Dünya təcrübəsində adətən belə aksiyalar zamanı gənclər onlara təəccüblə baxan insanlara “bu gün şalvarımı evdə unutmuşam”, “geyinməyə vaxt çatdırmadım”, “şalvarımın üstünə kofe dağılıb” və s. kimi cavablar verirlər. Amma Bakıda bu aksiyanın nə dərəcədə effektiv olacağını demək olmaz. Azərbaycan mentalitetini nəzərə alsaq, şalvarsız gənclərin “topa” tutulacağını gözləmək də olar.
Prezident yanında İdarəçilik Akademiyasının tələbəsi İlkin Sərdarov belə gəncləri mənəviyyatsız adlandırdı: “Öz ailəsinin namusunu, qeyrətini bilən insan belə addımlar atmaz. Adam bunlara ”gənc" deməyə utanır. Bu aksiyanın qarşısı dərhal alınmalıdır. Əks təqdirdə, bunun sonu heç də yaxşı olmayacaq. Çünki həmin vaxt hər kəsin anası, bacısı metroda ola bilər. Şəxsən mən belə halla qarşılaşsam, özümü idarə edə bilməyəcəm. Onlara lazımi cavabı verəcəm".
Gənc yazar İntiqam Yaşar bu barədə danışmağa söz tapa bilmədiyini söylədi: “Sözün bitdiyi yer buna deyirlər. İnsan belə əxlaqsızlıq haqqında danışanda xəcalət hissi keçirir. Bu, heç cür Azərbaycan mentalitetinə uyğun deyil. Xalqımız öz əxlaqı, namusu ilə dünyaya örnəkdir. Bir gənc olaraq, belə hadisə ilə qarşılaşsam, özümü ələ ala bilməyəcəm”.
Milliyyətçi Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Müşfiq Atilla Vəliyev bunu etik normalara sığmayan bir aksiya adlandırdı: “Buna bizim cəmiyyətin necə baxdığı yəqin ki, hər kəsə məlumdur. Çox iyrənc, pis, etik normalara sığmayan bir hərəkətdir. Biz vətənini sevən millətçi gənclər olaraq, bu cür hadisələrin baş verməsinə biganə qala bilmərik. Əlimizdən gələn tədbirləri görəcəyik”.
Qeyd edək ki, artıq Daxili İşlər Nazirliyi də məsələyə reaksiya verib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, belə bir flaşmob keçiriləcəyi halda ilk növbədə həmin ərazidə olan vətəndaşlar buna öz təpkilərini və etirazlarını bildirəcəklər. Polis əməkdaşlarının da öz növbəsində qabaqcadan razılaşdırılmamış və millətin, xalqın mənəviyyatına yad aksiyanın qarşısını alacağını bildirən DİN rəsmisi deyib ki, bir qrup adamın keçirmək istədiyi aksiya qabaqcadan aidiyyəti qurumlar tərəfindən razılaşdırılmayıbsa, həmin aksiya qanunsuz hesab edilir: “Digər tərəfdən isə belə bir flaşmobun keçirilməsi Azərbaycan xalqının adət-ənənəsinə, mentalitetinə və mənəviyyatına yad bir hərəkətdir. Ona görə də ictimai asayişin keşiyində duran polislə yanaşı vətəndaşlar da belə hərəkətlərə öz qəti etirazını və iradını bildirəcəklər”.
Mənbə: Milli.Az