Qadin.NET / Vaxtımız: xəyallar, yoxsa məqsədlər?

Vaxtımız: xəyallar, yoxsa məqsədlər?

 

Bir işi görməli olduğunu bilə-bilə gününü boşuna keçirib, vaxt daraldıqdan sonra əlhaya düşən, əsəb-stress keçirən, özünü oda-közə vuran nə qədər insan var ətrafımızda? Bəs bizim özümüz necə, bu halı azmı yaşamışıq? Halbuki başlanğıcda bizə nə qədər vaxt verilmişdi. Bu təkcə iş həyatına, cəmiyyət həyatına aid olan bir məsələ deyil. Ailədə, təhsildə, bir sözlə, hər yerdə bu vəziyyətlə üzləşə bilərik. Ekspertlərin fikrincə, insanlar vaxtlarını düzgün dəyərləndirməklə bir işi daha rahat və keyfiyyətlə görə bilərlər. Uğurlu həyatın dayaq sütunlarından biri də budur. Psixoloq Xatirə Səfərovanın sözlərinə görə, bunun üçün birinci, insan özünü tanımalıdır; eyni zamanda arzularını, xəyallarını, fantaziyalarını və məqsədlərini bir-birindən ayırmalıdır.

 

“Ailəm” jurnalının redaktoru Aydın Ucal da bu fikirdədir ki, boş vaxt yoxdur, boş keçən vaxt var: “Vaxtın düzgün qiymətləndirilməsində bir növ boş vaxtın qiymətləndirilməsinin də rolu böyükdür. Ailə daxilində düzgün vaxt keçirmək həm də o ailə üzvlərini düzgün tərbiyə etmək deməkdir. Hətta ailədə səhər və axşam yeməklərini ailə üzvləri ilə bir yerdə yemək belə, ailədə vaxtın düzgün qiymətləndirilməsinin bir parçasıdır. Digər tərəfdən, ailədə tərəflərin bir-biri ilə yardımlaşması, həmçinin ailənin bütün üzvlərinə hər birinin ehtiyacı qədər vaxt ayrılması, heç kimin və heç vaxt diqqət mərkəzindən kənarda qalmaması da ailədə vaxtın düzgün qiymətləndirilməsi deməkdir. Belə ailələrdən çıxan fərdlərin cəmiyyətə inteqrasiyası da, demək olar ki, heç bir problem təşkil etmir”.
“Vaxt qızıldır”, “Yaşadığımız zaman bir daha geri qayıtmayacaq, dəyərini bilək”, “Günlərimizi elə yaşamalıyıq ki, arxaya dönüb baxdıqda “kaş ki” deyib peşman olmayaq”. Bu cür fikirləri tez-tez eşidirik. Bəs zamanımızı dəyərləndirə bilirikmi? Vaxtımızı düzgün bölə bilirikmi? Vaxtımızı necə nizamlamalıyıq ki, görülməmiş işlərdən, çatdıra bilmədiyimiz işlərdən stresə girməyək.
“İlk öncə vaxtın düzgün idarə olunmasını başa düşmək, nə etmək istədiyinin və nə istədiyinin mahiyyətinə varmaq lazımdır”,-deyir psixoloq Xatirə Səfərova. Onun sözlərinə görə, vaxtın düzgün idarə edilməsinin xüsusi sxemi vardır: “Birinci, məlumat olaraq bilməlisiz ki, vaxtın idarə edilməsi hansı mənada ifadə olunur. Əsas məsələ də budur ki, ömrü nə dərəcədə dəqiq və mənalı istifadə etdiyimizin fərqinə varaq. Elə etmək lazımdır ki, sonrakı mərhələdə mən niyə belə etdim, niyə bu cür yaşayıram və s. suallarla qarşılaşmayasan. Vaxtımızı səmərəli, doğru idarə etmək üçün ən önəmli faktor ali məqsədi önə keçirməkdir”.
“İnsan özünü tanımalıdır”
