Qadin.NET / Kiçik ölkənin böyük hədəfləri...

Kiçik ölkənin böyük hədəfləri...

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin yaranmasının 10 illiyi ilə bağlı yazı yazıb. Nazirin rəsmi facebook səhifəsində yayımlanan yazıda 10 ildə görülən işlər, perspektivlər haqda ətraflı məlumat verilib. İKT-nin qeyri-neft sektorunun önəmli qolu olmasını nəzərə alsaq, keçmişə və gələcəyə nazir baxışı hər zaman aktualdır.Ə.Abbasov yazır ki, dünyada olduğu kimi, Azərbaycanda da rabitə və İKT sektorunun inkişafına böyük önəm verilərək sahə üzrə məsul dövlət qurumu formalaşdırıl - Prezident İlham Əliyevin 2004-cü il 20 fevral tarixli fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək, onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradılıb.RİTN-in yaradılmasından ötən 10 il ərzində ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə dünyanın, eləcə də Avropanın qabaqcıl ölkələri sırasına daxil olmasında, Cənubi Qafqaz və TransXəzər regionlarında respublikamızın İKT-lider mövqeyinin təmin edilməsində qəbul edilən müvafiq milli strategiyanın, dövlət proqramlarının, eləcə də digər normativ-hüquqi aktların böyük rolu olub: “İnformasiya cəmiyyətinin yaradılması üçün formalaşan müvafiq hüquqi baza ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş kompleks və ardıcıl fəaliyyət sayəsində İKT qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunub. Müstəqillik tarixinin ən əlamətdar və tarixi hadisələrindən biri kimi diqqət çəkən 2013-cü ilin 8 fevralında ilk milli peykimizin orbitə çıxarılması da məhz ölkə başçısının birbaşa rəhbərliyi və dəstəyi ilə həllini tapıb. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq Dövlət proqramlarında, o cümlədən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması, Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi əsas istiqamətlər kimi nəzərdə tutulur”.Nazir qeyd edir ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, telekommunikasiya şəbəkələri tam elektronlaşdırılıb və telefon nömrələri beynəlxalq normalara uyğun olaraq 7 rəqəmli sistemə keçirilib: “Ölkədə İKT bazarında yaradılan ədalətli rəqabət mühiti fonunda özəl sektorun fəallığı artmaqdadır. “Delta Telekom” regionda internet xidmətlərinin verilməsində, “RİSK” proqram məhsullarının satışında, “SİNAM İNVEST” Orta Asiyada bir neçə layihənin həyata keçirilməsində, “Kür” MMC kompyuter və digər elektron məhsulların istehsalı, “ULTRA” kompyuter, “AzPad” və digər məhsulların satışında və s. şirkətlər ixrac potensialının artımına öz töhfələrini verir. Azərbaycan həm də elektron məhsullar istehsal edən yerli müəssisələrə malikdir. Yerli istehsal potensialının genişləndirilməsi kontekstində həm də ölkəmizdə son texnoloji yeniliklər tətbiq olunur. İKT sektorunun inkişafında mobil rabitə operatorlarının rolu danılmazdır. “Azercell” , “Bakcell” və “Azerfon” şirkətlərinin gördüyü işlərin nəticəsi olaraq bu gün mobil rabitə seqmenti genişlənib, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabər olub. Dünyanın bir çox ölkələri hələ “3G” texnologiyasına tam keçmədiyi halda Azərbaycan ən son mobil texnologiyanın – “4G” texnologiyasının tətbiqinə başlayıb”.Ə.Abbasovun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi gələcək inkişafı üç əsas istiqamətdə görür: “Birinci istiqamət infrastruktur layihələri, o cümlədən daxildə Azərbaycan üçün informasiya şəbəkə infrastrukturunun inkişaf etdirilməsidir. İkinci istiqamət elektron, innovativ yönümlü xidmət və məhsulların istehsalı, eyni zamanda daxili tələbatı ödəməklə yanaşı, onların xarici, regional bazarlara çıxarılmasıdır. Üçüncü istiqamət isə regional və daxili bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi, həmçinin bu xidmətlərin xarici bazarlara çıxışının təmin edilməsidir. Beləliklə, biz İKT sektoru və bazarlarının əsas bu üç istiqamət üzrə genişləndirilməsini nəzərdə tuturuq. Məqsədimizə nail olunması üçün həyata keçirilən layihələrdən ən əsası Azərbaycanda internet infrastrukturunun tamamilə genişləndirilməsi, bu xidmətin hər kəndə, hər bir evə gətirilməsidir. Fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı” layihəsi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir və üç il müddətinə nəzərdə tutulan layihənin icrası başlamaq üzrədir. Layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 30-100 Mbit/s həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu göstərici üzrə Azərbaycan 2017-ci ilə dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxacaq. Eyni zamanda infrastruktur