Novruzəliyev bunun üçün AFFA-ya müraciət etdiklərini bildirdi: “Biz stadionun adının “İnter Arena” olmasını istəyirik. Hazırda “Şəfa” adlanan klub yoxdur. Stadionu özəlləşdirmişik. Tam hüquqlu bir tərəf kimi istəyirik ki, arenanın adında kluba dair nəsə olsun. Dünən bu məsələ ilə bağlı AFFA-ya müraciət etmişik. AFFA-dan təsdiq cavabı alan kimi stadion rəsmən “İnter Arena” adlandırılmağa başlanacaq”.
“İnter”in vitse-prezidentinin ad dəyişdirilməsinə dair AFFA-ya müraciət etməsi bizə qaranlıq qaldı. Çünki “İnter”in bu stadionu özəlləşdirdiyini bilirik. Belədə, klub niyə AFFA-dan razılıq almalıdır? Novruzəliyev buna belə aydınlıq gətirdi: “Biz arenada olan 4 meydançanı özəlləşdirsək də, bəzi məsələlər qalıb. Belə deyək, özəlləşdirmənin son mərhələsindəyik. Ona görə də AFFA-nın razılığı alınmalıdır. Böyük ehtimalla, qurum tərəfindən ad dəyişdirilməklə bağlı problem yaradılmayacaq”.
Mənbə: Milli.Az