Bayram bazarlığı üçün nəzərdə tutulan qoz-fındıq da artıq satışa çıxarılıb. Qabıqlı qozun kilosu 3 manatdan, fındıq 3-4 manatdan, şabalıd 5 manatdan təklif edilir. Fındıq ləpəsi 5 manatdan başlayır. Qozun isə kiloqramı 7-11 manat arası dəyişir. Ancaq 5 manata satılan qoz ləpəsinə də rast gəlmək mümkündür. Turşu, kişmiş, qaysı isə kiloqramı əsasən, 5-6 manatdan satışdadır. Satıcılar bildirirlər ki, yarmarkalarda ucuzluq səbəbindən həm də sıxlıq var: “Novruza qədər həm bizə, həm də alıcılara xeyir olacaq. Ucuzluqdur, yarmarkadan bazarlıq etmək daha sərfəlidir”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri yarmarkalarda qiymətlərin bazardakından 20-30 faiz ucuz olduğunu bildirirlər. Yeri gəlmişkən, martın 1-də “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12,7 ton məhsul, o cümlədən 0,6 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz və s. təklif olunub. Burada qiymət fərqi bazardakından 20-25 faiz olub. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 45-50, yumurtanın 1 ədədi 11 qəpiyə və satılıb.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 55,1 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilib. Yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, göyərti və digər məhsullar üstünlük təşkil edib. Burada isə məhsulların bazarlardakından 25-30 faiz ucuz qiymətə satıldığı bildirilir.
Mənbə: Milli.Az