Qadin.NET / İşıqlandırma qərar qəbul etməyə təsir edir

İşıqlandırma qərar qəbul etməyə təsir edir

 

Otağın işıqlandırılmasından asılı olaraq, insanların qəbul etdiyi qərarların məğzi dəyişə bilər. Bunu amerikalı alimlər sübut ediblər. Onlar bu qənaətə gur işığın insanların emosional vəziyyətinə təsirini öyrənərkən gəliblər. Alimlərin fikrincə, az işıqlandırılmış və ya pəncərələri pərdələrlə örtülmüş otaqda hər şeyi düşünüb qərar qəbul etmək daha yaxşı nəticə verir. Gur (parlaq) süni işıq və ya gün işığı qəfil və emosiyalara söykənən qərarların qəbulu ilə nəticələnir.

Gur işıq həm də insana əzab verən stress və depressiyanı artırır. Alimlərin əvvəlki təcrübələri isə göy rəngin insanın psixikasına müsbət təsir etdiyini göstərib. Gör rəngdə işıqlanma yorğunluq və yuxululuqla mübarizə aparmağa, reaksiyaların sürətlənməsinə kömək edir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, ümumiyyətlə, işıqlanma insanın psixoloji durumuna təsir edir: "Bu səbəbdən də yağışlı və dumanlı günlərdə əksəriyyət insanın əhvalı aşağı düşür, ya da romantik duyğulara qapanırlar. Qışda işıq çatışmazlığı insanlarda yorğunluq və yuxululuq hisslərini də artırır. Bununla mübarizə aparmaq üçün qışda gün işığını kompensasiya etmək lazımdır. Lakin insanların vərdişlərini və həyat tərzini nəzərə alaraq demək olar ki, işıqlandırma əksər hallarda düzgün qurulmur".
İşıqlandırma insana rahatlıq gətirsin deyə yemək yemək üçün nəzərdə tutulan otaqda işıqlanma dərəcəsi 200, fəal fiziki məşğələlər üçün nəzərdə tutulan yerlərdə 300, istirahət üçün ayrılan otaqda 100, qonaq otağında 200, dəhlizdə 100, qarderobda, vanna otağında və ayaq yolunda 200, qiraət üçün nəzərdə tutulan otaqda 30-50 lüks (işıq kitabın üzərinə yönəlməlidir) olmalıdır.
Dizayner Elxan Hüseynovun sözlərinə görə, müasir zamanda müxtəlif quruluşlu və rəngli lampalar satılır: "İndi satışda müxtəlif çalarlarda hər zövqə uyğun lampalar satılır. Təbii rəng ağ sayılır. Bu səbəbdən də ağ rəngdə olan lampaları almaq məsləhətdir. Lakin əksəriyyət ağ rəngdə olan işıqlanmanı sevmir. Belə işıqlandırma çoxlarını qıcıqlandırır. Daha çox sarımtıl işıqlandırmaya adət etmişik. Yaxşı olar ki, hər kəs zövqə uyğun işıqlandırmanı seçsin. İndi lampaların müxtəlif çeşidləri var. Hətta şamın alovunu immitasiya edən lampalar, müxtəlif rəngli işıqlandırma sistemləri, tonqalın közərməsini xatırladan tünd qırmızı işıqlı lampalar, adi gün işığı illüziyasını yaradan lampalar da satılır. İşıqları yanıb-sönən, müxtəlif rəngli işıqlanmaları növbələşən lampalar da var. Lakin bu cür işıqlanma sağlamlığa ziyandır. Belə ki, işıq eyni dərəcədə işıqlandırmalıdır. Uzun müddət işığın yanıb-sönməsi və fərqli rənglərə keçməsi insanın əsəb sisteminə mənfi təsir edir".
E.Hüseynov bildirib ki, işıq həm də titrəməməlidir: "Bu baxımdan da adət etdiyimiz adi işıqlanması olan lampalar daha münasibdir. Yeni çıxan lampaların bəzilərində isə işıq titrəyir" deyən dizayner əlavə edib ki, evdə təbii işıqlandırma çox mühümdür: "Yaxşı olar ki, hər otaqda pəncərə olsun. Vanna və dəhlizə də təbii gün işığı düşsün deyə otaqların arasında pəncərə, şüşədən şəffaf divar və ya qapı qoyulur. Təbii işıqlanmanı heç nə əvəz edə bilməz. Amma yaxşı süni işıqlandırılma da insanın əhavalını yüksəldə, evdə rahat aura yarada bilər".
Evin süni işıqlandırma sistemlərinə asma lampalar, divar şamdanı, gecə lampası, stolüstü lampa, arkaların işıqlandırılması üçün lampalar, dizayna uyğun gözəllik verən xüsusi lampalar daxildir. Müsahibimizin dediyinə görə, hər otağın işıqlandırılması fərqli olmalıdır. Məsələn, iş otağı ilə yataq otağının işıqlanması eyni ola bilməz. Qonaq otağının ölçüsündən asılı alaraq otağın mərkəzində çilçıraq qoyulur. Əgər otaq çox balacadırsa, çilçıraq əvəzinə divara üzüyuxarı baxan lampalar vurulur. Otağın dizaynından asılı olaraq 4-7 lampadan istifadə etmək olar. Bəzək və ya əlavə işıqlandırma üçün yerə hündür lampa da qoymaq olar. Bu lampanın üstünlüyü ondadır ki, onun yerini tez-tez dəyişmək olur. Əgər otağın tavanı hündür deyilsə, divarla tavanın birləşdiyi hissədə asma lampalar qoymaq olar. Bu tavanı daha hündür göstərəcək. "Qiraət otağı və ya əl işləri ilə məşğul olacağınız otaqda asma işıqlandırma sistemlərindən, yerini asanlıqla dəyişə biləcəyiniz yerə qoyulan lampalardan, eləcə də stolüstü lampalardan istifadə etmək olar. Yataq otağında işıqlandırma gur olmamalıdır. Bu otaqda gecə lampalarının və balaca yerüstü lampaların qoyulması romantik ab-hava yaradacaq".
Dizaynerin dediyinə görə, uşaqların otağında işıqlandırılma xüsusilə düzgün olmalıdır. Tavandan yaxşı işıqlandıran lampa asılmalıdır: "Çarpayının üstündə isə işıqlanmanın dərəcəsi tənzimlənən lampa qoyulmalıdır. Bu cür lampanın işığını, misal üçün, gecə azaltmaq, kitab oxuyanda isə artırmaq olar. Uşaqların stolunun üstündə mütləq stolüstü lampalar qoyulmalıdır. Əgər uşaqlar balacadırsa, onları əyləndirmək üçün rəsmli, rəngli və musiqili işıqlandırmadan da istifadə etmək olar. Lakin bu cür işıqlandırmadan müvəqqəti istifadə etmək məsləhətdir". 

Mənbə: Milli.Az

27 fevral 2014
GO BACK