layihələrinin əsas istiqamətləri telekommunikasiya, mobil, stasionar şəbəkələrin, yeni texnologiyaların, o cümlədən LTE - 4-cü nəsil GSM və digər simsiz texnologiyaların tətbiqinin, rəqəmli televiziyanın əhatə yayımının daha da genişləndirilməsi, ona yeni kontentlərin əlavə edilməsidir. HT - yüksək təyinli televiziya sisteminin Azərbaycanda qurulması, genişləndirilməsi də həyata keçirdiyimiz infrastruktur layihələrinin əsasını təşkil edəcək. Qeyd etdiyim bu layihələrin 2020-ci ilə qədər davam etdirilməsi nəzərdə tutulur və bu layihələrinin icrasına əksəriyyəti artıq başlayıb”.Nazir bildirir ki, ikinci istiqamət - elektron, innovativ məhsul istehsalı sahəsində bu gün ölkəmizdə nanotexnologiyalara çox böyük diqqət yetirilir, artıq bir çox yeni nəticələr əldə edilərək, yeni nanokompozitlər, nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompüterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması geniş vüsət almaqdadır: “Bu gün biz o mərhələdəyik ki, artıq bunu kütləvi istehsal sahəsinə çevirməyin vaxtı çatıb. Azərbaycan bazarında yeni tipli, rəqabətqabiliyyətli müxtəlif kompyuter hissələri, kompyuter növləri, planşetlər, digər texnikaların yığılmasına böyük ehtiyac var ki, bu məhsulların regional bazara çıxışının təmin edilməsi də nəzərdə tutulur. Həmçinin kosmik texnologiyaları da genişləndirmək, inkişaf etdirmək fikrindəyik”.Üçüncü istiqamət qeyd edildiyi kimi, İKT xidmətlərinin genişləndirilməsidir. Ə.Abbasov bildirib ki, burada əsasən daxili kontentin genişləndirilməsi, həmçinin regional ölkələr üçün xidmətlərin istehsalı nəzərdə tutulur: “Bunun üçün bir neçə layihənin icrası, o cümlədən yeni Data mərkəzlərin qurulması və yeni kontentlərin yaradılması, eyni zamanda Azərbaycanda internet şlüzlərinin genişləndirilməsi, gücləndirilməsi planlaşdırılır. Digər hədəfimiz tranzit ölkə olaraq, rəqəm trafikinin Azərbaycandan keçirilməsini və idarə edilməsini nəzərdə tutan layihələrin icrasıdır”.Nazir qeyd edilən hədəflərə çatmaq hədəfləri haqda da yazıb. Qeyd edib ki, Azərbaycan hökumətinin siyasəti əsas 3 sütun üzərində qurulub: birincisi, yüksək texnologiyalar üçün çox vacib olan bilik potensialının formalaşması və intellektual insan resurslarının yaradılmasıdır ki, bu istiqamətdə təhsildə, elmdə, ölkənin tədqiqat institutlarında böyük canlanma müşahidə edilir: “Bu sahədə dünyanın aparıcı təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verilir. Azərbaycan tələbələrinin xaricdə təhsil almasını nəzərdə tutan müvafiq Dövlət Proqramı mövcuddur, eyni zamanda dövlət tərəfindən bu sahəyə böyük həcmdə investisiyalar yönəldilir, birgə tədqiqatların aparılması üçün sərmayələr qoyulur. Siyasətimizin ikinci sütununu isə yeni, çox əlverişli biznes şəraitinin yaradılması təşkil edir. Artıq bu sahədə müvafiq mexanizmlər mövcuddur, o cümlədən bir çox qanunvericilik aktlarına dəyişikliklər edilib, innovativ iqtisadiyyatla məşğul olan sahələr üçün vergi, gömrük şərtlərinin yüngülləşdirilməsi, xarici investisiyaların qorunması üçün bir çox qanunlar qəbul olunub.Üçüncü sütun isə kapitaldır. Qeyd olunduğu kimi, Azərbaycan son zamanlar enerji layihələrindən böyük gəlirlər əldə edir və dövlətin gələcək siyasətinin əsasını bu gəlirlərin böyük bir hissəsinin iqtisadiyyatın transformasiyası məqsədilə yüksək texnoloji məhsulların istehsalı, innovativ iqtisadiyyata yönəldilməsi təşkil edir. Bu istiqamətdə banklar tərəfindən böyük layihələrə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur, eyni zamanda xarici bankların maliyyə resurslarından istifadə edilməsi üçün Azərbaycan hökuməti özü zəmanətlə çıxış edir. Həmçinin bu gün ölkədə bir sıra dövlət qurumları investisiya fondları qismində iştirak edir”.Nazirin sözlərinə görə, dövlət “Elektron hökumət” layihəsinə də ciddi diqqət verir və bu layihəyə böyük investisiyalar ayırır: “Ölkə rəhbərinin müəyyən etdiyi siyasi strateji xətt ölkədə elektron xidmətlərin tətbiqi ilə əhalinin rahatlığını təmin etməyə, korrupsiyanın qarşısını almağa, daha az vaxta daha çox iş görmək üçün elektron xidmətlərin tətbiqini genişləndirməyə yönəlib. “Elektron hökumət” portalı ikinci ildir ki, fəaliyyət göstərir. “İKT ili”ndə də portala yeni xidmətlər əlavə olunub və 262 min vətəndaş elektron xidmətlərdən yararlanıb. Bu müddət ərzində əhaliyə təxminən 820 mindən artıq elektron xidmət göstərilib. 2020-ci ilə qədər bütün xidmətlərin elektronlaşdırılması və əhalinin 80 faizinin bu xidmətlərdən istifadəsi təmin edilməlidir”.

 

Mənbə: Milli.Az

28 fevral 2014
GO BACK