İnstitutun direktor müavini əlavə edib ki, Azərbaycanın bütün tarixi məsələləri, o cümlədən soyqırımla bağlı sənədləri dünya ölkələrinin - İngiltərə, İran, Rusiya, Almaniya, Fransa, Gürcüstan və s. ölkələrin arxivlərindən əldə ediblər. Bu sənədlər həmin məsələləri yeni şəkildə təqdim etməyə imkan verir: "Tarixi ərazilərimizdə - həm Cənubi, həm də Şimalı Azərbaycanda bizə qarşı ermənilər tərəfindən cinayətlər törədilib. Ermənilər bu cinayətləri təkbaşına etmək gücündə deyillər. 1918-ci ilin soyqırım sifarişini və onun pulunu verən Sovet hökuməti, onun rəhbəri Lenindir. Bu, tarixi sənədlərlə sübuta yetirilən həqiqətdir".
C.Bəhrəmov deyib ki, ermənilər tarixin müxtəlif dövrlərində başqa millətlərə qarşı cinayətlər törədiblər. XX əsrdə isə bu cinayətləri həm azərbaycanlılara, həm türklərə, həm də yəhudilərə qarşı ediblər.
Tarixçi bildirib ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımları araşdırmaq məqsədilə 2010-cu il mayın 26-da AMEA və Baş Prokurorluq tərəfindən birgə elmi-istintaq araşdırma qrupu yaradılıb. İnstitut tərəfindən bu qrupa bir çox elmi sənədlər təqdim edilib: "Bu sahədə tədqiqatlar hələ də davam edir. Ərazi məsələləri və s. ilə bağlı tədqiqatlar mütləq aparılmalıdır. Çünki bizə düşmən olan xalqı bizim torpağımıza köçürüb ona dövlət yaradıblar. Bu, bizim millətimizə qarşı həm hüquqi, həm mənəvi, həm də psixoloji baxımdan qeyri-insani addımdır".
Mənbə: Milli.Az