Avstraliyanın cənubunda onlarla meşə yanğını tüğyan edir. Havaların həddən artıq bürkülü olması və güclü küləklər yanğınların miqyası ilə arealının sürətlə böyüməsinə səbəb olub.Milli.Az BBC-yə istinadən bildirir ki, 90 yanğın hələ də söndürülməyib. Viktoriya ştatında yanğınlarda 24 ev külə dönüb.
Yanğınsöndürənlərdən biri yaralanıb.
Melburn şəhərinin ətrafında tüğyan edən 150 yanğının 25-i söndürülüb.
Latrob vadisində isə daş kömür mədəni alışıb.
Yanğınsöndürən zabit Brett Botmanın dediyinə görə, yer altında yanan daş kömürü söndürmək üçün onu qazıb çıxarıblar.
Alovlar yaxınlıqdakı Heylzvud elektrostansiyasına çata bilər.
Latrobdakı yanğın böyük əndişə yaradıb. Moruell şəhərinin 14 min sakini səhhətləri üçün çox ciddi təhlükə ilə qarşılaşıblar.
Mütəxəssislərin dediklərinə görə, daş kömür mədənindəki yanğın aylarla davam edə bilər.
Yerli sakinlər daş kömür mədəninin sahiblərini məhkəməyə verməyə hazırlaşırlar.
Melburn şəhərindən 150 km şərqdə yerləşən Moruell şəhərini turizm firmaları "Viktoriya ştatının energetika mərkəzi" kimi reklam edirlər.
Mənbə: Milli.Az