ABŞ Mərkəzi Bankının (FED) qızılın qiymətinin ucuzlaşmaqda davam edəcəyinə dair ümidli olmasına baxmayaraq, son 16 ayda azalma olmayıb. Əksinə olaraq, qızılın qiyməti son 16 ay boyunca bahalaşıb. Analitiklər isə bunun səbəblərindən biri kimi, Çin Mərkəzi Bankının qızıl alışı potensialının çoxalmasını göstərirlər. Con Hopkins Universitetinin iqtisadçısı Steve Hanke isə Çin Mərkəzi Bankının qızıl alışı potensialının artması ilə yanaşı, inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarında milli pul vahidlərinin dəyərinin artmasını da qızılın bahalaşmasına təsir edən əsas amillərdən hesab edir.
Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, Dyuk Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə professoru Campbell R.Harvey isə qızılın qiymətinin bahalaşması tendensiyasına səbəb kimi dəyişən iqtisadi şərtləri göstərir. O, külçə qızılın qiymətinin keçən ilin oktyabr ayının sonundan bu yana bahalaşaraq, dörd ayın ən yüksək səviyyəsinə çatmasına baxmayaraq, bunun müvəqqəti olduğunu bildirib. Onun sözlərinə görə, qızılın qiymətinin bahalaşmasının əsl səbəblərindən biri, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında ciddi böhran baş verəcəyinə dair proqnozların olmasıdır: “Hesab edirəm ki, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında müşahidə olunan qarışıqlıq keçicidir”. İnkişaf etməkdə olan ölkələrin iqtisadi göstəricilərinin qızılın qiymətinin bahalaşmasına səbəb olan amillərdən biri olduğunu deyən R. Harvey fikirlərini belə ifadə edib: “İnkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyəri azaldıqca qızılın qiymətləri də aşağı düşəcək. Bu ölkələrdə iqtisadi böyümənin sürətli olmaması bilavasitə qızıl sərmayədarlarının tələbatlarının da azalmasına səbəb olacaq. Bu vəziyyət də qızılın qiymətinin aşağı düşəcəyinə və uzun müddət ucuz olmasına işarədir”.
Dünya Qızıl Şurasının London mərkəzi isə qızıl bazarında tələbatın olması ilə bağlı müsbət fikirdədir. Onlar hesab edirlər ki, qızıla olan tələbat Qərbdən Şərqə dəyişib. Hindistan ilə Çində isə qızıla uzun müddət tələbat olacaq.
Mənbə: Milli.Az