Azərbaycanlı gimnastlar iki həftə əvvəl Estoniyada olduğu kimi, Macarıstanda keçirilən beynəlxalq turnirdə də 12 medal qazanıblar.Komandanın lideri Marina Durunda yarış proqramında nəzərdə tutulan beş qızıl mükafatın hamısını qazanıb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.M.Durundanın Tartuda (Estoniya) üç dəfə fəxri kürsüyə qalxdığını nəzərə alsaq, bu, fenomenal uğurdur.Üç mümkün yerdən ilk iki yer ölkənin qrup komandasına məxsusdur. Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasilyeva, Aleksandra Platonova,Diana Doman və Aynur Mustafayeva əvvəlcə üç top və iki lentlə, sonra isə gürzlərlə tapşırığı yerinə yetiriblər.Yalnız çoxnövçülükdə qızların aktivliyi azalıb ki, bu da rəqiblərə onları bir bənd qabaqlamaq imkanı verib və onlar ikinci olublar.İndi isə iyunun 13-15-də Bakıda keçiriləcək Avropa çempionatında ən çox mükafat dəsti uğrunda mübarizə aparacaq yeniyetmələrin Budapeşt yarışı haqqında.14 yaşlı bakılı gimnast Jalə Piriyeva halqa və topla tapşırığa, Beyza Dəmirisə (1999-cu il təvəllüdlü) lentlə tapşırığa görə bürünc medal qazanıb. Komanda hesabında gənc idmançılar ikinci yeri tutublar.Milli yığmanın baş məşqçisi Mariana Vasilyevanın fikrincə, onun yetirmələrinə uzun müddət dincəlmək nəsib olmayacaq. Çünki artıq bu həftə Moskvada Qran-pri seriyasından bu ilin ilk turniri start götürəcək. Rusiya paytaxtında M.Durunda (Qran-pri), yuxarı yaş qrupundan olan komanda (beynəlxalq turnir), Beyza Dəmir və Emiliya Bağıyeva, Səbinə və ZeynəbHümmətovalar, Cənnət Məmmədova və Səbinə Əlizadədən (gənclərin Olimpiya Oyunları üzrə təsnifat) ibarət yeniyetmələrin qrup komandası iştirak edəcək.
Mənbə: Milli.Az