Namiq Həsənov deyir ki, yeni qaydalar tam tətbiq olunandan sonra hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək: "Eyni zamanda lisenziya nömrəsi həmin taksi kimi fəaliyyət göstərən avtonəqliyyat vasitəsinin üzərinə yapışdırılmalıdır. Həmin yazı xüsusi formada dizayn olunmalıdır ki, digər maşınlardan fərqlənsin. Lisenziyasız fəaliyyət göstərən taksilər 100 manat, lisenziya şərtlərini pozanlar isə 50 manat məbləğində cərimə olunur. Eyni zamanda qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olursa və ya istifadə etdiyi nəqliyyat vasitəsi standartlara cavab vermirsə, o zaman həmin şəxslər taksi fəaliyyətindən kənarlaşdırılır".
Əvvəllər ölkədə 20-25 min şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu, hazırda bu rəqəmin 10-15 minə endiyini deyən Namiq Həsənov bildirib ki, paytaxtda bu göstərici 5 minə yaxındır: "Vergilər Nazirliyi ilə danışıqlar aparmışıq ki, yeni sayğac sistemi tətbiq edildiyi zaman müəyyən vergi ödəmələri həyata keçiriləcək. Hazırda sadələşdirilmiş vergi sistemindən istifadə edilir. Amma sayğac quraşdırıldıqdan sonra orda vergi hesablamaları görünəcək. Hələ ki, taksilərdə bu sistem tətbiq edilməyib".
Yeni sistemə 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya Oyunlarınadək keçiləcək.
Mənbə: Milli.Az