Mehdiyev bildirir ki, həkim xəstəni görməmiş, onun haqqında məlumatı yığmamış ona onlayn diaqnoz qoya bilməz: "Əgər həkim xəstəliyə onlayn diaqnoz qoyursa, diaqnoz səhv ola bilər. Bir sözlə, onlayn müalicə acınacaqlı fəsadlarla nəticələnə bilər" deyən müsahibimiz əlavə edib ki, çox vaxt xəstələr xəstəliyin əlamətlərini düzgün izah edə bilmirlər, nəyisə səhv deyir və ya gizlədirlər. Bu da həkimin səhv diaqnoz qoymasıyla nəticələnir. "Nəticədə müalicə də səhv gedir. Bəzi adamlarsa özləri özlərini müalicə edir və bəzən həkimlə onlayn yazışırlar. Bu cür müalicə də effektiv olmaya bilər".
H.Mehdiyev onlayn tibbi xidməti məsləhət görmür: "Yaxşı olar ki, xəstələr həkimlə canlı ünsiyyət yaratsınlar. Düzgün diaqnoz qoymaq üçün həkim xəstəni real müayinə etməli, analizlərini baxmalı və s. prosedurları keçirməlidir. İnternet vasitəsilə isə həkim yalnız müalicə yaza bilər. Yazdığı müalicənin düzgünlüyü isə şübhəlidir. Bu səbəbdən də, onalyn müalicə almaq mümkün deyil. İnternet vasitəsilə həkimdən sadəcə istiqamət almaq olar. Məsələn, "Mənim bədənimin hansısa yeri ağrayır, kimə müraciət edə bilərəm", "Hara gedə bilərəm" və s. Amma onlayn xidməti tibbi xidmət saymıram. Heç vaxt ola bilməz ki, xəstəni görmədən diaqnoz qoyasan. Təəssüf ki, belə şeylər olur".
Terapevt qeyd edib ki, çox vaxt insanlar onlayn xidmətə sakitləşmək üçün müraciət edirlər: "Onlayn tibbi xidmət alan zaman xəstələr bir növ özünü sakitləşdirirlər. Həkimlər xəstə ilə internet vasitəsilə ünsiyyət saxlayarkən sorğu-sualdan sonra müəyyən məsləhətlər verirlər. İnsanlar da bu məsləhətləri aldıqdan sonra müəyyən qədər rahat olurlar".
Onun dediyinə görə, yüngül xəstəlikləri bəlkə də onlayn tibbi xidmətlə aradan götürmək olar: "Həkimə onlayn müraciət edərək xəstə vaxtına qənaət edir. Əgər bu, sağlamlıqla bağlı yüngül narahatlıqdırsa, həkimin müəyyən göstərişlərini nəzərə alaraq xəstə yaxşılaşa bilər".
Qeyd edək ki, onlayn psixoloji konsultasiyalar daha çox yayılıb. Əvvəllər insanlar psixoloq yanına getməyə utanırdısa, bu gün psixoloji məsələlər çoxlarını düşündürür. Psixoloq Zülfiyyə Yaqubovanın sözlərinə görə, onlayn tibbi xidmət yalnız ilkin yardım üçün kömək edə bilər: "Bu gün onlayn tibbi konsultasiyaların həm pulsuz, həm də pullu növləri var. Çox adam öz problemini, narahatlığını onlayn yazışma zamanı psixoloq və ya psixiatrla bölüşür. Bəzi həkimlər "skayp" vasitəsilə də konsultasiyanı keçirir. Lakin onlayn konsultasiya heç vaxt lazımi effekti verə bilməz. Belə ki, psixoloq canlı olaraq şəxsin mimika, jestlərinə, reaksiyasına baxmalıdır. Canlı konsultasiya zamanı insan həyəcan keçirir. Onu danışdırmaq və problemlərinin kökünü araşdırmaq olur. Onlayn konsultasiya zamanı isə bu mümkün deyil".
Z.Yaqubova bildirib ki, xəstələr çox vaxt pula qənaət etmək məqsədilə onlayn tibbi xidmətə müraciət edir: "Amma xəstə nəzərə almalıdır ki, onlayn müalicə yarımçıq müalicədir. Ola bilsin ki, kimsə onlayn konsulatsiyalardan sonra müəyyən rahatlıq tapsın. Amma bu, müvəqqəti olacaq. Elə də adamlar var ki, xəstəliyinin əlamətini internetdə axtararaq, özü özünə diaqnoz qoyur və müstəqil müalicəyə başlayırlar. Bu da çox vaxt faciələrlə nəticələnir. Bəzi adamlar isə hansısa bir xəstəlik haqqında oxuyub özlərinin də həmin xəstəlikdən əziyyət çəkdiyini zənn edirlər. Tam sağlam olsalar belə dərman içir, özünü müalicə erməyə çalışırlar".
Mənbə: Milli.Az