aylarında daha çox yayılır. Xəstəlik əsasən 5-9 yaş arası uşaqlarda müşahidə edilir. Xəstəlik böyüklərdə daha çox fəsadlarla keçir. Belə ki, dünyada suçiçəyinə yoluxmuş 20 yaşından yuxarı şəxslərin 5 faizi dünyasını dəyişir. Xəstəliyə yoluxmaq üçün xəstənin olduğu mühitdə bir neçə saat olmaq kifayət edir.
Hamiləlikdə suçiçəyi keçirilməsi riskli bir haldır. Hamiləlikdə suçiçəyi keçirildiyi halda pnevmoniya keçirmə riski yüksək olur. Hazırda pnevmoniya keçirmiş hamilə qadınların 35 faizi həyatını itirir. Hamilə qadınlarda suçiçəyi ilə əlaqəli sətəlcəm olma riski də böyükdür. Siqaret, xroniki ağciyər xəstəlikləri və immunitet sistemi xəstəlikləri suçiçəyinin daha ağrılı fəsadlar verməsi ilə nəticələnir. Xəstəlik zamanı yaranan sulu qabarcıqların sayı nə qədər çoxdursa, xəstəlik bir o qədər ağır keçir. Xəstəlik ağır keçirsə, bu müəyyən fəsadlarla nəticələnə bilər. 
"Hamilə qadın suçiçəyinə tutulubsa, həkim nəzarətində olması mütləqdir. Suçiçəyi olmuş hamilə qadında sinə və ya qarın ağrısı, suluqlarda qanama, ağız içində və bütün bədəndə qabarcıqların çox olduğu halda o, xəstəxanaya aparılmalıdır. Əsasən hamiləliyin son dövrlərində xəstəlik daha ağır keçir. Anada aktiv infeksiya olduğu halda körpəyə bəzi mənfi təsirlər edə bilər".
Hamilə qadınlar suçiçəyi olarsa, doğuş ağrılı keçər, dəridə böyük ləkələr əmələ gələr, xəstə qadının dünyaya gətirdiyi körpənin gözləri normadan kiçik olar, katarakt, göz infeksiyaları, görmə sinirində kiçilmə, qollar, ya da qıçlarda qısalıq, barmaqlarda anormallıq, əzələlərdə güc itkisi, hissiyyatın olmaması, sidik və ya nəcis tuta bilməmə, beyin iltihabı, baş içində su toplanması, beyin toxumasının inkişafdan qalması, böyrəklərdə çatışmazlıq, bağırsaqlarda inkişaf pozuntusu yarana bilər.
Ümumiyyətlə, suçiçəyi ağır xəstəlikdir. Xəstəlik xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir. Suçiçəyindən qorunmaq mümkün olmasa da, peyvəndlərlə immuniteti gücləndirmək mümkündür.

Mənbə: Milli.Az

10 mart 2014
GO BACK