Qadin.NET / Kim deyir ki, qadın zəif məxluqdur?

Kim deyir ki, qadın zəif məxluqdur?

 

Qadının qayğıkeş obrazı həmişə hörmətə layiq görülüb. El arasında bir söz var: qadın həm zərif, həm də poladqəlbli insandır. Hər sözdən inciməyi bacaran və hər çətinliyə sinə gərə bilən incidir...Beləcə, qadınlar haqqında çox fikirlər söylənilib. Bu günlərdə Mingəçevirdə 9 saylı marşrut avtobusu ilə işə gəlirdim. Hər dayanacaqda
marşruta əli zənbillərlə dolu, belində yük torbaları olan qadınlar minirdi. Tək-tük əli cibində kişilər də görünürdü.
Bir az sonra marşrut avtobusuna daha ağıryüklü bir qadın mindi. Bunu görən marşrutun sürücüsü Vahid Hacıyev: “Kim deyir ki, qadın zəif məxluqdur”,-söylədi. O: “30 ildir ki, marşrutda sürücü işləyirəm. Belə hallarla, demək olar ki, hər gün rastlaşıram. Qadınların hər gün bazara gedib-gəlmələrinin şahidiyəm. Qadınlarımız evlərimizin dirəyidirlər. Onları belə əzabla, yüklə marşruta minən görəndə özümü bağışlaya bilmirəm. Onların elələri var ki, hər gün ərləri çayxanalarda nərd oynayırlar”.
Marşrut şoferi deyir ki, bəzən avtobusu saxlayıb kömək etmək istədiyi qadınlar da olub: “İstəmişəm ki, onların yüklərini özüm daşıyım. Mən o qadınlara deyərdim ki, heç olmasa, özləri öz qədirlərini bilsinlər. Amma işin başqa tərəfi də budur ki, bu, azərbaycanlı qadınların zəhmətkeş, halallığı sevən olmalarından xəbər verir. Ailə onlar üçün hər şeydən önəmli və əzizdir”. Qadınlarımız ən çətin günlərdə belə, həmişə kişilərlə çiyin-çiyinə çalışıblar. Hətta kişilərin çalışdığı sahələrdə belə qadınlarımızı görmək olur. Traktorçu, mexanizator, millət vəkili, sürücü, hətta pinəçi kimi zəhmətkeş qadınlarımız var. Bizim Azərbaycan qadınları digər ölkələrin qadınlarından həmişə zəhmətsevərlikləri ilə fərqləniblər.Onlardan biri də 8 qız uşağı böyüdüb, boya-başa çatdıran Ulduz Abdullayevadır. Bu qəhrəman ananın qızlarının hər biri ali təhsil alıb. “Gərək əziyyət çəkəsən ki, bəhrəsini görəsən”, - sözləri ilə söhbətimizə qoşulan Ulduz xanım deyir ki, indi qızlarının hərəsi bir evin ocağını yandırır.
“Xanımlıq nədir, bilməmişik, günümüz çölçülükdə, işdə-gücdə keçib. Elə indi də evdə qız-gəlinə də kömək edirik. Onu da deyim ki, qadının işi ancaq öləndə bitir. Qadın evinin həm nökəri, həm də ağasıdır. Bizim zamanımızda belə idi. İndi bu vərdişlər bir az dəyişib. Allahımdan çox razıyam, düzdür, əziyyətim çox olub. Amma indi 13 nəvəyə, 2 nəticəyə baxanda bu əziyyətlər gözümə görünmür. Təki dünyamız salamat olsun, işləməklə insan daha da cövhərləşir. Bəlkə də bizim belə sağlam-gümrah qalmağımıza səbəb həm kişi işində, həm də qadın işində işləməyimiz olub”.Bütün hallarda Ulduz xanım hesab edir ki, ev işlərinin ağırlığı kişinin çiyinlərində olmalıdır. Təəssüf ki, bəzi hallarda kişilər bu fədakarlığı göstərə bilmirlər. Nəticədə bu hətta ailələrin dağılmasına belə, gətirib çıxara bilir.
Mənbə: Zaman Azərbaycan

 

1 mart 2014
GO BACK