Qadin.NET / "Xocalı faciəsində günahkar olan cinayətkarlar mütləq cəzalandırılacaqlar"

"Xocalı faciəsində günahkar olan cinayətkarlar mütləq cəzalandırılacaqlar"

 

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalı şəhərini zəbt etməsinin və dinc əhaliyə qarşı qətliam törətməsininn 22-ci ildönümünə həsr olunmuş "Xocalıya ədalət" adlı tədbir keçirilib.Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İran rəsmiləri, Tehrandakı diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Tehran, Qəzvin və Məşhəddə təhsil alanAzərbaycandan olan tələbələr, eləcə də Tehranda təhsil alan xarici tələbələrin iştirakı ilə keçirilmiş tədbirin əsas məqsədi Xocalı soyqırımı haqqında məlumatlılıq səviyyəsinin artırılması, "Xocalıya ədalət" kampaniyası çərçivəsində beynəlxalq miqyasda görülən işlər barədə məlumatları daha geniş auditoriyaya, İran xalqına, o cümlədən İranda təhsil alan tələbə və tədqiqatçılara, akademik dairələrə çatdırmaq olub.

Tədbirin əvvəlində Xocalı faciəsi zamanı qətlə yetirilənlərin ruhuna dualar oxunmuş, Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli günü olan Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Sənədli filmdən sonra "Qarabağın son azanı" səsləndirilib.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov qeyd edib ki, Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ilk soyqırımı deyildir. O, XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə də Quba, Şamaxı, Gəncə, Zəngəzur, Naxçıvan və Azərbaycanın bir sıra digər bölgələrində ermənilər tərəfindən dinc müsəlman əhaliyə qarşı oxşar qətliamların törədildiyini xatırladıb. Bununla yanaşı, C.Axundov əminliyini vurğulamışdır ki, Xocalı faciəsində günahkar olan cinayətkarlar mütləq cəzalandırılacaqlar.
Səfir İslam Əməkdaşlıq Təşkilatının, bu təşkilatın Parlament İttifaqının, habelə bir çox dövlətlərin parlamentlərinin ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdilmiş qətliamı Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıdıqlarını diqqətə çatdırıb.
Səfirlik tərəfindən yerli mətbuat və informasiya redaksiyalarına Azərbaycan, fars və ingilis dillərində hazırlanmış mətbuat açıqlaması göndərilib.
Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, bukletlər, habelə, "Xocalıya ədalət" kampaniyasının bukletləri və posterləri paylanıb.Tədbir yerli kütləvi informasiya informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Mənbə: Milli.Az

26 fevral 2014
GO BACK