Qadin.NET / Baharın müjdəçisi Novruz

Baharın müjdəçisi Novruz

 

Amma etiraf olunmalıdır ki, Novruz bayramının tarixi hələ tam araşdırılmayıb. Bəzən Novruz bayramını ayrı-ayrı dinlərlə, xüsusilə də, İslam dini ilə bağlamağa cəhd edirlər. Geniş şəkildə yayılmasa da, bəzi fərziyyələrə görə, Novruz bayramı guya IV xəlifə Həzrəti Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Novruzun tarixinə müxtəlif yanaşmalar olsa da, bu sahənin tədqiqatçılarının əksəriyyəti Novruzun dinlərlə, o cümlədən də İslamla heç bir əlaqəsinin olmadığı qənaətindədirlər. Novruzun İslamdan da əvvəl mövcud olduğu Firdövsinin, Nizami Gəncəvinin, Sədinin, Nizamülmülkün, Hafizin, Xəyyamın və başqalarının əsərlərində də yer alıb. Nizamülmülkün “Siyasətnamə”Nizami Gəncəvinin “İsgəndərnamə”, Ömər Xəyyamın “Novruznamə” əsərlərində Novruz bayramından geniş bəhs olunub. Ancaq onu da qeyd edək ki, Novruzla bağlı çoxsaylı mənbələrin olmasına baxmayaraq, hələ də bu bayramın mənşəyi barədə yekdil fikir söyləmək mümkün olmayıb. Tədqiqatçıların əksəriyyəti Novruzun yaranma tarixini zərdüştlüklə əlaqələndirsələrdə, bunu qəbul etməyən çoxsaylı nəzəriyyələr də mövcuddur. Lakin onu da bildirək ki, Novruzun yaranma tarixi, mənşəyi barədə fərqli fikirlər olsa da, bu bayramın baharın, yazın gəlişi ilə bağlı olduğunu, demək olar ki, mütləq əksəriyyət təsdiq edir. Hətta Novruz bayramı Şərq ölkələrində, o cümlədən də Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilib.
Novruz və ya Bahar bayramının mənşəyinə yeni baxış...
Novruz bayramının kökləri ilə bağlı maraqlı tədqiqatlardan biri də ABŞ-da yaşayan həmyerlimiz Tariyel Azərtürkə məxsusdur. ABŞ-da nəşr olunan “Babylon-Azerbaijan” jurnalının baş redaktoru, şumerlər haqqında maraqlı tədqiqatları ilə tanınan azərbaycanlı alim Tariyel Azərtürkün Novruzla bağlı araşdırmaları da demək olar ki, Azərbaycanda çox az insan tərəfindən bilinir. Tariyel Azərtürkün Novruz bayramının mənşəyi ilə bağlı araşdırmaları bu günə qədər Azərbaycanda nəşr olunan heç bir mətbu orqanda dərc olunmayıb. Həmyerlimiz Novruz bayramı ilə bağlı tədqiqatlarını ilk dəfə “Zaman-Azərbaycan” qəzeti ilə paylaşdı.
Tariyel Azərtürkün sözlərinə görə, Novruz adı ilə qeyd etdiyimiz bu bayramı əslində Bahar bayramı adlandırmalıyıq: “Bahar bayramı isə əcdadlarımızın inam bəslədikləri bir ilahə ilə bağlıdır. Bu bahar ilahəsi sayılan İstərdir. Bəzən onu gil lövhələrdən İştar kimi də oxuyurlar. Ancaq bu səhvdir. Onun əsil adı bizim sevgi və məhəbbət sözlərinin feil forması olan İstərdir (istəmək-T.A.) və bütün dünyada onu İstər kimi də tanıyırlar. İngiliscə “Easter” yazılıb “İster” kimi də tələffüz edilir”.
Bahar ilahəsi - İstər kimdir?
