Azərbaycan Təhsil Nazirliyi ali təhsil müəssisəsində təhsil alan və akademik borcu olan tələbənin yay semestrində götürə biləcəyi fənlərin kreditinin sayını açıqlayıb.Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində izləyicələrin sualları cavablandırılarkən bildirilib ki, ali təhsil müəssisəsində təhsil alan və akademik borcu olan tələbənin yay semestrində götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.
Təhsil Nazirliyinin 11.09.2008 tarixli 1060 nömrəli əmri ilə təsdiq olunmuş "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə"yə müvafiq olaraq tələbə fənn üzrə imtahan zamanı 17-dən daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla ümumilikdə 51-dən çox bal topladığı halda müvəffəq qiymət almış hesab olunur.
Qeyd edilən əsasnamə Azərbaycanın bütün ali təhsil müəssisələri üçün icrası tələb olunan normativ-hüquqi sənəddir. Ali təhsil müəssisələrinin həmin sənədi işdə rəhbər tutması vacibdir.
Mənbə: Milli.Az