Qadin.NET / Müsəlmanların bu sənəti çox çətin, gözəlmiş...

Müsəlmanların bu sənəti çox çətin, gözəlmiş...

 

Bakıda kurslar çoxdur. Əksər kurslar insanlara dil və elm öyrətməklə məşğul olsalar da, çox az kurslar var ki, onlar insanların dincəlməsinə və əl qabiliyyətlərinin inkişaf etməsinə xidmət edir. Belə kursları tapmaq olduqca çətindir. Bunun da bir səbəbi var; insanların belə kurslara marağı yoxdur.

Bəlkə də boş vaxtlarını daha səmərəli keçirmək üçün pul xərcləmək istəməyən insanlar bu cür məşğuliyyətlərdən uzaq durur. İstənilən halda, əgər maraq və həvəs, eyni zamanda kifayət qədər boş vaxt varsa, bu vaxtı daha səmərəli məşğuliyyətlə keçirmək mümkündür. Hansı ki, bu məşğuliyyət sayəsində insan əsəblərini sakitləşdirir, rahatlanır, əylənir və öyrənir.
Belə kurslardan biri də ebru sənətinin incəliklərini öyrədir. İnsanların çoxu bu sənətin adını eşitsə də, necə bir iş olduğundan xəbərsizdir. Bu təbiidir. Çünki Azərbaycanda arxa planda qalan və unudulmaqda olan sənətlərdən biri məhz ebrudur. Ebru su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adlanır. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrəniblər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. Azərbaycanda isə ebru sənətində adını tanıdan hələ ki, heç bir ebruzən yoxdur.
Həvəskar ebruzən Aytən İsmayilova deyir ki, əslində normal kurs kimi də fəaliyyət göstərmirlər. Çünki maraq azdır. Aya 2 və ya 3 insanı bu kursa cəlb etmək mümkün ola, ya olmaya. Gələnlərin əksəriyyəti isə səbirsizlikdən imtina edirlər. "Ebru üçün səbir və maraq lazımdır ki, o da çox az adamda olur. Bu cür adamlar çox olsa, bu sənət Azərbaycanda da yaşaya bilər" deyən müsahibimiz bildirir ki, hazırda ebrunun ən məhşur olduğu ölkə Türkiyədir. Orda bu sənət o qədər inkişaf edib ki, hətta çəkilən naxışlar müxtəlif kəlağayılar üzərinə köçürülür. "Türkiyədən qayıtdıqdan sonra "niyə də Azərbaycanda olmasın, bizim gənclərimiz də öyrənməsin" dedim və bu işə başladım. Açığını deyim ki, indi heç gənclərin səbri və marağı yoxdur saatlarla boyalarla işləsin, yaşlı insanları məşğuliyyətə necə cəlb edə bilərik? Müraciət edənlər də ya həvəskar rəssam, ya da Rəssamlıq Akademiyasının tələbələri olur. Düşünmürəm ki, insanlar üçün bu maraqsızdır. Sadəcə, onlar vaxtlarını gəzib-əylənməklə keçirir və ebruya vaxt ayırmaq sıxıcı gəlir. İnanıram ki, ömründə bir dəfə əlinə fırça alan insan bu hissin necə gözəl bir hiss olduğunu anlayacaq".
Ebru sənətinin çətinliyininin materialların tapılmasında olduğunu deyən A.İsmayilovanın sözlərinə görə, materialları Türkiyədən gətirtmək daha sərfəli olur, nəinki burdan almaq. Boyaları və fırçaları seçə bilməyənlər isə tez-tez satıcıların fırıldağının qurbanı olur: "Ebru sənəti tamamilə təbii materiallardan hazırlanır. Bu əməliyyat qatılaşdırılmış su üzərində aparılır. Boyalar əsasən torpaqdan hazırlanır. Sonra bu boyalar mərmər üzərində əzilir. Proses təxminən 4-5 saat davam edir. Daha sonra içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də suyun üzərində qalmasına imkan verir. Həmçinin boyalar göy qurşağı kimi bir-birinə qarışmır və onun yapışqanlıq xüsusiyyətini təmin edir. Boyaları qatılaşdırılmış suyun üzərinə özü at quyruğundan, gövdəsi isə gül ağacından hazırlanan fırça vasitəsilə düzürlər. Bu fırçalar əllə düzəldilir. Bu materialları tapmaq elə də asan deyil. Adi boyalar və adi su ilə ebru yaratmaq qeyri-mümkündür" deyən ebruzən xanım iş prosesinin isə əyləncəli və diqqət tələb etdiyini bildirir. Dediyinə görə, əvvəlcə suyun üzərinə kiçik damcılar tökülür. Fırçanın bu şəkildə hazırlanmasının səbəbi odur ki, su üzərindəki ebrunun naxışlarını idarə etmək mümkün olsun. "İşləyən zaman fırça və şəkilə toz qonmamasına diqqət etmək lazımdır. İş tamamlanandan sonra isə xüsusi kağız sudakı rəsmin üzərinə salınır və sürüşdürülərək çıxarılır".
A.İsmayilova deyir ki, ebru sənətinə aid sərgilər və ebru günləri keçirilən zaman o sərgilərə maraq böyük olur. İnsanlar ebru çəkmək, çəkdiklərini özləri ilə aparmaq üçün növbəyə dayanırlar. Amma nədənsə belə günlərdən sonra susqunluq yaranır. Sanki bu qədər insan ebru üçün yığılmayıb.
Günümüzə çatan ən qədim ebru nümunəsi 1447-ci ildə hazırlanıb, İstanbulda, Topqapı sarayında saxlanılır. Osmanlı İmperiyası dövründə ebru üsulu ilə hazırlanan kağızlardan dövlət sənədləri, məktublar üçün istifadə edilib. Kağızın gözəlliyindən başqa digər bir xüsusiyyəti də onu qiymətli edirdi. Hər bir ebru təkrarolunmaz naxış və rənglərdən ibarət olduğundan, belə kağızı və həmçinin sənədi də saxtalaşdırmaq mümkün deyildi. Diplomatik yazışmalar və ticarət əlaqələri vasitəsilə XVII əsrdə ebru sənəti Avropada da tanınmağa başlayıb. Burada ona "türk mərmər kağızı" deyiblər. Bu cür kağızdan kitab çapında və üzləməsində, hədiyyələrin tərtibatında istifadə edilib. Sonralar xüsusilə gözəl alınan ebruları haşiyəyə alıb rəsm əsəri kimi divardan asmağa başlayıblar. Qeyd edək ki, ebru sənəti Türkiyə incəsənətinə məxsusdur.

Mənbə: Ekspress. Az

28 fevral 2014
GO BACK