Tariyel Azərtürkün bildirdiyinə görə, xristianların nəzərində İstər ilahə deyil: “O sadəcə, çarmıxa çəkilmiş İsa peyğəmbərin Yerusəlimdəki mağarada qoyulmuş meyitinin qəfildən göylərə çəkilməsindən sonra istifadəyə girmiş qədim sözdür. Peyğəmbərin “Dirilmə”sinə, “Yenidən doğulma”sına bir növü sinonim kimi işlədilir. Xristianlar peyğəmbərlərinin dirilib həmin mağaradan yoxa çıxması möcüzəsini onun Allahın yanına yüksəlməsi günü kimi bayram edir və həmən günü “İstərin mübarək!” (“Yenidən doğuşun Mübarək!”-T.A.) deyib bir-birini təbrik edirlər. Rusiyada isə həmən gün bildiyiniz kimi, Pasxa bayramı adı altında təntənəli şəkildə qeyd olunur. Amerikada “Resurraction Day” (“Dirilmə günü”-T.A.) kilsələrdə xüsusi vurğulanır. Yəni xristian dünyasında “Easter” (İstər) yenidən doğulma, yenidən dirilmə vaxtı olaraq qəbul edilir. Ancaq qeyd etdiyimiz kimi İstər İsa Peyğəmbərdən də qabaq əcdadlarımız tərəfindən bərabərlik, yəni Baharın gəlişi ilə gecə və gündüzün bərabərləşməsi (ingiliscə “Equinox”-T.A.) günü kimi qeyd edilib. Bununla insanlar Bahara “Xoş gəldin!” deyir, onu salamlayırdılar. Göründüyü kimi, babalarımızın Məhəbbət, Bolluq və Bahar ilahəsi İstər, “Yenidən Doğulma”, “Yenidən Dirilmə” məfhumları ilə, yəni bilvasitə “bərabərlik” kimi təbiət hadisəsi ilə eyni məna yükü daşıyır. Yazın, yəni Yeni ilin “Yenidən doğulmasını” ulularımız xristianlıqdan ən azı 3-4 min il, farslardan isə 2500-3000 il öncə bayram ediblər. Bu fikirlərimin kökü isə əcdadlarımız hesab etdiyimiz şumerlərdən qalan mixi yazılarda yer alıb. Gil yazılarda İstərin məhz bizim Bahar və Bolluq ilahəsi olduğu qəti şəkildə təsdiq olunur. Xristianlıqda ən azı 1500-1700 il əvvələ aid olan mixi yazılarından edilmiş yeni tərcümələr bunu şəksiz sübut edir. Mixi yazılarının yeni oxunuşunda belə bir ifadə var: 
“İstəri (udar)mu nar, Bikə likbi U Ana ki, aşipa maş-maş aradır”
“İstəri udarmı od, Bikə qəzəbi (likbi), Bir Ana ki, hər bayramda ev sahibinə (aşipə) maş-maş və (həm də düyü) arıdır” mənasına gələn bu ifadə birbaşa Bahar bayramı ilə bağlıdır. Düyü, noxud, maş (lobya) arıtmaq, düyünü dibəkdə döyüb, çəltikdən təmizləmək “Axır Çərşənbə”nin və Bahar bayramının ən əsas atributlarıdır. Hər halda bunu heç kim inkar etmir. Ancaq bunların köklərinin bu qədər dərində olduğu barədə yazılı mətnlərdən məhrum idik. Gördüyünüz kimi, mixi yazıları göstərir ki, İstər və ya Bahar bayramı əcdadlarımız hesab etdiyimiz şumerlərdən qalma adətdir”.
Heydər Əliyev: “Novruz təbiətdən, elmi əsaslardan meydana gəlmiş bayramdır”
Qeyd etdiyimiz kimi Novruzu bugünə qədər zərdüşlüklə, atəşpərəstliklə, İslamla, hətta İran şahı Cəmşidin və Nuh peyğəmbərin adı ilə bağlasalar da, bunların heç biri birmənalı şəkildə nə sübut olunub, nə də insanlar tərəfindən qəbul olunub. Hesab edirəm ki, ABŞ-da yaşayan həmyerlimiz Tariyel Azərtürkün irəli sürdüyü yeni nəzəriyyə də birmənalı şəkildə qarşılanmayacaq. Novruzun - daha doğrusu Bahar bayramının şumerlərlə əlaqələndirilməsi yəqin ki, bundan sonra daha geniş şəkildə araşdırılacaq. Ancaq yazının əvvəlində