Qadin.NET / Novruz bayramı İslama ziddir?

Novruz bayramı İslama ziddir?

 

Novruz bayramının və bu bayrama qədərki son 4 Çərşənbələrin qeyd edilməsinin nə dərəcədə İslama uyğun olub-olmamasına aydınlıq gətirmək üçün İslam.az ilahiyyatçılara müraciət edib.

 

- Novruz adət-ənənələri İslam dini ilə ziddiyyət təşkil edirmi?
Qasımbəyli məscidinin imam-cüməsi hacı Samir Ağayev:
- İslam dini hər xalqın öz adət-ənənəsinə hörmətlə yanaşır, əlbəttə ki, əgər bu ənənə İslam təfəkkürünə uyğun gəlirsə. Hətta İslamdan qabaq cahil ərəblərdə olan bəzi ənənələr İslam dini tərəfindən bəyənilərək qorunub saxlanıb.
Biz Qurani-Kərimə baxdıqda da bunun şahidi oluruq. Məsələn, ərəblərdə İslamdan əvvəl 4 haram ay var idi. İlin bütün aylarında biri-biri ilə müharibə aparan ərəblər nəhayət öz aralarında razılığa gəlmişdilər ki, Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb aylarında müharibə etməsinlər. Sülhü dəstəkləyən İslam dini gəldikdən sonra bu adət-ənənəni bəyənib saxladı. Çünki bu ənənə İslam təfəkkürü və dünyagörüşü ilə uyğunluq təşkil edirdi. İslam dini də qan tökməyin, müharibənin əleyhinədir.
Novruz adət-ənənələrinə gəlincə, bu, İslamın təbliğ etdiyi əksər dəyərləri özündə ehtiva edir. Məsələn, küsülülərin barışması, evlərin təmizlənməsi, təzə paltarların geyinilməsi, ətirlənmək, böyükləri, qohumları və yaxınları ziyarət etmək və s. bu kimi digər işlər Qurani-Kərimin tövsiyə etdiyi dəyərlərdir.Bütün bu dəyərləri özündə cəmləşdirən bir bayram varsa, İslam onun lehinədir və bəyənir.
Məşədi Dadaş məscidinin axundu hacı Şahin Həsənli
- Ümumiyyətlə Novruz bayramının tarixi haqda tam dəqiq məlumatımız yoxdur. Tarixçilər, tədqiqatçılar Novruz bayramının kökləri ilə bağlı tam dəqiq fikir söyləyə bilmirlər. Lakin bu hamıya məlumdur ki, Novruz İslamdan da qabaqkı dövrlərdə mövcud olmuş qədim bir bayramdır. Novruzun əsas ayinlərinin, adət-ənənələrinin din ilə, İslam ilə heç bir ziddiyyəti yoxdur. İslam dininin yayıldığı coğrafi bölgələrdə xalqların yerli mədəniyyətlərini zənginləşdirib. Dinimiz İslamı qəbul etmiş xalqların adət-ənənələrini özünkiləşdirib və İslam dəyərlərinə uyğunlaşdıraraq qoruyub saxlayıb. Novruz da belə bayramlardan biridir.
Tarixçilər belə güman edirlər ki, Novruz İslam Peyğəmbərindən öncə yaşamış hansısa Peyğəmbərin təlimi ilə bağlıdır. Novruz bayramının Tövhidlə, Allahın birliyi ideyası ilə heç bir ziddiyyəti yoxdur. Təbii ki, bəzi xurafat adət-ənənələr var ki, din onları qəbul etmir. Ümumilikdə, baharın gəlişini, təbiətin oyanışını bayram etməyi, ədaləti tərənnüm edən bir dəyər olan gecə ilə gündüzün bərabər olmasını bayram etməyi İslam qadağan etmir, təbii ki, İslam dininin qayda-qanunları çərçivəsindən çıxmamaq şərti ilə.
- Hədislərdə bu bayram haqda məlumatlar varmı?
Samir Ağayev
- Bəli. Məsələn məşhur bir hədisdə qeyd olunur ki, fars əsilli bir müsəlman İmam Əliyə (ə) şərbət verir. O Həzrət (ə) ondan bunun səbəbini soruşduqda bildirir ki, “Bizdə bu gün Novruz bayramıdır”. Həzrət Əli (ə) “Bu gündə daha nələr edirsiniz?” deyə soruşur. O Novruz adət-ənənələrinə xas olan küsülülərin barışması, evlərin təmizlənməsi, böyüklərin və yaxın qohumların ziyarət edilməsi kimi əməlləri sayandan sonra Həzrət Əli (ə) buyurur ki, “Hər gününüzü Novruz edin” və şərbəti alıb içir.
İmam Sadiqdən (ə) də Novruz bayramı barəsində hədislər var. Bundan başqa Novruz gününün duası və xüsusi namazı var. Hədislərdə “Qədir Xum” bayramaı kimi bir neçə tarixi hadisələrin məhz Novruz bayramı günü baş verdiyi də bildirilir.
Şahin Həsənli
- Novruzla bağlı hədislər kifayət qədər var, lakin hədis alimləri bu hədislərin doğruluğunu şübhə altına alırlar. Bu hədislər sənəd və mənbə nöqteyi-nəzərindən səhih hesab olunmurlar.
- El adətinə əsasən Novruz bayramına qədər Su, Od, Torpaq və Hava Çərşənbələri qeyd olunur. Bunlardan Od Çərşənbəsinin atəşpərəstliklə əlaqəsi varmı? Varsa, bu bidət deyilmi?
Samir Ağayev
- Mənim fikrimcə, Od Çərşənbəsinin atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Əlbəttə ki, bu günlərdə İslama uyğun gəlməyən xurafatlar yolverilməzdir. İslam bunları bəyənmir və tövsiyə də etmir. Tonqal üstündən atlanmaq, yumurta döyüşdürmək və bənzəri əməllərin icrası barəsində İslam dinində heç bir məlumat və tövsiyə yoxdur.
 Şahin Həsənli
- Bu barədə də dəqiq məlumat yoxdur. Yəni dəqiq bilinmir ki, doğrudan da oda sitayiş etmək mənasındadır və ya atəşpərəstikdən qaynaqlanır, yoxsa rəmzi olaraq insanın başına gələ biləcək çətinlikləri, bəlaları, dərdləri yandırması anlamındadır. Hər halda buna etiqad bəsləmək dini baxımdan səhvdir. Bir ayin kimi, bir adət-ənənə kimi qalırsa və insanların inancına təsir qoymursa, insanları mənfi yollara istiqamətləndirmirsə, bu ayinləri, əməlləri sırf adət-ənənə kimi icra etməyin bir eybi yoxdur. Əlbəttə kimlərsə oda etiqad edirsə, bu dini nöqteyi-nəzərdən yolverilməzdir. Lakin Azərbaycanda bu cür əqidədə olan insan yoxdur.
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK