Qadin.NET / Tutuquşu polisə yardım etdi

Tutuquşu polisə yardım etdi

 

Hindistanın Aqra şəhərində danışan tutuquşu 45 yaşlı sahibəsi Nilam Şarmanın qətlinin üstünün açılmasında yardımçı olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, polis bir həftə ərzində cinayətkarın kimliyini müəyyən etmək istəyib. Herkules adlı tutuquşu onlara yardımçı olub. Qətlə yetirilmiş qadının həyat yoldaşı görüb ki, hər dəfə qardaşı oğlu evə gələndə tutuquşunun davranışları dəyişir. Bundan başqa, qardaşı oğlu Aşunun adı çəkiləndə quş hər dəfə ora-bura atılırmış. Qətlə yetirilmiş qadının həyat yoldaşı Vicay Şarma yerli qəzetlərdən birinə açıqlamasında deyib ki, sahibəsinin ölümündən sonra tutuquşu yeməkdən də imtina etmişdi. Aşunu görəndə isə qorxduğu hiss olunurdu. Vicay tutuquşunun yanında evlərinə gələn bütün adamların adını çəkməyə başlayıb. Aşunun adı keçəndə isə tutuquşu yenidən həyəcan keçirib. Bundan sonra qəfildən "Aşu öldürdü!" deyə səs eləyib. Həmin hadisədən əvvəl də polis Aşunu şübhəlilər siyahısına əlavə etmişdi. Ancaq ailənin kəskin etirazından sonra adı şübhəlilər siyahısından çıxarılmışdı. Tutuquşu ilə "söhbətdən" sonra Vicay polisə yenidən müraciət edib. Aşu polisə çağırılaraq dindirilib. Onun günahını etiraf etməkdən başqa çarəsi qalmayıb. 

Mənbə: Milli.Az

28 fevral 2014
GO BACK