Qadin.NET / Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?

Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?

 

Day.Az saytı "Sürücülərə məsləhət" rubrikası çərçivəsində oxucuların suallarını cavablandırmaqda davam edir. Milli.Az-ın məlumatına görə, Elvin Şükürov adlı oxucu redaksiyaya göndərdiyi məktubda belə qeyd edir: "Mən 2006-cı il istehsalı olan Hyundai (Accent) markalı avtomobil idarə edirəm. Mühərrikin həcmi 1400 kub sm-dir. Artıq üçüncü ildir ki, bu avtomobili idarə edirəm. Mühərrik normal işləyir, heç bir problem yoxdur. Ancaq təkərlər vurur nədənsə. İki avtomexanikə müraciət etdim, ancaq çarə tapa bilmədilər. Nasazlığı heç cür aradan qaldıra bilmirlər. Təkərlərin vibrasiyası nədən olar?" 

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakıda fəaliyyət göstərən avtoservislərdən birinin texniki məsləhətçisi Şahin İsmayılovla əlaqə saxlayıb. Onun sözlərinə görə, sürücülər tez-tez analoji problemlərlə müraciət edirlər. Təcrübə göstərir ki, təkərlərin vibrasiyasının səbəbi müxtəlif ola bilər. Misal üçün, bərkidici boltların boşalması, disklərin zədələnməsi və ya deformasiyası, təkərlərin zədələnməsi, sükan mexanizminin aşınması və s. 
Mütəxəssis deyib ki, bu yaxınlarda da bir sürücü analoji problemlə müraciət etmişdi. 
"Həmin maşındakı vibrasiya sükan dairəsində də hiss olunurdu. Yoxlamadan sonra məlum oldu ki, bu nasazlıq təkərlərdəki balansın pozulmasından irəli gəlir. Bu cür hallar tək diskomforta səbəb olmur. Həmçinin, təkərlərin aşınmasına və sükan mexanizminin korlanmasına gətirib çıxarır. Hər bir avtomobil sahibi bilməlidir ki, təkərlərin balansı texniki xidmətdə vacib prosedurlardan biridir. Bu proseduru mütəmadi həyata keçirmək lazımdır", - o əlavə edib. 
Mütəxəssis qeyd edib ki, vibrasiya avtomobilin banında hiss olunursa, deməli, arxa təkərlərdə balans pozulub. 

Mənbə: Milli.Az

28 fevral 2014
GO BACK