Samsung şirkəti Barselonada keçirilən Mobile World Congress (MWC) sərgisində səkkiznüvəli Exynos 5 Octa (5422) və altınüvəli Exynos 5 Hexa (5260) mobil prosessorlarını təqdim edib.
Nisbətən köhnə ARM Cortex-A15 və ARM Cortex-A7 çiplərinə əsaslanan yeni çipin hər ikisi 32 bitlik arxitekturaya malikdir və smartfon və planşetlərdə quraşdırılmaq üçün nəzərdə tutulub. Daha güclü və bahalı Exynos 5 Octa bahalı qurğulara, Exynos 5 Hexa isə qiyməti orta səviyyəli məhsullara hesablanıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Exynos 5 Octa texniki xüsusiyyətlərinə görə Galaxy S4 smartfon modelinin təchiz edildiyi əvvəlki səkkiznüvəli Exynos 5 Octa (5410) çipinə yaxındır. Cənubi Koreya istehsalçısının yeni qabaqcıl Galaxy S5 modeli Qualcomm Snapdragon 801 çipi ilə komplektləşdirilsə də, bəzi modellərdə Exynos 5 Octadan istifadə ediləcək. MWC-də nümayiş olunan çip iritutumlu vəzifələrin həlli üçün 4 yüksək məhsuldarlıqlı və yüksək hesablama gücü tələb etməyən (SMS, zənglər, musiqi) gündəlik vəzifələrin həlli üçün 4 zəif nüvəyə malikdir.
Bundan başqa, Exynos 5 Hexa modeli ikisi sürətli (1,7 giqahers) və dördü az enerji sərfiyyatlı altı nüvə ilə təchiz edilib. Bu variant ikinüvəli Exynos çiplərindən təxminən iki dəfə güclüdür. Samsung nümayəndələri bildiriblər ki, hər iki yeni prosessor 2560x1440 piksel təsvir ölçüsünü dəstəkləyir. Həmçinin Exynos 5422 çipli smartfonları 16 meqapikselli kamera ilə təchiz etmək mümkündür. Bu smartfonlar 4K formatlı videonu kənar displeydə göstərə də bilir.
Mənbə: Milli.Az