Psixoloq Xatirə Səfərovanın sözlərinə görə, birinci insan özünü tanımalıdır; eyni zamanda arzularını, xəyallarını, fantaziyalarını və məqsədlərini bir-birindən ayırmalıdır: “Məqsədim hansıdır, xəyallarım hansılardır və s. Bunları ayıra bilmədiyi müddətcə insan nə istədiyini və nə etdiyini bilməz. “Mən nə istəyirəm?” deyə heç düşündünüzmü? Bunu təyin etdikdən sonra ona uyğun da vaxt bölgüsü aparılmalıdır. Məsələn, mən karyeramı quracam və ya fransız dilini öyrənəcəm. Nə isə əldə etmək üçün heç bir səy göstərilmirsə, bunlar, sadəcə, insanda “papka”da bir kənarda qalmış sənəd təsiri bağışlayır”.
Psixoloq deyir ki, vaxtın doğru idarə edilməsi üçün bu “papka”da olan ən önəmli məqsədi “çıxarıb” önə keçirmək lazımdır: “Bunu etdikdən sonra insan öz daxili resurslarını xərcləməyə başlayacaqdır. Deməli, vaxtın doğru idarə edilməsinin ən böyük şərtlərindən biri də ali məqsədi önə keçirməkdir. Yəni ali məqsəd artıq fərdin önündə olsa və hər gün o məqsədi üçün nəsə bir şey etsə, artıq doğru yolda olar və işinə qarşı da prinsipləri yüngülləşər. Çünki nə istədiyinin fərqinə varar. Özünü tanıdıqdan sonra isə hətta bir çox işləri bir yerdə görmək gücü hiss edər”. ,
Xəyallar, yoxsa məqsədlər...
Psixoloq X.Səfərova hesab edir ki, insan məqsədi ilə xəyallarını ayırd etməyi bacarmalıdır: “Xəyallar məqsədlərlə toqquşanda insanda daxili bir gərginlik yaradır. Çünki bu sənin arzundur və sən istəyirsən ki, buna çatasan. Amma bunları etməyə həvəsin yoxdur və ya tənbəllik imkan vermirsə, bu, sadəcə, boş xəyallardır. Ona görə də məqsədi önə keçirmək ən birinci prioritetlərdən biridir. Məqsədi təyin etməmişdən əvvəl isə o məqsədlərin içində fantaziyaları, xəyalları və həqiqi məqsədləri müəyyən etməliyik. Bəzi insanlar isə xəyal və məqsədləri eyni başa düşürlər. Amma bunlar başqa-başqa şeylərdir. Xəyal etdiklərimiz, sadəcə, istəməkdən ibarətdir. Əgər xəyalın üçün heç nə etmədinsə, deməli, xəyal olaraq da qalacaq. Amma xəyalın üçün nə isə bir addım atdınsa, bu, artıq məqsəddir”.
Sağlam şəkildə “yox” deməyi bacar...
“Vaxtı dəyərləndirməyin digər bir yolu isə “yox” deməyi bacarmaqdır. Sağlam şəkildə “yox” deməyi bacarmaq vaxtı ən gözəl idarə etmək növlərindən biridir. Çünki sizə lazım olmayan bir iş üçün yox deməsəniz, boş yerə vaxt itirəcəksiniz. Onun sözlərinə görə, internetdən asılılıq, sosial şəbəkələrə daha çox vaxt ayırmaq da boş yerə vaxt itkisinə səbəb olan amillərdəndir: “Bir çox insanların sosial şəbəkələrə çox vaxt ayırmaları ondan qaynaqlanır ki, nə istədiklərinin fərqinə varmırlar və bu da bir növ özündən qaçmaq deməkdir. İnsanın özünə inamı aşağı səviyyədə olanda, məqsədlərini arxa plana keçirib, “sonra edərəm” düşüncəsi ilə yaşayır. İnsan çalışmalıdır ki, sağlam “yox” deməyi bacarsın və vaxtını doğru idarə etmədiyinin fərqinə varsın. Bir misal çəkim. Düşünün ki, layihə üzərində işləyirsiz və layihəni 10 gün içində hazırlayıb təhvil verməlisiz. Artıq sizdə ilk olaraq, hələ “10 gün var” sindromu əmələ gəlir. 