Görülən tədbirlərə baxmayaraq, keçidlərdən istifadə edənlərin sayı azdır. Keçidlərdən istifadə mədəniyyəti aşağı səviyyədədir. Misal üçün, Nobel prospektində bir neçə keçid tikilsə də, insanlar onlardan istifadə etməkdənsə, yolu birbaşa keçməyə üstünlük verirlər. Hətta yeraltı keçidlərdən istifadə etməyən insanların ağır yaralanması və həlak olması ilə bağlı gündəlik xəbərlər də effektsizdir.
"Əgər daha təhlükəsiz yol varsa, həyatı riskə atmaq nəyə lazımdır?"
Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı sualın cavabını tapmaq üçün araşdırma aparıb. Yeraltı keçidlərin olduğu bir neçə küçədə müşahidə aparıb.
Müxbir şahid olduğu hadisə barədə belə yazır:
"Yolun kənarında dayanıb müşahidə edirəm. Görürəm ki, təxminən 55 yaşı olan bir kişi yolu keçir. Yaxınlaşıb soruşuram:
- Narahat etdiyim üçün bağışlayın. Yeraltı keçiddən istifadə edə bilməzdinizmi? Axı həyatınızı riskə atırsınız!
- Yeraltı keçidi görmədim. Düşündüm ki, burada keçid yoxdur. Söz verirəm ki, gələn dəfə sizin məsləhətinizə əməl edəcəm".
Sakinlər "Niyə?" sualına fərqli bəhanələr gətirirlər: "Yeraltı keçidi görmədim", "Ora düşməyə həvəs yoxdur", "Eskalator işləmir" və s.
70 yaşlı təqaüdçü Vaqif Məmmədov deyir ki, eskalator işləyəndə həmişə keçiddən istifadə edir.
"Görəndə ki, eskalator işləmir, yolu birbaşa keçirəm. Pilləkənlə düşüb-qalxa bilmirəm. Dərhal təzyiqim qalxır. Qoy eskalatoru düzəltsinlər. İnanmıram ki, parkın administrasiyası bu işlə məşğul ola. Bu eskalator artıq üç gündür ki, işləmir", - yaşlı təqaüdçü deyir.
Yaşını nəzərə alaraq, onu bəlkə də anlamaq olar.
Mənbə: Milli.Az