Qadin.NET / 8 Mart həftəsi başladı

8 Mart həftəsi başladı

 

Artıq 8 Mart həftəsi başlayıb. Neçə onilliklərdir ki, Beynəlxalq Qadınlar Bayramı kimi qeyd olunan bu gün Azərbaycandan da yan keçmir. Hər il 3-cü ayın 8-ci gününü qadınlarımıza həsr edirik. Əksər xanımlar bu günü səbirsizliklə gözləyirlər. Amma etiraf etmək lazımdır ki, bu bayram kişilərə xeyli maddi sıxıntı ilə yanaşı, psixoloji gərginlik də yaşadır. Çünki hər bir kişinin həyatında hədiyyə alacağı xeyli qadın var - ana, həyat yoldaşı, bacı, qız və s.Azərbaycanda, xüsusilə də paytaxt Bakıda hər bayramda olduğu kimi, 8 Martda da qiymətlər kəskin şəkildə bahalaşır. Güldən tutmuş ətriyyata, paltardan qab-qacağa kimi, nəyin qiyməti ilə maraqlanırsan, od tutub yanır. Hədiyyə və gül dükanlarına baş çəkib bayramqabağı qiymətlərlə maraqlandıq. Maraqlıdır, bayramla əlaqədar hədiyyə dükanları hazırlıqlar edib? İnsanlar daha çox hansı hədiyyələrə üstünlük verirlər?Gül və hədiyyələr mağazasının işçisi Qulam Məmmədovun sözlərinə görə, artıq tədarüklərə başlayıblar:“Güllər sifariş vermişik. İstəyirik ki, müştərilərimizə çoxlu gül çeşidləri təqdim edə bilək. İnsanlar daha çox qızılgülilə maraqlanırlar. Çox güman, mən də xanımıma gül bağışlayacağam. Gördüyünüz kimi, burada yumşaq oyuncaqlar da satılır. İmkanından asılı olaraq gül, yaxud oyuncaq alan bəylər var. Eləsi də var, ikisini birdən alır”.

Bayram günlərində qiymətlərdə müşahidə olunan bahalaşmadan da söz açan Q.Məmmədov bunları dedi: “Qiymət artımı bizdən asılı olan məsələ deyil. Güllər bizə adətən Hollandiya, Ekvador, Türkiyədən gətirilir. Qiymətlər də elə ona görə baha olur. Həmin günlərdə təxminən 15-20% bahalaşma müşahidə olunur. Amma imkanı az olan kəslərə maksimum dərəcə endirim etməyə çalışırıq. Hətta elə bəy olub ki, gül və hədiyyə almaq üçün öz sənədini girov qoyub. Eləsi də var, hələ sənədi bizdədir, ardınca gəlməyib”.
Kişilərin 50 faizinin gül hədiyyəsini deyinə-deyinə aldığını söyləyən satıcı bunu məcburiyyətdən etdiklərini bildirdi:
“Bizim evlərdə isə vəziyyət fərqli olur. Çünki 8 Mart günü işlədiyimiz üçün biz xanımlarımızı 9 martda təbrik edirik. Buradan gül də aparırıq, ayrı hədiyyə də alırıq. Amma elə vaxt olub ki, heç evə aparmağa gülümüz qalmayıb. Qadınlardır da... Onlar gülü sevirlər”.
Parfüm dükanlarından birinə daxil olaraq bayrama özəl hazırlıq aparıb-aparmadıqları ilə maraqlandıq. Satıcının sözlərinə görə, hələ o gün üçün alış-veriş edən olmasa da, mağazaya çoxlu ətir gətirilib: “Hər cür adam var. Eləsi var, gəlib bizdən məsləhət alıb, ətir seçir, eləsi də var, zəng vurub soruşur (satıcı bunu deyib, gülür). Amma ümumən bilirlər hansı ətri almalıdırlar. Adını deyib, alırlar. Bir dəfə 8 Martda qadın zəng vurub dedi ki, mənə ”Lacoste" al. Belə hadisələr çox olur".
Texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar son illər xanımına telefon, planşet hədiyyə edən bəylər də var. Telefon mağazalarının birində bu durumla maraqlandıq. Satıcı Xəlil bəyin sözlərinə görə, 14 fevralda dostu sevdiyi xanıma İphone 5 hədiyyə edib.
Maraqlıdır, mətbuat nümayəndələri olan bəylərimiz xanımları üçün 8 Martda hansı sürpriz edəcəklər?Xanımlar, bəri başdan 8 Mart bayramınız mübarək!

Mənbə: Milli.Az

4 mart 2014
GO BACK