Qadin.NET / Soyadın sənədlərdə dəyişilməsi problemi

Soyadın sənədlərdə dəyişilməsi problemi

 

Şəxsiyyət vəsiqəmdə soyadımın dəyişilməsi ilə əlaqədar, digər sənədlərimdə də dəyişiklik etmək zərurəti yaranıb. Soyadımı dəyişərkən çətinlik çəkməyəcəyimi düşünsəm də, hazırda üzləşdiyim vəziyyət yanıldığımı göstərir. Əvvəla, soyad dəyişikliyi ilə bağlı vaxtında müraciət etmədiyim üçün bir neçə dövlət qurumu tərəfindən cərimələnmişəm. Digər tərəfdən, VÖEN-im, sosial sığorta kartım da daxil olmaqla bir sıra sənədlərimin dəyişməsi üçün iki aya yaxındır çalışıram, hələ ki, bir yana çıxa bilməmişəm.

Bu gecikmənin səbəbi isə elektron xidmətlərdən istifadə edərək işimi asanlaşdırmaq istəyimdir. Belə ki, ilk öncə vergi sistemində mövcud olan şəxsi səhifəmə daxil olaraq qeydiyyat məlumatlarımda olan yenilik haqda müvafiq məlumatları 14 saylı Ərazi Vergilər İdarəsinə (ƏVİ) ünvanladım. Qeyd edim ki, bunun mümkünlüyü barədə 195 telefon məlumat mərkəzindən məlumat almışdım. Lakin bir neçə gündən sonra mənə elektron qaydada cavab gəldi ki, yalnışlıq var və qaydalara əməl etməklə yenidən müraciət etməliyəm. Bu dəfə Nərimanov rayonunda yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə (VÖXM) gedərək müraciəti mərkəzin əməkdaşları ilə birgə etdim. Düşündüm ki, hər halda onlar daha peşəkardırlar və müraciəti düzgün etməyimə yardım göstərərlər. Təsadüf elə gətirdi ki, bu günlərdə yolum Şəmkir rayonuna düşdü. Burada yerləşən ƏVİ-yə gedib müraciətimin nəticəsi ilə maraqlandım. Lakin təəssüflə qeyd etməliyəm ki, yenə mənə müraciətin səhv olduğu bildirildi. Ərizə formasında bir sıra məlumatlar xanası boş qalmışdı. Üstəlik, soyadımın həm əvvəlki, həm yenisi qeyd edilmişdi. Bunları isə VÖXM əməkdaşının məsləhəti ilə mərkəzdə etmişdik. Qısası, mən növbəti dəfə ərizə doldurub müraciət etməli oldum.
Soyadımı xarici pasportda da dəyişməli olduğumu nəzərə alsaq, əlavə xərcimin çox olacağı, bu cür problemlərlə hələ çox qarşılaşacağım aydınlaşır. Üstəlik, yaxın aylarda yaşadığım mənzilin qeydiyyata alınacağı gözlənilir və bu zaman mən həm də qeydiyyat ünvanımı dəyişəcəyəm, deməli, eyni prosesləri yenidən keçməli olacağam.
Bütün bunlardan sonra bir sual yaranır: niyə dövlət orqanları öz elektron xidmətlərini Daxili İşlər Nazirliyinin bazasına inteqrasiya etmirlər? Məsələn, elə bir sistem yaradılır ki, mənim soyadım, şəxsiyyət vəsiqəsindəki qeydiyyat məlumatlarım dəyişir, yeni şəxsiyyət vəsiqəsi alıram, bu zaman isə bütün sənədlərim avtomatik dəyişir, mənim yeganə öhdəliyim o sənədləri müvafiq dövlət qurumlarından təhvil almaq olur. Hazırkı halda, özüm şəxsən aidiyyəti dövlət qurumlarının hər birinə ayrı-ayrılıqda müraciət edib dəyişikliklər barədə məlumat verməliyəm. Əgər bunu qanunla müəyyən olunmuş müddət ərzində etməsəm, cərimə olunuram. Üstəlik, yuxarıda qeyd etdiyim kimi problemlərlə üzləşmək ehtimalım da daha yüksəkdir.
Onu da qeyd etmək yerinə düşər ki, əslində Vergilər Nazirliyi dövlət qurumları arasında ən çox elektron xidmət göstərənlərdən bəlkə də birincisidir. Üstəlik, göstərilən xidmətlərin keyfiyyəti də hər zaman razılıqla qarşılanıb. Sadəcə, görünən odur ki, VÖEN-də elektron qaydada soyad dəyişikliyi yeni VÖEN almaqdan daha çətindir. Bunun səbəbləri başqa bir mövzudur. Biz dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyasında olan problemlər haqda yazacağıq.
Ekspert Osman Gündüzün sözlərinə görə, ölkə başçısının bununla bağlı fərmanı da var: “Vətəndaşın fərdi identifikasiya nömrəsi olmalıdır, onunla bağlı bütün məlumatlar həmin nömrədə toplanmalıdır. Lakin dövlət qurumlarının informasiya sistemi inteqrasiya etmədiyi üçün burada ciddi problemlər yaranır. Düşünürəm ki, bu dəqiqə Azərbaycanda elektron hökumətin inkişafını ləngidən amillərdən biri də budur. İndi bizdə elektron xidmətlər, müəyyən informasiya sistemləri hazırlanır, böyük masştabda işlər görülür. Amma bu işlərin çoxu texnolojidir, təşkilati işlərdir. Bunun altında hüquqi-normativ baza olmalıdır. Yəni əgər ad, soyad, digər qeydiyyat məlumatları dəyişirsə, avtomatik olaraq bütün sənədlər dəyişməlidir”.
O.Gündüz qeyd etdi ki, VÖEN-lə bağlı qanunvericilikdə bu barədə heç nə yoxdur. Bu isə məsələyə çətinlik yaradan amillərdəndir: “Belə olan halda, cavabdeh şəxslər də bunu etməyə ehtiyat edirlər. Bir yandan onlara da haqq qazandırmaq lazımdır. Demək istədiyim odur ki, elektron hökumət quruculuğu həm də hüquqi-normativ bazada sürətli dəyişikliklərlə müşayiət olunmalıdır. Məsələn, “ASAN Xidmət” tərəfindən monitorinq aparılmalı, elektron xidmətlərə keçidlə əlaqədar olaraq dəyişilməsi vacib olan hüquqi-normativ sənədlərin siyahısı çıxarılmalıdır və aidiyyatı qurumlar qarşısında bu dəyişikliklərin edilməsi ilə bağlı məsələ qaldırılmalıdır. Eyni zamanda, dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası məsələsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “ASAN Xidmət” səylərini gücləndirməlidir. Elektron xidmətlərə keçid, təşkilati işlər daha sürətlidir, nəinki hüquqi-normativ bazanın yenilənməsi, hazırlanması. Bununla bağlı hökumətdə müzakirələr açılmalıdır. Nazirliklərin, aidiyyatı qurumların toplantısı keçirilib müvafiq tapşırıqlar verilməlidir ki, işlər sürətlənsin”. 

Mənbə: Kaspi.Az

26 fevral 2014
GO BACK