Bu gün Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.Mədəniyyət Mərkəzinin binası önündə qırmızı qərənfillərlə "Xocalıya ədalət" sözləri döşənib, mərkəzin hollunda isə böyük stenddə Xocalı faciəsi haqqında fotosənədlər, masalarda isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni terrorçuluğu və Xocalı soyqırımı haqqında informasiya materiallları təqdim olunub.Trend yazır ki, tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Özbəkistan və Azərbaycanın mədəniyyət xadimləri, bir sıra ölkələrin səfirliklərinin əməkdaşları, tələbə və məktəblilər, KİV təmsilçiləri iştirak ediblər.Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbir iştirakçılarına Xocalı faciəsinin qurbanlarını xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.Səfir qeyd edib ki, fevralın 25-dən 26-na gecə erməni şovinistləri keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini məhv edib, 106 qadın, 83 uşaq və 70 qoca daxil olmaqla 613 mülki şəxsi xüsusi amansızlıqla qətlə yetiriblər: "Xocalı faciəsinin günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar. Bu qorxunc cinayətdə əli olan hər kəs hələlik öz vicdanları qarşısında məsuliyyət daşıyırlar. Gün gələcək və onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər".Tədbirin sonunda Azərbaycan Televiziyasının Xocalı faciəsi haqqında çəkdiyi sənədli film nümayiş etdirilib.Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Mənbə: Milli.Az