Qadin.NET / Nə üçün şagirdlər orta məktəblərdə dərslərdən yayınırlar?

Nə üçün şagirdlər orta məktəblərdə dərslərdən yayınırlar?

 

Mütəxəssislərin fikrincə, məktəblilərin dərsdən yayınma halları, əsasən, 8-ci sinifdən sonra başlayır. Bu isə bir çox səbəblərlə, o cümlədən də şagirdlərin repetitor yanına getməsi ilə əlaqələndirilir. Şagirdlərin özləri də səbəbdən asılı olmayaraq dərsdən yayınmanın heç də yaxşı nəticə vermədiyini anlayırlar. Şagirdlər deyirlər ki, bəzi uşaqlar evə tələsirlər, başqa biri əyləncələrə vaxtını sərf etmək istəyir, ancaq başa düşmürlər ki, gələcəkdə bunun üçün çox peşman olacaqlar. Müəllimlər isə düşünürlər ki, şagirdlərin dərslərdən yayınmalarında həm valideynlər, həm də məktəb günahkardır. Hər iki tərəfin səhlənkarlığı cəmiyyətə kamil insanın təqdim olunmasında maneəyə çevrilir. Hətta valideynlərin əksəriyyətində məsuliyyət hissi o dərəcədə azalıb ki, uşağının neçənci sinifdə oxumağını belə bilmir. Müəllimlərin fikrincə, valideynlər hər dəqiqə icazə alıb ora aparmaq, bura aparmaq kimi xırda işlərlə uşağı məktəbdən saxlayırlarsa, bu, onların gələcəyinə ziyandır. 

Milli.Az xəbər verir ki, psixoloq İlhamə İsmayılova deyir ki, şagirdin məktəbə bağlılığı, ilk növbədə, onun mənsub olduğu ailədən qaynaqlanır. Bəzi müəllimlərin təcrübəsizliyi, öz dərslərini yaxşı qura bilməməsi, uşaq psixologiyasından xəbərsizlik tədris prosesinə mənfi təsirini edir. Kənar müdaxilələr də şagirdlərin dərsə meyllənməsini sıfıra endirir. Psixoloqun sözlərinə görə, diplomlu savadsızlar, biznesdə və müəyyən sahələrdə bir az uğur qazanan insanlar ətrafdakı adamlara deyirlər ki, görürsüz mən oxumamışam, amma özümə müəyyən şərait qurmuşam. Yevlax şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyevin sözlərinə görə, bəzən orta məktəb şagirdləri yaşlı yox, yaşca cavan müəllimlərin dərslərinə daha çox maraq göstərirlər. Səbəb isə gənc kadrların müasir metodlardan istifadə edərək onları təhsilə yönləndirmələridir. Amma bu, son deyil. Neqativ halları aradan qaldırmaq üçün yollar axtarılmalıdır. Raquf Mirzəyev deyir ki, dərsdən yayınmaqla məktəbdən azad etmək olmaz. Uşaqların hamısı təhsil almalıdı və problemlər təbliğatla, hər hansı bir valideynə, ailəyə köməkliklə həll olunmalıdır. Bu işdə məktəb psixoloqlarının da üzərinə məsuliyyət düşür. Xatırladaq ki, Yevlax rayonundakı orta məktəblərin 95%-də psixoloq müəllimlər fəaliyyət göstərir ki, bunların 90%-i ixtisası üzrə çalışır.

Mənbə: Milli.Az

3 mart 2014
GO BACK