Gartner analitik şirkətinin hesabatına əsasən, 2013-cü ilin dördüncü rübündə qlobal server tədarükünün həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2,6 milyon olub.Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin dördüncü rübündə server bazarının həcmi 13,66 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 6,6% azdır. Hesabat rübündə ən sürətli artım Asiya regionunda qeydə alınıb, burada serverlərin tədarük həcmi 2012-ci ilin dördüncü rübü ilə müqayisədə 16 faiz artıb. Şimali Amerikada müvafiq dövrdə serverlərin tədarük həcmi əvvəlki səviyyəsini saxlayıb.
2013-cü ilin dördüncü rübündə qlobal server bazarının lideri bazara 721 min qurğu tədarük etmiş Hewlett Packard (27.9 faiz) şirkəti olub. Hesabat dövründə şirkət 3,8 milyarddan çox dollar (bazarın 28.1 faizi) qazanıb.
2013-cü ilin dördüncü rübündə serverlərin tədarük həcminə görə liderlər üçlüyünə, həmçinin Dell və IBM şirkətləri daxil olub.
Mənbə: Milli.Az