Qadin.NET / Kimlər ünvanlı sosial yardım ala bilərlər?

Kimlər ünvanlı sosial yardım ala bilərlər?

 

Ünvanlı sosial yardım müvafiq qanuna əsasən, əhalinin aztəminatlı təbəqələri üçün nəzərdə tutulub. Hər il ölkədə dövlət büdcəsi təsdiq olunanda ölkə üzrə ehtiyac meyarı da müəyyənləşir. Ehtiyac meyarı ünvanlı sosial yardımı vermək üçün müəyyən olunmuş bir göstəricidir. Cari ildə ehtiyac meyarı 100 manat müəyyənləşib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, ƏƏSMN Yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirir ki, bu, o deməkdir ki, əgər ailənin 4 nəfər üzvü varsa və ailənin orta aylıq gəliri hər bir ailə üzvünə düşən ehtiyac meyarının məcmusundan, yəni 400 manatdan aşağıdırsa, həmin ailəyə sosial yardım təyn olunur: "Hər bir ailənin orta aylıq gəliri var. Orta aylıq gəlir deyəndə nə nəzərdə tutulur? Ailədə 5 nəfər üzv varsa, bunlardan 2-3 nəfər işləyirsə, hər birinin aldığı əmək haqqı toplanır. Həmin gəliri 5 nəfər ailə üzvünə böləndə hərəsinə 100 manatdan aşağı düşürsə, bax, o, 100 manatdan aşağı düşən məbləğlə 100 manat arasındakı fərq məbləğində ailə üzvlərinə yardım təyin olunmalıdır".Qeyd edək ki, ailənin 4 və ya daha artıq ailə üzvü varsa, onlar əmək qabiliyyətli yaşdadırlarsa, yəni yaşları 16-dan yuxarı və pensiya yaşınadək olan yaş arasında insanlardırsa və heç birinin də sağlamlıq imkanları məhdud deyilsə, yəni əlillik dərəcələri yoxdursa, bunlar Əmək Məcəlləsinə görə əmək qabiliyyətli insanlar sayılırlar və bu insanlar ictimai faydalı əməklə məşğul olmalıdırlar. Belə şəxslərin “işsizəm” deməklə, ünvanlı sosial yardım almaq hüququ yoxdur. ƏƏSMN Yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyir ki, əgər ailədə 1 və ya 2 əmək pensiyası alan varsa, onların da əmək pensiyasının məbləği ailənin digər üzvlərinin gəliri ilə birlikdə toplanır, ailə üzvlərinin sayına bölünür və orta aylıq gəlir hesablanır: "Ailədə ola bilər ki, 2 nəfər pensiya alır. 3 - 4 nəfər də digər üzvləri var. Tutalım 1-i 150, digəri 160 manat əmək pensiyası alır. Bunun 2-nin məbləği 310 manat edir. Əgər ailədə bunlardan başqa 3 nəfər də üzv varsa və onlar əmək qabiliyyətsizdirlərsə, yaxud da, necə deyərlər, əmək qabiliyyətli yaşa qədər olan yaşdadırlar və başqa gəlirləri də yoxdursa, belə olan halda bu 2 nəfər əmək pensiyası alanın pensiyasının ümumi məbləğinin 310 manat olmasına baxmayaraq, ailənin 5 nəfər üzvü olduğu üçün həmin ailəyə 5 vurulsun 100 manat, yəni 500 manat miqdarında məbləğ müəyyən edilir. Bundan 310 manatı çıxılır, yerdə qalır 190 manat. Deməli, o ailəyə 190 manat məbləğində ünvanlı sosial yardım təyin edilə bilər".Çingiz Əliyevin sözlərinə görə, istər mülkiyyətində, istərsə də istifadəsində avtomobil olan ailə aztəminatlı ailə təbəqəsinə aid edilmir və onlara ünvanli sosial yardim təyin edilə bilməz. Həmçinin banka kredit ödəyən vətəndaşların da ünvanlı sosial yardım almaq hüququ yoxdur. Qeyd edək ki, ünvanlı sosial yardım dövlət tərəfindən daimi ödənilməsi nəzərdə tutulan yardım deyil. Bu səbəbdən də ailə 12 aydan sonra yenidən müraciət edərək sənədləşmə işi aparmalıdır.

Mənbə: Milli.Az

6 mart 2014
GO BACK