qeyd etdiyimiz kimi Novruz bayramının mənşəyi barədə fərqli nəzəriyyələr mövcud olsa da, bu bayramın yazın gəlişi ilə əlaqədar keçirildiyi heç kimdə şübhə doğurmur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin Novruzla bağlı illər öncə səsləndirdiyi fikirlər maraqlıdır. Novruz bayramının qədim tarixinin olduğunu bildirən Heydər Əliyev deyib ki, bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar: “Amma nə qədər araşdırsalar da, onun, o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bayramdır. Biz gecənin-gündüzün bərabərləşdiyini müşahidə edirik. Yəni bu bayramın, yenə də deyirəm, bəlkə də, dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də, bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir”.
Novruz milli olduğu qədər də bəşəridir
Yazının sonunda bir məqama da toxunaq ki, Novruz bayramının yazın gəlişi ilə əlaqədar keçirildiyi əksəriyyət tərəfindən qəbul edilir və bu barədə ölkələr arasında da ciddi fikir ayrılığı yoxdur. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və bir çox Şərq ölkələrində Novruzu baharın gəlişi kimi qarşılayırlar. Hətta martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib. Azərbaycan xalqı da Novruzu məhz Bahar bayramı kimi qeyd edir və yazın gəlişi ilə bağlayır. Novruz bayramına qədər, yəni gecə və gündüzün bərabərləşdiyi tarixdən əvvələ düşən sonuncu 4 çərşənbə günü də bayram olaraq qeyd olunur. İlaxır çərşənbələr, yəni ilin sonuncu çərşənbələri olaraq qeyd olunan bu bayramlar da birbaşa baharın, yazın gəlişi ilə bağlıdır. Həmin günlərə su, od, yel və torpaq çərşənbələr deyilir. Novruzun ən böyük atributlarından biri hesab olunan səməni də heç şübhəsiz ki, yazın gəlişini simvolizə edir. Təkcə bu məqam onu deməyə əsas verir ki, Novruzu tək bir xalqın, tək bir etnosun milli bayramı kimi tanıtmaq, təbliğ etmək doğru deyildir. Baharın, yazın gəlişini, gecə və gündüzün bərabərləşməsini yalnız farslar, ya da türklər qeyd etməyiblər. Təəssüflə qeyd etməliyik ki, bu bayramı bəzən bilərəkdən, bəzən də bilmədən İran tarixi ilə bağlayırlar. Xüsusilə də, atəşlə bağlı bəzi Novruz mərasimlərini zərdüştlüklə bağlamağa çalışırlar. Lakin məlumdur ki, atəşpərəstlik ilkin inanc forması kimi yalnız farslara məxsus olmayıb. Tanınmış tarixçi-alim Lev Qumilyov bu məsələyə münasibət bildirərək qeyd edir ki, atəşə inamı yalnız zərdüştlüklə əlaqələndirmək həqiqətdən uzaqdır. L.Qumilyov öz əsərlərində yazır ki, farslar atəşə sitayiş edib, onu müqəddəsləşdiriblər: “Türklər isə atəşdən daha çox “istifadə etməyə”, ondan “faydalanmağa” çalışıblar. Məsələn, qədim türklər atəş vasitəsilə şər qüvvələri qovmağa çalışıblar”. Bu baxımdan İlaxır çərşənbələrdə atəşin üzərindən atlamaq heç də atəşə sitayişdən irəli gəlmir. Əslində bu mərasimdə məqsəd atəşdən L.Qumilyovun dediyi kimi, “faydalanmaqdır”.
Mənbə: Zaman Azərbaycan

 

27 fevral 2014
GO BACK