"Adamlar düşünürlər ki, ya dəliyəm, ya da macəralar arayıram. Normal insanam. Qəribə də deyiləm. Özümü dünya vətəndaşı sayıram. Çemodanlarım haradırsa, ora da yaşayış məkanımdır. Yəni məcazi mənada evlərim sürətlə dəyişir. Məni anlamaq çətin deyil. Sadəcə, bir yerdə işləməyi, səhər saat 9-dan axşam 5-ədək ofisdə oturmağı xoşlamıram".Yeni Zelandiyadan olan 36 yaşlı Natali Sissonun indi dünyanın 4 ölkəsindəki banklarında hesabları, 17 SİM-kartı var.
Sürəkli səyahət edən, otellərdə və kirayə evlərdə yaşayan Natali internet biznesi ilə məşğul olur, kitablar yazır.
Natali Sissonun sözlərinə görə, insanların ona ən çox ünvanladıqları sual "Pulu nə yolla qazanırsınız?" tiplidir.
Milli.Az Yahoo-ya istinadən bildirir ki, Yeni Zelandiyadakı şirkətlərdən birinin marketinq və inkişafla bağlı sabiq baş meneceri 4 il əvvəl iş yerini tərk edərək səyahətə başlayıb.
İndi o, populyar bloqun müəllifi, kitabları ilə tanınan insandır.
O, sırf internetdə işləyir və bir yerdə qalaraq yaşamır.
İndiyədək 66 ölkədə olmuş Natalinin dediyinə görə, ən uzunmüddətli "oturaq həyat"ı Berlində olub: o, Almaniyanın paytaxtında iki ay yaşayıb.
Natali bu ilin sonunadək daha 10 ölkədə, o cümlədən Yaponiya, İsveç və İspaniyada olmağı düşünür.
İşdən çıxandan sonra motivasiya təlimatçısı və ekspert qismində onlayn-mühazirələr və konsaltinq vasitəsilə milyonlarla dollar gəlir əldə etmiş Natali Sissonun sözlərinə görə, hazırda 8 gəlir mənbəyi var, həftədə də 20 saatdan 60 saata qədər çalışır.
"Bloqum reklam və affilə edilmiş marketinqlə bağlıdır. Satış üçün rəqəmsal məhsullarım, proqramlarım var. Üstəlik, Skype vasitəsilə kouçinqlə də məşğul oluram. Daimi yaşayış yerim olmadığına görə mənzil-kommunal xərcləri ödəmirəm və bu minvalla ayda təxminən 2000 dollara qənaət edirəm, - Natali Sisson söyləyib. - Getdiyim ölkələrdə əksər zamanlarda bahalı otellərdə yox, kirayədə qalıram. Çoxları düşünür ki, səyahət bahadır. Amma ipotek kreditləri və s. kimi məcburi ödənişlər yoxdursa, ucuz yerlərdə yaşaya biəlrsiniz".
Mənbə: Milli.Az