Bakı şəhərindəki istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədi ilə şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə seçim turu keçirilib.Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, seçim turunda riyaziyyat fənni üzrə 659 nəfər V-X, fizika fənni üzrə 215 nəfər VIII-X, kimya fənni üzrə 199 nəfər VIII-X, biologiya fənni üzrə 210 nəfər VI-X, informatika fənni üzrə 235 nəfər VI-X sinif şagirdi olmaqla ümumilikdə 1518 nəfər iştirak edib.Seçim turunda daha yaxşı nəticə göstərən şagirdlər arasında təkrar (ikinci) seçimin aparılması nəzərdə tutulub. Ən yüksək nəticə nümayiş etdirən şagirdlər xüsusi olaraq beynəlxalq fənn olimpiadalarına hazırlaşacaqlar. Həmin şagirdlərin hazırlanması işinə riyaziyyat fənni üzrə BDU-nun müəllimi, fəlsəfə doktoru Rafiq Quliyev, fizika fənni üzrə ADPU-nun Fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru Mirzəli Murğuzov, kimya fənni üzrə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, biologiya fənni üzrə ADPU-nun kafedra müdiri, biologiya elmləri doktoru Ədalət Fərəcov, informatika fənni üzrə BDU-nun müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ramin Mahmudzadə rəhbərlik edəcək.
Mənbə: Milli.Az