2 gün keçir, istəyirsiz layihə üzərində işləyəsiz. İşə başlayanda isə yenə həvəsdən düşür, bəhanələr uydurursuz. “Sonra edərəm” düşüncəsi ilə vacib olan işi, layihəni atıb gedirsiz. İşlər ertələnir, vaxt isə gedir. Artıq 10 günün tamamı yaxınlaşanda nəticə olaraq, psixoloji gərginlik, stress, insanlarla münasibətdə konflikt, davranışlarda aqressiya, tələskənlik yaranacaqdır. Həmin işi çatdırmaq üçün vaxtı düzgün dəyərləndirməməyinizə görə 1 gün vaxtınız qalır və o işi çatdırmaq üçün yemək də yeyə bilməyəcək, yuxusuz da qalacaqsız ki, bitirə biləsiz. Bunun üçün də görüləcək işləri sonrakı etaba, arxaya atmaq sizin xeyirnizə olmayacaqdır. Həyatda zərərli olan vərdişləri aradan qaldırmaq üçün verilən işi həmin anda yerinə yetirmək, vaxtı düzgün idarə etmək üçün ən önəmli faktorlardan biridir. Bu sözü yadda saxlamaq lazımdır ki, işin yerində icrası sənin sərbəst zamanına bərabərdir”.
Diqqət...
Müsahibim, psixoloq X.Səfərovanın sözlərinə görə, vaxtın idarə edilməsinin əsas faktorlarından biri də diqqətdir: “Diqqət şüurumuzun əsas alətidir və onun vasitəsilə biz hər hansı bir məlumatı mənimsəməyi bacarırıq. Məcazi mənada onu daxili fənərcik ilə müqayisə etmək olar. İşığı haraya yönəltsək, oranı da görə bilərik”.
Psixoloq həmçinin onu da bildirdi ki, diqqəti yönəltmək üçün xüsusi məşqlər vardır. Bunlardan beyin idmanı məşqlərini, beyin-yoqa terapiyalarını qeyd etmək olar.
Düzgün bölünməyən dəyərli vaxtımızı necə dəyərsiz edirik...
Vaxtı düzgün bölə bilmədikdə, hədəf və məqsədlərə gec çatmış oluruq: “Vaxtı düzgün bölə bilməmək uğursuzluq və bir çox işlərini çatdıra bilməməkdən başqa bir şey deyildir. Ona görə də necə etmək, haradan başlamaq yox, sadəcə, hərəkət etmək lazımdır. Görəcəyimiz işlərin sxemi də qurulmalıdır. Əgər hər şey beyində toplanarsa, tez bir vaxtda yorulma olar, nəticədə işlər gecikər”.
Evdar qadınlar və vaxt...
Vaxt bölgüsü problemi ilə daha çox üzləşənlərdən biri də evdar qadınlardır. Psixoloq hesab edir ki, ev xanımlarımız da dəyərli vaxtlarını xüsusi qurduqları “vaxt bölgüsü cədvəli” ilə nizamlaya bilərlər. Həmçinin də valideynlərin uşaqlarının zamanlarını düzgün idarə etmələri, onların rejiminə diqqət etmələri vacibdir. Yəni uşaq hansı vaxtda yatmalı, hansı saatlarda yemək yeməli, dərslərini oxumalıdır və s”.
Özünüzə inanın...
Müsahibimiz sonda bir vacib məqamı da vurğuladı. Onun sözlərinə görə, insanın özünə inamı az olarsa, bu kimi problemlərin öhdəsindən gələ bilməyəcəkdir: “Özünə güvənsizliyin, inamsızlığın səbəbləri tapılmalıdır. Bunun fərqinə vardıqdan sonra düçüncə tərzi tamamilə dəyişəcəkdir. İnsan birinci “mən kiməm?” sualına doğru cavab verməlidir və bu cavabı təyin etdikdən sonra onun bütün həyat sistemi öz xeyrinə doğru dəyişəcəkdir. Heç kimin vaxtı kimsəyə verilməyib. Vaxtın dəyərli olduğunu anlamaq lazımdır. Vaxt insana vacib olmayan işlərə xərclənəndə və bunun fərqinə varılmadıqda həyatın gözəl olduğunu bilmirsən. Həyatını gözəlliklər və ya mənfi psixoloji hallarla doldurmaq insanın özündən asılıdır”.
Mənbə: Milli.Az
1 mart 2014
GO BACK