Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində baş verən son zəlzələlərə münasibət bildirib.Q.Yetirmişli Trend-ə bildirib ki, fevralın 10-da Hacıqabulda baş verən zəlzələ güclü idi. Həmin zəlzələ ölkənin bütün ərazilərində hiss olunmuşdu: "Bunun nəticəsi olaraq gərginlik toplanan digər zəlzələ ocaqlarını oyatmışdı. Lerikdə bu gün baş vermiş zəlzələ də bizim illər boyu Talış zonasında müşahidə etdiyimiz dərinlik qırılması ilə əlaqədar Astara-Lənkəran arası zəlzələ ocaqlarında təkanla bağlı idi. Maqnitudası 4 olan bu zəlzələnin dərinliyi 30 km-dən çox olduğuna görə fəsadlar törətməyib. Həmin ocaqda günortaya kimi 4-5 afterşoklar olub. Artıq həmin yerdə seysmoloji aktivlik fon səviyyəsinə düşür".O deyib ki, digər ərazilərdə seysmoloj aktivlik fon səviyyəsindədir. Ancaq bu, o demək deyil ki, zəlzələlər baş verməyəcək.
Mərkəzin baş direktoru belə təkanların baş verməsini çox normal sayıb.
Mənbə: Milli.Az